Süni intellekt: İnsan sivilizasiyanın gələcəyi, yoxsa sonu?…
Hazırda bəşəriyyət irimiqyaslı, mürəkkəb və heyrətamiz texnoloji innovasiyaların sürətlə inkişaf etdiyi, süni intellektin həyatımızın müxtəlif sferalarına daxil olduğu böyük bir dəyişikliklər dövrünə qədəm qoyub. Biz artıq özündə buxar mühərriki, elektrik enerjisi, kompüter və internetin ixtirasını ehtiva edən üç sənaye inqilabını geridə qoyaraq, XX əsrin sonlarından etibarən süni intellekt, robotlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexnologiya və kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabı dövründəyik. Bu inqilabın insanlara, şirkətlərə, ölkələrə və bütövlükdə dünyaya nələr vəd etməsi, onun yaratdığı imkanlardan necə istifadə olunması barədə suallar hazırda geniş intellektual müzakirələrin mövzusudur.
Süni zəkanın labüd hegemonluğu
Bu gün dünya düşüncəsini öz üzərinə cəmləmiş süni zəka (SZ) mahiyyət etibarilə canlı orqanizm olmadan düşünmə sistemi – idarəetmə və idarə olunmadır. Əvvəl insan şüurunun süni intellektlə əvəzlənməsi kompüter mühəndisliyi ilə başlamışdısa, bu proses zaman-zaman həm yeni ağıllı kompüter mərhələləri, həm də daha mürəkkəb funksiyalara malik robot texnologiyaları ilə zənginləşdi. Təsadüfi deyil ki, indi qloballaşma mərhələsi kimi xarakterizə olunan dünyada bütün diqqət süni zəkanın tam qələbəsi işinə yönəlib.
Süni zəka ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni zəkanı “maşınları intellektual etmək elmi və mühəndisliyi” adlandırıb. Süni zəka bu gün hər yerdədir. “Amazon” şirkətinin “Alexa”sıdan tutmuş Pilotsuz Uçuş Aparatlarına, kosmik gəmilərə, sağlamlıq xidmətlərinə qədər… Qlobal super süni intellektin (QSSİ) yaradılması isə zaman məsələsidir. Təsadüfi deyildir ki, insanın düşünməyə başlayandan müstəsna xüsusiyyəti saydığı şüur getdikcə öz birinciliyini itirməyə başlayır. İntellektual proseslərin alqoritmləri artıq bəllidir və bu alqoritmlər əsasında qurulan proqramlaşdırma dillərində süni intellekt modulları yaradılır və uğurla tətbiq edilir. Hal-hazırda süni intellektlə yanaşı, insan beyninin rəqəmsal interfeysinin yaradılması üzrə də işlər aparılır. Bu istiqamətdə xüsusən aktiv işləyən Elon Musk işlərin bu templə gedəcəyi təqdirdə ilk insan beyni interfeysinin artıq yaxın 20 ildə hazır ola biləcəyini söyləyir.
ITMO Universitetinin (Dəqiq Mexanika və Optika İnstitutunun) bazasında fəaliyyət göstərən Milli texnoloji “Maşın təhsili və koqnitiv texnologiyalar” təşəbbüs səriştəsi mərkəzinin direktoru Aleksandr Buxanovski yaxın gələcəkdə insanla süni intellektin qarşılıqlı əlaqəsində nələrin baş verəcəyini təsvir edib. Onun fikrincə, artıq 2022-ci ildə neyron şəbəkələrin və insanın birgə işləməsinə imkan verən hibrid sistemlər yaranacaq. Buxanovski qeyd edib ki, belə sistemlər insan və maşının qarşılıqlı əlaqəsində bərabərliyi nəzərdə tutur: “Beləliklə, insan və süni intellekt eyni vaxtda öz güclü tərəflərini göstərə bilər (insan – intuisiyaya görə, süni intellekt isə sürət və şərtsiz yaddaşa görə). Bu ayrı-ayrılıqdan daha yaxşı nəticə əldə etməyə imkan verəcək”.
Yeni ünsiyyət dili
Texnologiya ilə dəyişən insan – postinsan yaratdığı süni intellektlə durmadan inkişaf edir. Kiberbiotexno inqilablar dalğası insanın mexaniki qurğu ilə birləşməsi – “cyborg” yaratmaq tendensiyasını ortaya qoyub (İngilis dilində “cyberneticorganism” sözlərinin qısaldılmış formasından düzəlib. Neil Harbisson ilk rəsmi kiborqdur). Bu və ya digər meqadəyişmələr alimləri süni intellektlə işləyən robotların ünsiyyət vasitəsi məsələsini gündəmə gətirib. Yəni, süni intellektin ünsiyyət dili yarana bilər. Bunun ilk qığılcımları da artıq mövcuddur. Belə ki, “Facebook” şəbəkəsinin süni intellektlə işləyən çat botları öz dillərini yaratmış və danışmışlar. FAIR (“Facebook”un Süni İntellekt Araşdırma Laboratoriyası / Facebook AI Research) tədqiqatçıları tərəfindən yaradılan söhbət botları öz dillərini yaratdıqdan sonra həmin proqram söndürülüb. FAIR-də çalışan elm adamlarının süni intellektə sahib olan çat botların bunu necə etdiklərinə dair hələ ki konkret bir məlumatı yoxdur. Amma süni intellektin nə danışdığını biliblər. Süni intellekt dili fikri daha sürətlə ifadə etməyə hesablanır. “Facebook” çat botları öncə ingilis dilində ünsiyyətdə olsalar da, sonradan sürətli ünsiyyət üçün yeni dil yaradıblar. Süni intellekt dili təbii dillə müqayisədə sintaktik quruluşuna görə sadədir. Yəni fikrin ifadəsində mürəkkəb konstruksiyalı cümlələr nəzərə çarpmayıb. Zəka o qədər güclü olub ki, “arifə bir işarə kifayət edib”. Bir sözlə , süni intellektin öz aralarında yaratdığı ünsiyyət dilinin zamanla təbii dili sıxışdıraraq qlobal dil səviyyəsində yüksələcəyi mümkün görünür. Ümumiyyətlə, insan zəkasının inkişafı göstərir ki, ideyalar, fikirlər təbii dil olmadan da anlaşıla biləcək. Yəni, gələcəkdə təbii dilə ehtiyac qalmayacaq. Belə ki, ünsiyyət modeli (dinləyib-anlama və danışma, oxu-yazı) dəyişdikdən sonra təbii dil tarixə qovuşacaq və informasiya mübadiləsi beyinlə birbaşa əlaqə üsulları ilə həyata keçiriləcək.
