ABŞ səfiri Azərbaycandakı vəziyyətdən niyə narahatdır?
Li Litzenbergerin açıqlamalarına reaksiyalar: “Gürcüstanda vəziyyət bizdən çox fərqlidir? Saakaşvili haradadır? Türmədə deyilmi?”
ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən Demokratiya Sammitinə Azərbaycan və Türkiyənin dəvət olunmaması istiqamətində gedən müzakirələr hələ də səngiməyib. Demokratiya Forumunun iştirakçıları bu və ya digər ölkədə demokratiyanın vəziyyəti nəzərə alınmaqla seçilib.
“Ümid edirik ki, gələcəkdə Azərbaycan da iştirakçılar arasında olacaq, amma bunun üçün əsas azadlıqlar, vətəndaş cəmiyyətinin imkanları, insan hüquqlarına hörmət kimi məsələlərdə müəyyən irəliləyiş olmalıdır”, bu barədə çərşənbə günü keçirilən brifinqdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.
Ermənistanın foruma dəvət olunmasının, Azərbaycanın isə dəvət olunmamasının səbəbi barədə suala cavabda diplomat qeyd edib ki, dəvət müəyyən demokratik islahatların mövcudluğundan asılı idi. Bu, ölkənin bu və ya digər siyasi təşkilata üzvlüyündən asılı deyildi.
“Media haqqında” yeni qanunun qəbul edilməsi forması “məyusluq” doğurur. Qanun layihəsi üzərində iş zamanı sənədin təkmilləşdirilməsi məqsədilə bütün maraqlı tərəflərin fikirləri və ekspertlərin təklifləri nəzərə alınmayıb. ABŞ səfirliyi hökumət rəsmiləri, KİV və jurnalistlərlə sıx əlaqədədir. “Biz narahatlığımızı açıq-aşkar dilə gətirdik. Çox şey bu qanunun təcrübədə necə tətbiq ediləcəyindən asılı olacaq. Hakimiyyət ondan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə etsə, bu, çox məyus edəcək. Amma hakimiyyət qanundan vəd etdiyi kimi – mətbuatın səviyyəsini və jurnalistlərin peşəkarlığını artırmaq üçün istifadə etsə, başqa məsələ”, – deyə səfir bildirib…
REAL-ın icraçı katibi Natiq Cəfərli növbəti sammitə Azərbaycanın dəvət olunacağı barədə ümidli danışdı: “Azərbaycanla Qərb institutlarının, o cümlədən Avropa Birliyinin, Amerika Birləşmiş Ştatlarının kifayət qədər sıx münasibətləri var. Azərbaycanın Demokratiya Forumuna dəvət olunmaması o qədər də bir ciddi məsələ deyil. Amma Ermənistanın orada iştirakı və Azərbaycanın dəvət olunmaması doğrudan da ciddi suallar doğurmuşdu. Hansı ki, Türkiyə NATO ölkəsidir, kifayət qədər institutlaşmış demokratik təsisatları var. Bütün bunlar ciddi suallar doğurmaya bilməz. Mənə elə gəlir ki, Azərbaycanla Qərb institutları, Avropa Birliyi və Qərb arasında son zamanlar intensiv fikir mübadiləsinin olması, ümumiyyətlə, münasibətlərin kifayət qədər yaxşı təməllər üzərində oturuşması bir trendə çevriləcək. Ən azından bu il ərzində Azərbaycanın Avropa Birliyi ilə müqavilə bağlaması da gözlənilir. Bundan sonra şəxsən Azərbaycanın Demokratiya Forumuna dəvət alacağı məndə şübhə doğurmur. Ölkə daxilində ciddi şəkildə institutal islahatlara böyük ehtiyac var. ”Media haqqında” qanun da çoxlu müzakirələr yaratdı. Doğrudur, sonradan bir sıra dəyişikliklər oldu. Amma yeni qanunun bəzi müddəalarına yenə də ehtiyac var. Burada daha bir ciddi məsələ də QHT qanunvericiliyidir. Belə bir təşəbbüsümüz var. Qanun layihələri paketini artıq parlamentə təqdim etmişik. Ümid edirəm ki, yaxın zamanlarda QHT qanunvericiliyinə, QHT-lərin fəaliyyətinin yaxşılaşdırılmasına doğru parlamentdə qanunvericiliyə müsbət və pozitiv dəyişikliklər olacaq ki, bu da Qərblə münasibətlərin daha da yaxşılaşmasında mühüm rol oynayacaq”.

