Cəmiyyət, sosial şəbəkələr, yoxsa qadınların artan sərbəstlik istəyi?
Ailədaxili cinayətlərin kökündə nə dayanır?
Son dövrlər ailə-məişət zəminində baş verən münaqişələrin, cinayətlərin sayı artıb. Əvvəllər nadir hallarda təsadüf olunan bu tip hadisələri nə qədər qəribə səslənsə də artıq adi hal kimi qəbul etməyə başlamışıq. Bəzən heç reaksiya belə göstərmədən sadəcə, səbəb axtarırıq. Ən dəhşətlisi də odur ki, artıq zərif cinsin nümayəndələri də ailədaxili cinayətə əl atır, ailə münaqişəsi zəminində həyat yoldaşlarını müxtəlif vasitələrlə yaralayır, qətlə yetirirlər. Hətta bəzən elə “övladlar” da olur ki, gözünü qırpmadan valideynini öldürür.

Bəs ailə münaqişəsi zəmnində törədilən dəhşətli cinayətlərin sayı niyə artıb? Problemin kökündə duran səbəblər nədir? Bu tip qətllər cəmiyyətə hansı “SOS”u verir?
“İki sahil” olaraq mövzu ilə bağlı sualları cavablandırmaq üçün mütəxəssislərin fikirlərini öyrəndik:
Ailədaxili ağır cinayətlərin artmasının əsas səbəbi gərginliyin artmasıdır
Sosioloq Əhməd Qəşəmoğlu “İki sahil” açıqlamasında bildirdi ki, bu ağrılı mövzu haqqında çox ciddi düşünməyə ehtiyac var: “Əvvəlki illərin statistikası ilə müqayisə etdikdə görürük ki, indi boşanmaların sayı da olduqca yüksəkdir. Bu gün isə hər 100 evlənəndən 32-si boşanma düşür. Əgər 100 evlənəndən 30-u boşanma ilə nəticələnirsə, bu o deməkdir ki, bundan iki qat artıq da evdə gərginlik var. Sadə hesablamalara əsasən deyə bilərik ki, Azərbaycan ailəsinin ən azı 80 faizində gərginlik var. Bu 80 faiz ailədə də yeni nəsil böyüyür. Həmin uşaqlar səhər gözünü açmamış, ata-ana qışqırıqlarının, təhqir və söyüşlərin, məişət zorakılıqlarının şahidi olurlar. Bu, bir tərəfdən də ər və arvadın böyük faciəsidir. Çünki hər kəs arzulayır ki, gözəl bir ailəsi olsun, ailədən böyük zövq alsın, ailə onun gələcək həyatını gözəlləşdirsin. Yəni, evlənəndən bir müddət sonra görəndəki bu arzuları puça çıxır həmin insanın həyatı tamamilə korlanır.”

Həmsöhbətimiz mövcud problemin cəmiyyətə verdiyi “SOS”dan da bəhs etdi: “Yeni nəslin qayğısına qalmalıyıq. Gələcək o xalqındır ki, onun yeni nəsli daha keyfiyyətli böyüyür. 20 ildən sonranı da düşünməliyik. Əks halda, ölkənin gələcək taleyi gərginlik içində böyüyən uşaqların ümidinə qalacaq.”
Sosioloqun sözlərinə görə, zamanında və çevik görülən tədbirlər sayəsində təbii ki, bu problemin həlli mümkündür: “Bəzən problemin mahiyyətini tam anlamayn şəxslər səhvən bu məsələnin həllinin mümkünsüz olduğunu düşünürlər. Həmin şəxslər yanılırlar. Ən mühüm məsələ odur ki, ölkədə bu məsələ ilə bağlı çevik tədbirlər həyata keçirmək lazımdır. Hesab edirəm ki, hər məhəllədə 3 nəfərdən ibarət sosial işçi olmalıdır. Həmin işçilər ərazidə yaşayan ailələri nəzarət altında saxlayır. Ailədə hər hansı problem yaşandığı zaman həmin şəxslər sosial müdafiə təşkilatlarına, hüquqşünaslara, psixoloqlara, hüquq-mühafizə orqanlarına müraciət edir və zəruri tədbirlər görülür, eyni zamanda, maarifləndirmə işi aparırlar. Problemin həllinin geniş yolu dedikdə isə ailədə uşağın düzgün tərbiyəsi, ali təhsili, onun dünyagörüşünün inkişafı üçün addımlar atmağa başlamalıyıq.”

