Cəmiyyət 

Mübariz xalqımın daş yaddaşı…

Əlincə qalasının zirvəsində olarkən qəlbimdən coşan o hərarətli hisslər…

Hər daşı, qayası tarix qoxan, ulu babamın qədim diyarı, keçmişinin izini naxış-naxış qayalarında saxlayan, sirli-sehirli, əzəmətlə, vüqarla Əlincə torpağına məskən salan Əlincəqalam! Duruşuğuna, əzəmətinə uşaq çağlarımdan heyran qalmışam. Azadlıq uğrunda mübarizəmizin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən qalam… Çoxdankı arzum idi sənin məğlubedilməzliyini yaxından görmək, o minillik tarixi özündə yaşadan qayalarına toxunmaq, hiss etmək… Nəhayət, bu günlərdə bu arzuma çatdım. Tarix qoxulu o təmiz havanı ciyərlərimə çəkdim. Qürurlandım ulu keçmişimlə, yalçın qayaların zirvəsində qartalların yuva saldığı əzəmətli qala düşmənə qarşı xalq müqavimətinin simvolu kimi tarixdə öz layiqli yerini tutub.

Qalanı gəzərkən kitab və qəzetlərdən oxuduğum tarix yenidən yaddaşımda təzələndi. Sanki əsrlərin ötəsinə gedib çıxıram… Həqiqətən bu qalanın dünya mədəniyyət tarixində xüsusi yeri və əhəmiyyəti var. Bura mədəniyyətin beşiyi, sivilizasiyanın mərkəzidir. Ən yüksək zirvəndən aşağı baxıram. Fəxarət hissi keçirərək düşünürəm, düşmənə qarşı apardığın mübarizə sənin yenilməz və məğlubedilməzliyindir. Keçmişimizdən bu günümüzə, indiki gənclərimizə və gələcək nəsillərə qəhrəmancasına mübarizə aparmağın, düşmən önündə əyilməzliyin ən möhtəşəm örnəyisən. Əminliklə deyə bilərəm ki, bütün dövrlərində, səni özünə örnək alan xalqım, millətim yenilməz, vüqarlı olduğunu sübut etməyə, qarşılaşdığı düşmənə öz gücünü göstərməyə davam edib.

Bu torpaqda qan tökəndə yağılar,

Düyünləndi Əlincənin qaşı da.

Əsgər oldu, qılınc oldu, ox oldu,

İgidləşdi qayası da, daşı da.

Bilirəm daşsan, qayasan, amma əminəm ki, sən əziz xalqının Vətən, torpaq üçün mübarizəsindən, 44 gün davam edən Vətən müharibəsindən, qısa zaman kəsiyində Azərbaycan ordusunun, igid oğullarımızın düşmənə verdiyi cavabdan xəbərdarsan… Zirvəndə dalğalanan üçrəngli, üzük qaşına bənzəyərək parlayan ay-ulduzlu, mənliyində türk olan, igid qanı ilə al-qırmızı rəngə çalan, yaşıl rənginin hərarətində haqqı, ədaləti, İslamı bəyan edən, vüqarlı bayrağım indi Qarabağımızda, Şuşamızda, 30 illik həsrətində olduğumuz torpaqlarımızda dalğalanır. Düşünürəm sən də hiss edibsən həm sevincimizi, həm də kədərimizi… Bəlkə də yüksək zirvəndən seyr edibsən ətrafındakı kəndlərə şanlı bayrağa bükülü gələn şəhidlərimizi… Əminəm ki, zirvəni daha da ucaltmısan, fəxarətlə qarşılamısan onları. Xalqımız kimi şahidi olduğun bu tarixə sən də qürurlanmısan… Almısan şəhidlərimizin ruhlarını zirvənə qaldırmısan. Beləcə söhbətləşirik 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən, igid oğullarımızın qəhrəmanlıqlarından…

Əzəmətli qalamın qədim tarixinə nəzər salarkən…

Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sağ sahilində və eyniadlı dağın zirvəsində salınan Əlincəqalanın adı haqqında qədim mənbələrdə “Erincaq”, “Erincik”, “Alancik”, “Alınca”, “Alancuq” kimi qeyd olunub. Bir çox tədqiqatçılar bu qalanın adını qədim türk dilində “düzənlik” mənasında işlədilən “alan” sözünə aid edirlər ki, bu da qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə bağlıdır. İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403-1406-cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincəqalanı belə təsvir etmişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir”. Xanəgah kəndinin ağsaqqal və ağbirçəklərinin yaddaşına ilişib qalan ad isə daha maraq doğurur. El arasında deyilənlərə görə qədim zamanlarda qalanın adı “Əlincək”, yəni “əlini çək” kimi yozulub. Bu da qalanın düşmənə yaxşı gözdağı olması, alınmaz və məğlubedilməzliyi ilə bağlıdır. Bir çox mənbələrdə Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlərə rast gəlinir. Bəzi tədqiqatçılar tarixi qaynaqlara əsaslanaraq qalanın tikilməsini təqribən, 2 min il bundan əvvələ aid edirlər. Ən qədim mənbələrimizdən olan “KitabiDədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Bundan başqa, bir çox tarixçilər qalanın yaranması və uzun illər möhkəm istehkam kimi istifadə olunması haqqında məlumat veriblər.