Rəfail Becanov
“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov bir sıra suallar ünvanladı: “Co Baydenin seçkiqabağı kampaniyada verdiyi vədlərdən biri də Demokratiyaya Dəstək Sammiti ilə bağlı olub. Onu da ötən ilin dekabrında icra etdi. Amma forum iştirakçılarının tərkibi çox maraqlı oldu. ABŞ-ın Azərbaycandakı səfirinin dediyi prinsiplər foruma dəvətdə baş vermədi. Yəni səfirin dediyi kimi deyildi. Foruma dəvət edilən ölkələr demokratik dəyərlərə sədaqət və ya demokratiyanın gəlişməsi istiqamətində görülən işlərdən çox, siyasi yanaşma ilə seçildi. Təbii, kimsə iddia etmir ki, dəvət olunan ölkələrin hamısı demokratik prinsiplərə daim və bütövlükdə sədaqətli olmayıb. Amma elə ölkələr dəvət olunmuşdu ki, onların demokratiya anlayışı dəvət olunmayanlardan nəinki çox olmayıb, hətta az olub. Tutaq ki, Cənubi Qafqazdan Ermənistan və Gürcüstan dəvət olunmuşdu, Azərbaycan isə dəvət olunmamışdı. Ermənistanda demokratiya Azərbaycandan çox inkişaf edib? Paşinyan heç də öz sələflərindən geri qalmayıb. Həbslər, tuthatut, repressiya Köçəryan və Sarkisyan rejimindəkindəki vəziyyətlə eyni olub. Yaxud Gürcüstanda vəziyyət bizdən çox fərqlidir? Saakaşvili haradadır? Türmədə deyilmi?
Bu, təkcə bizimlə bağlı yaşansaydı, bəlkə də görməzlikdən gəlmək olardı. Lakin demokratiya sammiti keçirib o tədbirə dünyanın ən demokratik ölkələrindən biri, bəlkə də birincisi sayıla biləcək Türkiyəni dəvət etməmək nədir? Bu, ABŞ-ın və prezident Baydenin siyasi münasibətindən irəli gəlirdi. Türkiyənin demokratik institutlarını (siyasi partiyalar, QHT-lər, media və s.) sammitə dəvət alan Ermənistan, Gürcüstan, Konqo ilə müqayisə etmək mümkündürmü? Təbii ki, yox. Türkiyə bir NATO ölkəsidir. Lakin ABŞ Anqola, Namibiya, Zambiya, Nepal, Panama kimi ölkələri dəvət etdi, Türkiyəni kənarda saxladı.

Li Litzenberger
Mənə görə, ABŞ-ın Azərbaycandakı səfiri cənab Li Litzenbergerin dedikləri həqiqəti əks etdirmir. Sammitə dəvət olunan ölkələr demokratiyaya sadiqlik və ya demokratik prinsiplərin inkişafına görə deyil, siyasi baxımdan seçilmişdi. Demokratiyaya sadiqlik başqa məsələdir.
Təbii ki, bizim kimi müharibənin ağrı-acısını uzun müddət yaşamış ölkələrdə demokratiya ilə bağlı çatışmazlıqlar olur. 30 il Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanıldı. Sülh yolundan imtina etdi. Bəs onda təcavüzkar Ermənistan ABŞ-ın gözündə necə demokratik ölkə olur? Bu faktın özü ABŞ-ın özünün demokratiyaya və insan haqlarına ikili prinsiplərlə yanaşmasının göstəricisidir.

ABŞ səfirinin “Media haqqında” yeni qanuna münasibəti də tələskən münasibətdir. Qanun medianın inkişafına fokuslanıb. Cənab səfir isə deyir ki, hakimiyyət qanundan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə etsə, bu, bizi çox məyus edəcək. Amma hakimiyyət qanundan vəd etdiyi kimi – mətbuatın səviyyəsini və jurnalistlərin peşəkarlığını artırmaq üçün istifadə etsə, başqa məsələ. Qanunun tam gücü ilə tətbiqini gözləyib, nəticəyə qiymət vermək lazımdır. Tələskənlik ikili münasibətin təzahürüdür. Cənab səfir də tələskənliyə yol verib.
Düşünmürəm ki, “Media haqqında” yeni qanun mətbuat azadlığını məhdudlaşdırmağa rəvac verəcək. Əksinə, düşünürəm ki, bu qanun informasiya mühitinin inkişafı və dövlət tərəfindən informasiya təminatının güclənməsinə imkan yaradacaq. Eyni zamanda jurnalistin sosial problemlərinin həllində, jurnalistlərin və bütünlükdə medianın iqtisadi müstəqilliyinin güclənməsində dövlət tərəfindən müəyyən güzəşt və imtiyazlar əldə etməyə yardım edəcək”.

