Cəmiyyət 

Doğulanların sayı azalıb, ölənlərin sayı artıb – Azərbaycan demoqrafik göstəricilər üzrə hansı nöqtədədir?

Demoqrafiya sosial-iqtisadi vəziyyətin göstəricilərindən biridir. Əksər ölkələrdə əhalinin sayı əsasən təbii artımla və nisbətən miqrasiya yolu ilə çoxalır. Azərbaycanda təkuşaqlı ailəyə o qədər də tez-tez rast gəlinmir. Belə ki, gənc ailələrin əksəriyyətində bir qayda olaraq ən azı iki uşaq böyüyür.

Bir sıra ölkələr, xüsusilə Avropa ölkələri demoqrafik problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramları hazırlayırlar. Bu proqramlarda bir çox nüanslar nəzərə alınır: yeni doğulan uşağa yardım, uşaq dünyaya gətirən qadına güzəştlər və s. Bir sıra cənub-şərq ölkələrində isə əksinə, təbii artım  göstəriciləri adətən yüksək olur.

Azərbaycanda miqrasiyanın saldosu 20 ildən çoxdur müsbət olaraq qalır. Səbəblər müxtəlifdir. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində baş verən hadisələr Azərbaycanda əhalinin sayına və tərkibinə ciddi təsir göstərdi. Dolanışıq üçün Rusiyaya, Türkiyəyə və başqa ölkələrə üz tutanların əksəriyyəti bir daha Vətənə qayıtmadı. Böyük şəhərlərə kütləvi köç də öz təsirini göstərdi. 2000-ci illərdə başlayan islahatlarla regionlarda durum nisbətən düzəldi-rayonlarda yeni müəssisələr istifadəyə verildi, iş yerləri açıldı, sosial infrastruktur yaradıldı.

2021-ci ilin göstəricilərinə görə, Azərbaycanda əhalinin 53 faizi şəhərdə, 47 faizi isə kəndlərdə yaşayır. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.Ötən il ölkədə 76 878 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 faiz təşkil edib. Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.

Son 10 ilin doğum və ölüm statistik nəticələrinə görə isə 2011-ci ildə ölkədə doğulanların sayı 176 min 072, vəfat edənlər 53 min 762 nəfər təşkil edib. Təbii artım 122 min 310 nəfər olub.

2021-ci ildə doğulanların sayı 112 min 284, ölənlər 76 min 878 min nəfər, təbii artım cəmi 35 min 348 nəfər təşkil edib. Vəfat edənlərin 40 faizi pensiya yaşına çatmadan dünyasını dəyişib. 10 ildə doğum sayı 54 min azalıb, ölənlərin sayı isə 23 min nəfər artıb. Bu rəqəmlər Azərbaycandakı səhiyyə və sosial sistemin acınacaqlı durumunu göstəricisidirmi?

Qeyd edək ki, BMT Əhali Fondu və İnkişaf Agentliyinin Azərbaycanda əhalinin demoqrafik vəziyyətinə dair hesabatında ölkə üzrə əhali sayının 2045-ci ildə 11 milyona çatacağı proqnozlaşdırılır: “Həmçinin,əhali artımının ötən illər üzrə dinamikasına və artım komponentlərinin vəziyyətinə görə, 2050-ci ilə qədər əhali sayının nəinki 12 milyon nəfəri keçməyəcəyi, hətta həmin illərdən etibarən azalan tendensiya üzrə davam edəcəyi proqnozlaşdırılır”, – deyə sənəddə qeyd edilir.

Əhalinin artımı həm demoqrafik tərəqqi, həm də sosial məsuliyyətdir

Sosial Tədqiqatlar Mərkəzindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirildi ki, statistikada qeyd olunan rəqəmlər 2021-ci il üçün xarakterik demoqrafik vəziyyəti göstərir: “Ümumi mənzərənin təhlili baxımından daha uzun bir dövrə nəzər salmaq faydalı olar. Rəsmi statistikaya əsasən, ölkə əhalisinin doğum, ölüm və təbii artım dinamikası illər üzrə paralel tendensiya göstərir. 2000-ci ildən sonrakı 20 illik dövrdə 2 milyon nəfər (25%) artımla əhali sayı 10 milyon nəfəri ötüb. Yəni 100 il ərzində ölkə əhalisi təqribən 5 dəfə artıb. Şəhər əhalisinin sayında bu artım 10 dəfəyə bərabər olub. Son 100 il ərzində demoqrafik vəziyyətdə müharibələr, deportasiya kimi müxtəlif faktorlar determinant olarkən, müstəqillikdən sonrakı dövrdə ölkə əhalisinin, o cümlədən şəhər əhalisinin artımında əsasən təbii amillər xarakterikdir.