Altı il bundan öncə yeni həyata qovuşan Əlincəqalam…

Ölkəmizin bütün bölgələrində olduğu kimi, muxtar respublikamızda da keçmişin şahidi olan abidələrimizə xüsusi diqqət göstərilir. Bu həm də ümummilli liderimizin tarixi keçmişimizin yaşadılması sahəsində gördüyü işlərin davamıdır. Ulu öndər Heydər Əliyev çıxışlarının birində belə qeyd etmişdir: “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir”.

Qədim tariximizə göstərilən diqqət və ehtiramın nəticəsidir ki, muxtar diyarımızda mövcud olan bütün tarixi abidələr qorunur və mühafizə altına alınır. Bu gün göstərilən qayğı sayəsində bütün tarixi abidələrimizə yeni həyat verilir, daş yaddaşımız əvvəlki vəziyyətinə, görünüşünə qaytarılmaqla yenilənir. Bütün bunlar təkcə görüntü olaraq deyil, tarixi yaddaşımızı, ulu keçmişimizi, milli-mənəvi dəyərlərimizi özümüzə geri qaytarmaq üçündür. Eyni zamanda tariximizin qaranlıq qalan hər bir səhifəsi yenidən vərəqlənir, oxunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanılmış, həmçinin bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmiş, 2014-cü ilin 11 fevral tarixində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamın icrası ilə bağlı burada elmi əsaslarla bərpa işləri aparılmış və 2016-cı ilin 17 iyun tarixində “Əlincəqala” tarixi abidəsinin və muzeyinin açılışı olmuşdur.

Burada yaradılanları görüb heyrətlənməmək mümkün deyil…

Özünəməxsus təbiəti, bu yerlərin əzəmət və mübarizliyinin rəmzi olan Əlincəqala, hər şeydən əvvəl özünün qeyri-adi görünüşü ilə insanı heyrətə gətirir. Yuxarı baxdıqca, o tarixi daş-qayaları izlədikcə sanki ovsunlanırsan… Qalanı gəzdikdən sonra “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə tanış olmaq üçün muzeyə daxil oluruq. Bizi qarşılayan muzeyin direktoru Kamal Gülmalıyev: – Əlincəqala uzun illərdir buraya gələn hər bir qonağı heyrətə gətirir. Qalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qalada qədim bəndi yenidən yaratmaq üçün ətraf kəndlərdən gətirilmiş iri daşlar və bişmiş kərpicdən istifadə edilərək hörülmüşdür. Əlincəqalanın zirvəsinə doğru gedən yoldakı nəhəng daş üzərində “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri əks olunub. Gələn qonaqların çoxu bu yazı qarşısında fotolar çəkdirirlər. Bərpa zamanı Şimal yamacda yarımdairəvi bürcləri olan üç divarın, qərb yamacda isə səkkiz divarın xarabalıqlarının qalması aşkarlanmışdır. Əlincəqala əsasən üç geniş – şimal, şimalqərb və cənub-qərb sahəsindən ibarətdir. Şimal sahəsindən şimal-qərb və cənub-qərb sahələrinə qalxmaq üçün daş pillələr qoyulmuşdur. Qalanın sarsılmaz müdafiə istehkamına çevrilməsinin əsas səbəbi də möhkəm divarları və qayanın sıldırım olmasıdır. Kiçik şəhərciyi xatırladan qalanın yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları hər kəsin diqqətini çəkir. Bir çox mənbələrdə qeyd edilir ki, qala rəislərinin və iri feodalların yaşamış olduğu bu sahə “şah taxtı” adlanır. Eyni zamanda qalada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər döyüşçünü atı və başqa hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün olub.

Onu da bildirim ki, tarixi mənbələrdə qeyd olunur ki, Azərbaycan Atabəyləri–Eldənizlər dövlətinin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdir. Sonralar bir çox hücumlara məruz qalan Əlincəqala XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin hakimiyyəti altında olmuşdur. Əmir Teymur 1386-1401-ci illərdə Əlincəqalaya 4 dəfə yürüş etmiş, qala 14 il mübarizədən sonra ələ keçirilmişdir. 1405-ci ildə Əlincəqala yenidən Cəlairilərin, sonralar isə Qaraqoyunluların hakimiyyətinə keçmiş, uzun müddət Ağqoyunluların, sonralar isə Səfəvilərin hakimiyyətində olan qala feodal çəkişmələri və müharibələr nəticəsində dağıdılmışdır.

Xalqımızın azadlıq uğrunda mübarizəsinin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən bu qala min illərdir, tarix ümmanında yol alanlara mayak olub. Bu gün isə dövlətimizin tarixi keçmişimizə göstərdiyi diqqət və qayğıdan özünə pay alan Əlincəqala o füsunkar əzəmətliliyinə yenidən qovuşub.

Tarix təkcə qədim əlyazmalardan ibarət deyil, hər daşın da öz tarixi vardır. Odur ki, xalqımızın qədim tarixini özündə əks etdirən Əlincəqalanı qorumaq, təbliğ etmək və öyrənmək hər birimizin borcudur.

Səriyyə SALAHOVA,
“Arazın səsi” qəzetinin məsul katibi

Daha çox xəbərlər