Ermənistan Antalya Diplomatik Forumuna qatılacaqmı?
Türkiyə Ermənistanı ona görə dəvət edib ki…
Məlum olduğu kimi, 11-13 mart tarixlərində Türkiyənin Antalya şəhərində Diplomatik Forum keçiriləcək. Artıq bu tədbir Türkiyə mediasının və Xarici İşlər nazirliyinin gündəminə oturub. Əsasən də ona görə ki, bu foruma Ermənistan da rəsmi olaraq, dəvət edilib. 2000-dən yuxarı diplomatı, nazirləri, dünyaca tanınmış fikir və siyasət adamlarını əhatəsinə alacaq Diplomatiya Forumuna həm də hazırda aralarında qarşıdurma yaşayan Rusiya və Ukraynanın xarici işlər nazirləri də qatılacaq. Foruma Türkiyə ilə diplomatik böhran içində olan İsrail də dəvət olunub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu mövzu ilə bağlı artıq adları çəkilən ölkələrdəki həmkarlarına müraciət edib. Ermənistan bu müraciətlərə hələ ki yox deməyib. Rəsmi İrəvan bildirib ki, bu foruma qatılmaları 24 fevralda Vyanada keçiriləcək Türkiyə-Ermənistan danışıqlarının gedişindən, nəticələrindən də asılı ola bilər.
Ermənistanın sözügedən foruma dəvət edilməsi Türkiyə tərəfindən münasibətlərin düzəlməsi üçün bir jest də sayıla bilərmi? Ermənistan Antalya Diplomatik Forumuna qatılacaqmı?
Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Sovet İttifaqının dağılmağa başladığı ərəfədə Türkiyə İrəvanla münasibətlərində yeni səhifə açmaq üçün bölgəyə elektrik enerjisi vermişdi, aclıq təhlükəsi ilə üzləşən Ermənistanın bölgələrinə ərzaq yardımı göndərdi, Qərbdən gələn yardımların Türkiyə üzərindən Ermənistana çatdırılmasına şərait yaratdı: “16 dekabr 1991-ci ildə Ermənistanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri də Türkiyə olub. Az sonra proseslərə ABŞ və Fransadaki erməni lobbisinin qatılması ilə Türkiyəyə qarşı saxta ”erməni soyqırımı” iddiaları irəli sürüldü və bu münasibətlərin inkişafının önünü aldı. Ermənistan Kəlbəcəri işğal etdikdən sonra Türkiyə 1993-cü il aprelin 3-də bu ölkə ilə bütün sərhədlərini bağladığını, dəmir yolu və hava əlaqələrini, tranzit ticarət xətlərini kəsdiyini elan etdi və 30 ilə yaxın bu blokadanı saxladı.
![]()
Yeganə Hacıyeva
2008-ci il sentyabrın 6-da prezident Abdulla Gülün İrəvana futbol matçını izləməsi üçün səfərini isə yəqin ki, hamı yaxşı xatırlayır. Bu, bir Türkiyə prezidentinin Ermənistana ilk və sonuncu səfəri idi. Matçdan sonra Prezident sarayında Serj Sərkisyanla görüşən Gül bu danışıqları “konstruktiv və müsbət” adlandırdı. Lakin nəticə heç də müsbət olmadı. Türkiyə və Ermənistan münasibətlərinin normalaşmasında iki həlledici faktor rol oynayır, Moskvanın rolunun Ermənistan üçün əhəmiyyəti və Türkiyənin bu prosesdə Azərbaycanın mövqeyini bütünlüklə nəzərə alması. 2009-cu il aprel ayının 9-da Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan sərhədinin açılmasının qəbul edilməyəcəyi ilə bağlı bəyanat yaydı.
Sürixdə Türkiyə və Ermənistan arasında imzalanan “diplomatik əlaqələrin qurulmasına dair protokol”, “əlaqələrin inkişafı haqqında protokol” isə ölü doğulmuş təşəbbüslər idi və hər iki dövlətin parlamenti bu protokolları ratifikasiya etmədi. Dediyim odur ki, ümumiyyətlə, bu iki ölkə arasında münasibətlərin tam normallaşmasına nə vaxtsa nail oluna biləcəyi bəlli deyil, çünki Ermənistan heç bir halda “erməni soyqırımı”nın tanınması ilə bağlı mövqeyini dəyişmək istəmir. Bunun üçün konstitusiyada bu əsasları ehtiva edən bəndləri aradan qaldırmaq lazımdır, buna görə isə referendum keçirmək vacibdir. Amma Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, iki ölkə arasında uzun müddətdir bağlı olan sərhədlərin açılması hər iki ölkəyə iqtisadi fayda gətirəcək. Bu, Türkiyənin regionda təsirini əhəmiyyətli dərəcədə artıracaq”.
Ekspert hesab edir ki, Türkiyə Ermənistanı Antalya Diplomatik Forumuna dəvət etməklə münasibətlərin qurulmasında maraqlı olduğunu növbəti dəfə nümayiş etdirir: “Ermənistan bu foruma qatılacaq. Amma həm də Türkiyəyə qarşı olan iddalarından da vaz keçməyəcək və elə o tribunadan da bu iddiaları səsləndirəcək.
Ermənistanın dəvət edilməsinə Azərbaycanın mövqeyinə gəlincə, Azərbaycan artıq Türkiyənin Ermənistanla əlaqələrinin qurulmasına əvvəlki mövqeyindən fərqli mövqedədir. Yəni Azərbaycan buna qarşı deyil. 44 günlük Vətən müharibəsindən sonra sərhədlərin bağlanması üçün artıq əsas yoxdur. Əlbəttə, 10 noyabr üçtərəfli bəyannaməsinin Ermənistan tərəfindən icra edilməyən bəndləri hələ də mövcuddur, amma bu məsələlərin icrası ilə Azərbaycan özü məşğul olur və olmalıdır. Sərhədlərin açılması, Türkiyə ilə münasibətlərin qurulması Ermənistanı Türkiyədən iqtisadi cəhətdən asılı vəziyyətə salacaq ki, bu, həm də Azərbaycanın xeyrinədir. Bu, regionda sülhün və təhlükəsizliyin davamlılığına müsbət təsir göstərə bilən məqamlardandır”

