Cəmiyyət 

İlaxır çərşənbələr başlayır – fevralın 22-də…

Bu gün – fevralın 19-dan Kiçik çillə də bitir. Bu o deməkdir ki, Kiçik çillə öz yerini Boz aya verəcək və ardınca İlaxır çərşənbələr başlayacaq.

Xatırladaq ki, xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür. Bunlar 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və daha sonra 30 günlük Boz aydır. Təqvimə əsasən Böyük çillə dekabrın 21-dən daxil olur və yanvarın 30-dək davam edir. Kiçik çillə isə yanvarın 31-dən fevralın 19-dək, fevralın 20-dən martın 20-dək Boz ay davam edir.

El arasında Novruz bayramından öncəki 1 ayı əhatə edən dövrə Boz ayla yanaşı, “yazın qırxlı çağı”, “alaçalpo (v)”, “çilləbeçə”lər, “ağlar-gülər ay” da deyilir. Bu ayda havalar bəzən mülayim, bəzən də şaxtalı keçir. Buna görə də el arasında “Boz ay bozara-bozara” keçir deyə bir deyim var.  Boz aya bəzən “Döl ayı” da deyilir. Bu ayda mal-qara, qoyun-keçi bala verməyə başlayır. Ona görə də el arasında Boz ay bərəkətli ay sayılır. Torpaq şumlanır, əkin işlərinə başlanılır.

Boz ayda məlum İlaxır çərşənbələr olur. O da məlumdur ki, Boz aydan əvvəl yalançı çərşənbələr də olub. Belə ki, 7 çərşənbənin olması haqda fikirlər var. Bunların 3-ü “oğru”, yəni “yalançı çərşənbələr”, su, od, yel və torpaq çərşənbələri isə doğru çərşənbələrdir. Ümumiyyətlə isə,  xalqımızın inancında 7 müqəddəs rəqəm hesab olunub. İndi də süfrədə 7 cür nemətlərin qoyulması adəti var. Amma artıq çərşənbələr az qalıb. İndi əsas, aparıcı çərşənbələrin sayı 4-dür. Materialist, eləcə də dini təsəvvürlərə görə, dünyanın yaranmasında əsas 4 ünsür iştirak edib – su, yel, od, torpaq.

Beləliklə, biz dünyanın yaradılmasını bayram edirik. Hər il dəyişib, yeni il gələndə dünya yenilənir, təzələnir. Qədim təsəvvürlərə görə qışda dünya ölür, yazın gəlişi ilə dünya, təbiət yenidən oyanır, bolluq, artım, törəniş yenidən başlayır. Adından da göründüyü kimi, Boz ay çox sərt, soyuq keçir. Təbii ki, dəyişkən aydır, gah duman, çiskin, qar olur, gah da gün çıxır. Yəni hər dəfə bir əlamətlə rastlaşırıq. Ona görə də insanların təsəvvüründə həm də şıltaq ay kimi qalıb.

Qeyd etdiyimiz kimi, gələn həftədən İlaxır çərşənbələr başlayır. Bu çərşənbələr isə müxtəlif mərasim ənənələri ilə zəngindir. Əsas adətlərdən biri ev təmizlənməsi ilə bağlıdır. Bəzi bölgələrdə buna evatdı deyənlər də var. Bu ənənənin əsas mahiyyəti ev-eşik təmizliyi ilə bağlıdır. Lakin bu, adi günlərdə görülən təmizlik deyil. İlaxır çərşənbələrdə, əsasən, üçüncü çərşənbədə həyata keçirilən bu təmizlik mərasimi xarakterlidir. Bunun əsasında inanc durur. Burada aparılan təmizlik, əslində, təzələnmə, yenilənmə xarakterli mərasimi ənənədir. Bu prosesdə ev-eşiyə aid heç nə və heç kəs prosesdən kənarda qala bilməz. Evin paltar-palazı, yorğan-döşəyi, mir-mitili çölə çıxarılır, yuyulan yuyulur, yuyulmayan günə verilir. Həyət-baca təmizlənir, səliqəyə salınır. Bütün bu prosesin əsasında iki mərasimi amil durur.

Çərşənbələr hansı ardıcıllıqla keçirilməlidir?