BMT-nin Əhali Fondunun qeyd olunan proqnozu ölkə üzrə nəsilvermə dinamikasının azalmasına, təbii artım tendensiyasının aşağı meylli olmasına, illər üzrə ailə təsərrüfatının sayında artıma baxmayaraq, uşaq sayının azalmasına, beləliklə əhalinin orta yaş həddinin yüksəlməsi və əhalinin yaşlanması göstəricilərinə əsaslanır. Həmin proqnozdan irəli gələrək, ölkə əhalisinin demoqrafik vəziyyətinin müxtəlif göstəricilər üzrə təhlili daha fərqli ssenarilərin mümkün ola biləcəyini göstərir.

BMT-nin Əhali Fondunun hesabatında ailə təsərrüfatının sayının yüksəlməsinə baxmayaraq, uşaq sayının azalması öz əksini tapır. Təbii ki, bu tendensiya geniş ailə modelindən nuklear ailə modelinə keçid çərçivəsində də şərh olunur. Lakin digər tərəfdən rəsmi rəqəmlərə əsasən, əhalinin hər min nəfərinə düşən ailə təsərrüfatı sayına nəzər yetirdikdə, illər üzrə ciddi bir dəyişikliyin qeydə alınmadığını görə bilərik. Həmçinin, ailə təsərrüfatında 4-5 üzvü olan ailələrin çəkisində illər üzrə artım qeydə alınmaqla hazırda bu tərkibdə ailələrin çəkisi 45%-ə bərabərdir. Bu da gələcək inkişafla bağlı müsbət proqnozlara imkan yaradır. Eyni zamanda demoqrafik vəziyyətə əhalinin təbii artımı ilə yanaşı, mexaniki artım da öz təsirini göstərir. Müstəqillikdən sonra miqrasiya saldosunda müsbətə doğru dəyişiklik qeydə alınır.

BMT-nin Əhali Fondunun proqnozunda əsaslandığı digər bir göstərici orta yaş həddinin yüksəlməsi və əhalinin yaşlanması ilə əlaqədardır. Yaşlanma tendensiyasının hazırda dünya əhalisinin göstəricilərinə uyğun olmasına baxmayaraq, səhiyyə, sosial və digər ictimai xidmət sahələrinin inkişafını, tibbin son nailiyyətlərini nəzərə alsaq, orta yaş həddinin yüksəlməsi əhalinin uzunömürlülüyünün artımı ilə izah oluna bilər. Belə ki, ölkədə əhalinin gözlənilən ömür uzunluğunda artım qeydə alınır ki, bu da öz növbəsində orta yaş həddinin yüksəlməsinə gətirib çıxarır. Əhalinin yaş strukturu daxilində 15-64 yaş qrupuna daxil olan seqmentin artması İkinci Dünya müharibəsindən sonra baş verən və 1960-cı illərdə pik həddə çatan əhali artımının (demoqrafik bumun) nəticəsi kimi izah oluna bilər.

Ölüm statistikasında yüksək artım məhz son bir neçə ilə təsadüf edir ki, bu da pandemiya şəraitini və müharibə amilini nəzərə almağı şərtləndirir”.

2004-cü ildə Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”ndan sonra 2012-2013-cü illərə qədər müsbət nəticələr qeydə alınıb. Yeni proqramların qəbulu mümkün mənfi proqnozların qarşısının alınması baxımından məqsədyönlü hesab olunur. Bununla belə, demoqrafik siyasət ümumi daxili siyasətin tərkib hissəsidir. Demoqrafik artım və iqtisadi artım arasında tarazlığın qorunması bu baxımdan mühüm şərt hesab olunur.

Daha çox xəbərlər