Əhməd Qəşəmoğlu mövcud vəziyyətlə bağlı öz tövsiyələrini də bildirdi: “Ailə ilə bağlı humanitar və sosial siyasəti dəyişməliyik. Bu gün bizim səhvimiz ondadır ki, hamı gözünü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tikib, elə bilirlər ki, bütün problemləri bir tək onlar düzəldə bilər. Həmin qurum icraçı strukturdur. Bu tip problemlərin həlli üçün bizim çox geniş elmi əsaslarla hazırlanmış fəaliyyət proqramımız olmalıdır. Elə bir mexanizmlər işləməliyik ki, ailə öz funksiyasını daha yaxşı yerinə yetirə bilsin.”
Mütəxəssis qeyd etdi ki, davranışa təsir edən 4 mühüm amil var: “Şəxsin özünün xüsusiyyətləri, mühit, informasiya intensivliyi və üstünlük verilən dəyərlər. Məhz bu 4 amilin hesabına davranış formalaşır. Bunların əsasında da fəaliyyət proqramını qurmaq lazımdır.
Ailədə psixoloji böhranlar fiziki zorakılığa gətirib çıxarır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, psixoloq Rövşən Nəcəfov isə mövzunu belə şərh etdi: “Ailədaxili cinayətlərin baş verməsinə gətirib çıxaran müxtəlif səbəblər ifadə etmək olar. Hər bir ailədə problem fərqli təzahür edir. Cinayət hallarının baş verməsinin əsas səbəblərindən biri ailədə müzakirələrin mübahisələrə çevrilməsindən sonra baş verir. Ailədə münasibətlərdə psixoloji uyğunsuzluğun olması ünsiyyət problemlərinə, valideyn-övlad münasibətlərinə, davranış dəyişikliklərinə, depressiyaya, yuxu pozuntusuna, cinsi problemlərə və alkoqol-maddə istifadəsinə şərait yaradır. Məişət zorakılığı, şiddət, cinayət və digər fiziki-psixoloji zorakılıq davranışları erkən nikaha təhrik edilmiş ailələrdə, qohum evliliyində və məcburi evliliklərdə daha çox müşahidə edilir. Ailədə uzun müddət emosional ifadənin boğulması və fərdin ailəyə asosial yanaşması problemlərin yaranması üçün bəhanələr formalaşdırır. Problemlərin maddiyata bağlılığı yoxdur . Maddiyat heç bir cinayətə haqq qazandırmadığı kimi, səbəb də ola bilməz.”

Ailələrin dağılması müsbət hal deyil, amma cinayətlərin baş verməməsi üçün doğru qərardır
R.Nəcəfov xatırlatdı ki, fiziki və psixoloji zorakılıq halları baş verdiyi zaman aidiyyatı dövlət qurumlarına, fəaliyyət göstərən “qaynar-xətt”lərə müraciət etmək lazımdır: “Cinayət faktoru olan bütün hadisələrə hüquqi qiymət verilməlidir. Ailənin bütün üzvləri bilməlidirlər ki, hansısa psixoloji və fiziki zorakılıq hallarında doğmalıq qanundan üstün ola bilməz. Ailədə cinayətin baş verməməsi üçün hər zaman mübahisəsiz müzakirəyə ehtiyac var. Tərəflər üzləşdiyi problemləri həll edə bilməyəndə psixoloqa müraciət etməlidirlər.

Artıq aqressiya idarə olunmaz hala gəlibsə mütləq qanunla tənzimləməlidirlər. Ailələrin dağılması müsbət ifadə olunacaq hal deyil, amma cinayətlərin baş verməməsi üçün doğru qərardır. Ailədə sağlam münasibətlərin formalaşması üçün ailə institutlarının inkişaf etdirilməsi əsas meyardır. Ailə institutunun ana xətti övlad üçün, yəni gələcək üçün sağlam mühitin formalaşdırmaqdır. Biz övladlarımızı sağlam təfəkkürdə böyütməliyik ki, ilk olaraq özünə, sonra isə yaşadığı cəmiyyətə və dövlətə faydalı insan ola bilsin.”
Şiddətlə böyütdüyümüz uşaqlar gələcəyin potensial cinayətkarlarıdır
Müsahibimizin sözlərinə görə, ailədaxili cinayətlərin baş verməsi uşaqlar üçün travmaların yaranmasına səbəb olur. Şiddət görən şiddət göstərəcək, şiddəti öyrənəcək, şiddəti öyrənən də başqalarına da şiddəti öyrədəcək. Şiddətin normal hal olduğunu düşünəcək. Şiddətlə böyütdüyümüz uşaqlar gələcəyin potensial cinayətkarlarıdır. İstər ailədə, istər başqa mühitdə cinayət törətmiş şəxslər psixoloji olaraq posttravmatik stress pozuntusundan (PTSP) əziyyət çəkirlər. Posttravmatik stress pozuntusu (PTSP) fiziki və mənəvi böhranların göstəricisidir.
Biz susduqca…
Psixoloq vurğuladı ki, çalışmalıyıq ki, fiziki və mənəvi böhranlardan uzaq sağlam mühitin yaranmasına öz töfhəmizi verək: “Ətrafımızda baş verən hadisələrə biganə qalmayaq. Qonşuda şiddətin olduğunu müşahidə ediriksə, buna biganə qalmamalıyıq. Biganə qaldığımız hər şey və hər kəs bizim olmasa da, övladlarımızın qarşısına çıxacaq. Bəzən düşünürük ki, başqasının evində baş vermiş cinayət bizdən uzaqdır. Biz susduqca, cinayətə cəm şəkilçisi əlavə etmiş oluruq. Sağlam təfəkkürün formalaşması üçün ətrafımızı fiziki və psixoloji böhranlardan xilas etməliyik.”
Cəmiyyət, sosial şəbəkələr, yoxsa qadınların artan sərbəstlik istəyi?