Birincisi, təmizlik – təzələnmə elə aparılmalıdır ki, həyət-bacanın, ev-eşiyin təmizlənməsi, səliqə-sahmanı, gözəlliyi, bir sözlə, yeni il – Novruz üçün hazır olması dərhal nəzərə çarpsın. Bu məsələdə heç bir əyər-əskiklik ola bilməz. Çünki Novruz bayramı təkcə ilin təzələnməsi deyil, bütünlükdə köhnə ili yaşamış hər kəsin və hər şeyin təzələnməsi deməkdir. İnsanlar öz yaşadıqları məkanı təmizləyib təzələdikləri kimi, ruhlarını da hər cür çirkinliklərdən təmizləyib, yeni ilə yenilənmiş, ruhən, mənən yenidən doğulmuş halda keçirlər.

İkincisi, təmizlik – təzələnmə zamanı köhnə, sınıq, sıradan çıxmış, yararsız nə varsa atılmalı, evdən uzaqlaşdırılmalıdır. Köhnə, yararsız paltar atılır, sınıq qab-qacaq tullanırdı. Təzə pal-paltar ilin hansı dövründə alınmasından asılı olmayaraq, ilaxır çərşənbədə – Novruz ərəfəsində üzə çıxarılırdı. Köhnə, sınıq, yararsız olan evdən atılmalı idi ki, insanlar yeni ilə tam təzələnmiş, yenilənmiş halda keçə bilsinlər. Əgər sınıq, yararsız bir şey evdə qalardısa, bu, yeni ildə uğursuzluğa səbəb olardı. Bütün bunlar aydın şəkildə göstərir ki, ilaxır çərşənbələrlə bağlı ev təmizlənməsi adi günlərdə olan təmizlik olmayıb, öz inanc əsaslarına malik mərasimi ənənədir.

İlaxır çərşənbələrin hər birinin ayrılmaz və əvəzolunmaz atributu tonqal qalamadır. Xüsusilə ilaxır çərşənbədə daha böyük tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Novruz bayramının olmazsa olmaz atributlarından biri də səmənidir. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur.

Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır. Son dövrlərdə satış üçün də səməni hazırlanır və hər bir evdə səməni olmasına yaxşı imkan yaradır.

Səmənini aşağıdakı qaydada hazırlayırlar: buğdanı təmizləyib, suya qoyub 2-3 gün saxlanılır. Bir qədər sonra buğda şişir. Daha sonra buğdanı sudan çıxarıb dəsmalın üstünə sərilir ki, suyu çəkilsin. Suyu çəkildikdən sonra buğda qaba tökülür. Tənzifi suya salıb isladıb buğdanın üstünə sərilir. Tənzif yaş qalmalıdır. Buğda cücərməyə başlayanda tənzif götürülür. Səməninin suyunu elə vermək lazımdır ki, altında su yığılıb qalmasın. Quruluğuna baxıb 2 gündə bir su vermək olar.

Novruz Starts With A Little Bit Of Fun & Folk Traditions - Caspian News

El arasında səməni ilə bağlı hazırda unudulmuş  inanclar da var. Məsələn, qəlbində bir niyyəti olan adam böyük qablara buğda töküb göyərtdirirdi. Sonra cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Xonçaları evə aparmayıb, həyətdə saxlayırdılar. Gecə yatmayıb niyyətin qəbul olması haqqında dua edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, demək, nəzir-niyyət qəbul olunmuşdur.

Axır çərşənbənin əsas adətlərindən biri papaqatdı adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir. Keçmişdə papaq yox, xurcun, torba, qurşaq atılmışdır. Papaq qeyrət, namus, yaylıq abır-həya rəmzidir. Papaq və yaylıq insandan yuxarıda yerləşdiyi üçün Yaradana daha yaxındır. Papağın və yaylığın ayaqlar altına atılması, pay tələb edilməsi, əslində, aşağılıqdır. Qadının baş örpəyi ancaq savaşın, qan tökməyin qarşısı alınarkən araya atılırdı. Evin bacasından xurcun, torba sallamaq, yerə qurşaq sərməklə bağlı qədim adət ölkəmizin müstəmləkə çağlarında papaqla əvəz edilmişdir.

Novruzda həmçinin yumurta boyayırlar. Ağ, göy, yaşıl, qırmızı boyanması dörd fəslin rəmzi, əmin-amanlıq kimi yozulur. Novruzda xüsusi şirniyyatlar bişirirlər – qoğal, şəkərbura, paxlava. Qoğal – Günəşin, şəkərbura – Ayın, paxlava isə – alovun rəmzi sayılır. Əvvəlcədən hazırlanmış  səməni halvası da süfrədə olur…

Daha çox xəbərlər