Ət bahalaşıb, bəs balığın qiyməti necədir?- Bazardan REPORTAJ, FOTOLAR
Azərbaycanda bir sıra qida məhsulları ilə bərabər ət məhsullarının da qiymətində bahalaşma müşahidə olunur. Belə ki, bəzi qəssablar ətin qiymətini 50 qəpik, bəziləri isə 1 manat artırıblar.
Bəs balıq bazarında vəziyyət necədir?
Musavat.com-un əməkdaşı olaraq balıqların qiymətini öyrənmək üçün bir neçə balıq mağazasına və “8-ci kilometr bazarı”na yollanıb, satıcılarla həmsöhbət olduq. Balıqların qiyməti, müştərinin olub-olmaması ilə maraqlandıq.
Həm bazarda, həm də mağazalarda olduğumuz zaman öyrəndik ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olaraq isə balıqların qiyməti 6 manatdan başlayır.

Balıq məhsulları mağazasında satcılıq edən Habil Əzimov dedi ki, yerli balıqlar xaricdən gələn balıqlara nisbətən ucuzdur:
“Qiymət artımı xaricdən gələn balıqlara təsir edir. Elə müştərilər də daha çox yerli balıqlara üstünlük verirlər. Balıqların qiymətinə gəldikdə isə, yerli balıqların qiyməti 6 manatdan başlayır, 10 manata kimi davam edir. Məsələn, dəniz sazanının qiyməti 9 manatdır. Həmçinin, xanı və belamur balığı da 9 manata satılır. İri forel balığı 15 manatdır, levrək balığı 25 manat, sivriquyruq 42 manat, somon balığı (qızılbalıq) isə 40 manatdır ”.
“8-ci kilometr bazar”ının balıq satılan bölməsində satıcıların bəzisi alıcıların az olmasından şikayətlənirdi. Bəzi müştərilər isə qiymətlərdən narazı idi.

Balıq satışı ilə məşğul olan Vaqif Babayev bunları dedi: “Ətin qiyməti bahadır, amma balıq ona nisbətən ucuz satılır. Bütün bunlara rəğmən yenə də satış zəifdir. Satışda olan dəniz məhsullarının 80%-i yerli məhsullardır. Xaricdən gələn balıqlara tələbat azdır. Satdığımız daha çox sazan və xanı balığıdır ki, onların da qiyməti 6-8 manat arasında dəyişir”.
Başqa satıcı Murad Əliyev söylədi ki, kütüm balığının qiymətində artım var:
“Kütüm balığı 16 manatdır. Əvvəl isə kütüm balığının qiyməti 10-12 manat arası dəyişirdi. Doğrudur, ətin qiyməti bahalaşıb, lakin balıqların qiyməti olduğu kimi qalır. Alıcıların sayı isə getdikcə azalır”.
Satıcılardan biri Hüseyn Məlikov bildirdi ki, balıqların qiyməti ölçüsünə görə dəyişir. Balaca balıq həmişə ucuz olur.
Məsələ ilə bağlı müştərilərin də fikrini öyrəndik. Bəzi müştərilər bildirdilər ki, qiymətdə hiss ediləcək qədər artım görməyiblər.
Bəzi müştərilər isə qiymətdən narazı olduqlarını bildirdilər.
Müştəri Gülşən Dadaşova dedi ki, ətin qiyməti bahalaşıb ona görə də balıq almağa üstünlük verirlər.
“Elə indi forel balığı aldım. Qiymət normaldır. Həm də balığı bu aylarda alıb, istifadə etmək daha doğrudur. Düşünürəm ki, balığın indiki qiyməti onu almağa sərf edir”.

Başqa bir müştəri Zərifə Mustafayeva isə bunları dedi: “Balığın qiyməti əvvəlki illərə nisbətən bahadır. Tək balıq yox, bütün məhsulların qiyməti artıb”.
Bazardan balıq alan Asif İslamov söylədi ki, ən çox forel balığı almağa üstünlük verirlər.
“Kütüm balığı da yaxşıdır, amma qiymət baxımından bazarda bahadır”.
Marketdəki balıq bölmələrində də olduq və gördük ki, burada satılan balıqlar bazardakılardan baha qiymətə qoyulub.
Məsələn, xanı balığı 7 manat 90 qəpik, sazan 9 manat 90 qəpik, kefal balığı 13 manat 80 qəpik, çay foreli 18 manat 70 qəpik, levrək balığı 21 manat 90 qəpik idi.
Marketdə də alıcılar az deyildi və daha çox diri balıqlara üstünlük verirdilər.
Ləman Rüfətqızı
Musavat.com,
Fotolar müəllifindir.