Psixoloq Aytən Ələkbərova isə “İki sahil”ə açıqlamasında qeyd etdi ki, ailələrdə baş verən cinayətlər bir neçə səbəblər əsasında yaranır: “İlk olaraq, qadınların hüquqlarını həddindən artıq çox tələb etməklə, eləcə də, gender bərabərliyini qabardaraq bəylərə qarşı amansız soyuq silahla göstərdikləri davranışların yaratdığı müharibədən başlayır. Bu gün işə getmək üçün dağılan ailənin daxilində psixoloji zorakılıqların olması bu halın məişət zorakılığına, eləcə də ailədaxili qətllərə çevrilməsinə gətirib çıxarır. Kimi qınayaq: Cəmiyyətimi, sosial şəbəkələrimi, yoxsa gündən-günə inkişaf edən sərbəstlik istəyinimi?”

Psixoloq əlavə etdi ki, bəzən qadınlar ailədaxili münaqişələrə səbəb olaraq qaynana, baldız, eləcə maddi problemləri göstərirlər. Tərəflər arasında münasibətlərin düzgün qurulmaması, onların psixoloji uyuşma olaraq bir-birini anlamaması, aqressiyanın yaranmasına zəmin yaradır. Nəticədə yaranan emosiya və hisslər bu cür cinayətlərin artmasına səbəb olur. Məsələyə hansı prizmadan yanaşsaq görəcəyik ki, əsas səbəb sərbəstliyi üçün mübarizə aparmaq istəyənlərin fikirlərini düzgün çatdıra bilməməsidir.
Tövsiyə edirik ki, ailədaxili qətllərlə bağlı xəbərlər bu qədər ictimailəşdirilməsin
Psixoloq Orxan Orucun sözlərinə görə, insanlar arasında aqressiya, gərginlik artıb. Burada kompleks səbəblər var. Onların içərisində tərbiyə və ailə modelinin dəyişməsi ilə yanaşı sosial şəbəkələrin, dünyaya çıxışımızın artmasının, ətraf-mühitin təsiri var. Yəni, ayrı-ayrı elementlərdə yaranan boşluq və qüsurlar birləşib bu gərgin mənzərini yaradıb.

Həmsöhbətimizin “bəs bu kimi halların qarşısını necə ala bilərik” sualına cavabı belə oldu: “Belə hallar həmişə olub, amma əvvəllər çox ictimailəşmirdi. Zənnimcə, bu problemin həllində kütləvi informasiya vasitələrinin də müəyyən rolu var. Demək olar ki, hər kəs ailədaxili qətllərlə haqqında yazılan müxtəlif xəbərlərlə rastlaşır. Bu tip xəbərlərin ictimailəşməsi bu informasiyanı oxuyan, bununla sosial şəbəkələrdəki hər hansı paylaşımı, videonu görən insanlar üçün həmin hadisələr, davranışlar adiləşir. Adiləşdikcə də gərginliyimiz aqressiyamızı ifadə etmək üçün seçdiyimiz üsullar da qəddarlaşır. Həmin məlumatlar insanlara “get, sən də elə demir” ancaq bu kimi olaylar o qədər primitivləşir ki, növbəti dəfə insanlar gərginliyə düşəndə, psixoloji sarsıntıya məruz qalanda qeyri-iradi şəkildə həmin hadisələri xatırlayırlar və oxuduğu xəbərdəki davranışları özü də etməyə başlayır. Nəticədə cinayətlərin sayı çoxalır. Ona görə də bu tip xəbərləri paylaşmamaq daha doğru olar. Bu zaman hər bir KİV nümayəndəsi, cəmiyyət üzvü, sosial şəbəkə istifadəçisi bu məsələdə məsuliyyətli davranmalıdır.”