Mümkün təhlükələr
İnkişaflarla yanaşı, süni zəka sistemlərinin nə qədər ölümcül ola biləcəyi ilə bağlı dünyada narahatlıq da artmaqdadır. Yəhudi əsilli tarixçi professor Y.N.Harari özünün “XXI əsr üçün 21 dərs” adlı bestsellərində gözlənilən bu qlobal tendensiyanı belə izah edir: “Sənaye, kənd təsərrüfatı və xidmət sektoruna keçiddə maşınlar bizim ən böyük rəqibimizdir. Onlar bu sahədə də bizdən üstün olsalar, papaqdan üçüncü bacarığı çıxara bilməyəcəyik. Sənətdə də eyni vəziyyət yaranıb. Kompüterlər musiqi bəstələyir, filmlər üçün ssenari yazır”.
Alimin sözlərinə görə, XX əsrin sonlarına qədər insan xüsusən iqtisadi və hərbi baxımdan sistem üçün vacib idi. Dövlətlərin müharibə aparmaq və fabriklərdə işlətmək üçün insanlara ehtiyacı var idi. Kimsə müharibədə vuruşurdusa, kimsə də fabrikdə işləməli idi. Bəs insanlar sistem üçün artıq faydalı olmayacaqsa, nə etməli? Biz bunu müasir hərbi əməliyyatlarda görürük. İndi milyonlarla insanı müharibəyə cəlb etmək lazım deyil. İnkişaf etmiş ölkələrdə xüsusi təyinatlı qüvvələr və ya pilotsuz təyyarələri idarə edən elit hərbçilər hazırlanır. Ordu sürətlə texnologiyalaşır. İctimai həyatın digər sahələri də bunun kimi. Yaxın gələcəkdə sürücüsüz avtomobillər taksi sürücülərini işindən məhrum edə bilər. Alqoritmlər həkimləri, birja maklerlərini asanlıqla, həm də yüksək səviyyədə əvəz edə biləcək. Kredit mütəxəssisi olmaq üçün maliyyə təhsili alan tələbə 10 ildən sonra iş tapmaya bilər. 2050-ci ilin əmək bazarını proqnozlaşdıran Harari texnologiyalaşan dünyanın insanlar üçün yaxşı bir şey vəd etmədiyini, eyni zamanda bu prosesi durdurmağın mümkün və məntiqli olmadığını da qeyd edir. Beləliklə, Harari Homo Sapiensin gələcəyi barədə narahatlığını gizlətmir (“Homo Deus – Sabahın qısa tarixi” əsərində bu haqda daha ətraflı yazıb).
Süniləşdirilə bilməyən duyğular
İnsan sadəcə intellektual zəkadan ibarət canlı deyil. İnsan varlığı bədən, duyğu, ruh və intellekt sütunlarının üzərində yüksəlmişdir. İnsan kimi hər nə qədər bioloji və fiziki xüsusiyyətlərimiz önə çıxsa da, həyatımızın ən böyük mənbəyi ruhumuzdur. Ruhun bədəni tərk etməsi ölüm adlanır. Bütün yaşayan insanlar ruha sahibdir. Ruhsuz vücudda intellektin hər hansı bir dəyəri və mənası yoxdur.
Ruhumuzun ən böyük xammalı isə duyğulardır. Duyğular insanlığımızın ən böyük əlamətidir. Duyğular, eyni zamanda, insanın hərəkətverici mexanizmidir. Duyğular sadəcə ruhumuzun deyil, düşüncə (intellekt) və hərəkətlərimizin də keyfiyyətini müəyyən edir. İnsan zəkası sadəcə məlumat mahiyyətli alqoritmik dəyərlərin sistemli düzülüşündən ibarət deyil. Zəkanın bütünlüyünü təyin edən faktorların arasında duyğuların çox vacib yeri var. Gələcək hələ gəlmədiyi üçün bu mövzudakı elmi kəşflərin hara gedib çıxacağını təxmin etmək mümkün deyil. Ancaq fantastika romanlarında bəhs edildiyi kimi, gələcəkdə süni zəkaya sahib robotların insanların üzərində hakimiyyət quracağını düşünmək ağlabatan deyil. İnsan öz intellektinə bənzər süni intellekt yaratma gücünə sahib ola bilər. Ancaq onun duyğuları və bu kompleks duyğulardan ibarət Ruhu yaratmaq gücü inandırıcı deyil. Duyğulara və ruha sahib insan isə ruhsuz və duyğusuz hər cür robot və maşından hər zaman bir addım öndədir.

