Əsas səhifə 

Bəyannamənin bütün bəndlərində Azərbaycanın maraqları qorunur

Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər quran Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu artmaqdadır. Azərbaycan-Rusiya münasibətləri tarixi köklərə malikdir. Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər münasibətlərimizin inkişafında yeni mərhələnin başlanmasında stimulverici amildir. İki qonşu ölkənin əlaqələrinin yüksələn xətlə inkişafında, həmçinin dövlət başçılarının şəxsi münasibətləri, qarşılıqlı yüksək etimad mühiti əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev daim bu reallığı önə çəkir ki, hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərinin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, çox düşünülmüş siyasət apararaq Ermənistan istisna olmaqla bütün qonşuları ilə gözəl münasibətlər qura bilib və dövlətimiz bu əməkdaşlıqdan maksimum faydalanır. Məlumdur ki, müasir dövrdə həm regional təhlükəsizliyin təmin olunması, həm də nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli xeyli dərəcədə qonşularla münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Bu baxımdan əminliklə deyə bilərik ki, qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb. Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır.Lakin onların arasında Moskva Bəyannaməsi xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq.

Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər.

43 maddədən ibarət Bəyannamədə deyilir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında qurur, aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.

Aydındır ki, Rusiya ilə imzalanmış bəyannamə heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik anlamına gəlmir. Ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifkasiya olunub. Bu sənəd iki qardaş ölkə arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirib və ölkəmiz bununla da öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanıb.

Azərbaycan türk dovlətləri ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. Türk dövlətlərini birləşdirən şuranın Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə verdiyi önəmi bir daha təsdiq edir. Bu baxımdan, digər ölkələr ilə bağlanan anlaşmalar Azərbaycanın türk dövlətləri ilə münasibətlərinə hər hansı xələl gətirə bilməz. Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi güc, bacarıq və məharətli diplomatika tələb edir. Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Bütövlükdə, bu gün Moskvada imzalanan sənəd Azərbaycanın Türkiyə və digər türk dovlətləri ilə münasibətlərinə hər hansı xələl gətirməmək, əksinə həmin əlaqələrin daha da güclənməsi fonunda dünyada bütün güc mərkəzləri ilə münasibətləri daha yüksək səviyyəyə çatdırmaqla ölkəmizin milli təhlükəsizliyinin qorunması baxımından vacib idi.

Bundan başqa, ölkələr tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

Bəyannamə Azərbaycan maraqlarının qorunmasına, sərhədlərimizin və ərazi bütövlüyümüzün toxunulmazlığına, dövlət suverenliyimizə kənar müdaxilələrin qarşısının alınmasına, siyasi, iqtisadi, diplomatik, ticari, mədəni əlaqələrin yüksəldilməsinə xidmət edir. Sənəd demək olar ki, Azərbaycan maraqlarının qorunmasına xidmət edən və bu xidməti rəsmiləşdirən akt təəssüratı yaradır. Azərbaycan maraqlarının təmini baxımından Moskva Bəyannaməsini Şuşa Bəyannaməsinin davamı adlandıra bilərik.

Hələ 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanarkən oxşar sənədin Azərbaycanla Rusiya arasında imzalanması da gözlənilirdi. Yəni, bununla bağlı iş 2021-ci ilin əvvəlindən başlayıb. Prezident İlham Əliyev hələ 2021-ci ilin sonu Yeni illə bağlı xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Digər tərəfdən, səfər öncəsi tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi və danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması barədə ilkin informasiyanın yayılması bu səfərin çox öncədən planlaşdırıldığını sübut edir.

Bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlərin daha da inkişafına həm də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm təsir edir. Təsadüfi deyil ki, Prezidentimizi 60 illik yubileyi ilə təbrik edən Prezident Vladimir Putin xüsusi olaraq vurğulamışdı ki, İlham Əliyevin əsas məqsədi xalqının, ölkəsinin yaxşı yaşamasıdır və buna çalışır, onunla mühüm məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə razılığa gəlirsənsə, tam əmin ola bilərsən ki, vəd yerinə yetiriləcək. Əlbəttə, dövlət başçıları arasında bu cür səmimi və etibarlı münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və firavan şəraitdə rahat yaşaması üçün zəruridir. Bu baxımdan da Moskva Bəyannaməsinin əhəmiyyətini yüksək qiymətləndirmək olar”.

Bəyannamədə qeyd olunan məsələlər arasında Azərbaycan-Rusiya-Ermənistan liderlərinin imzaladığı üçtərəfli sazişlərin icra olunması, kommunikasiyaların açılmasına Rusiyanın birmənalı dəstəyi kimi müddəalar da yer alıb. Əsas odur ki, Bəyannamənin bütün bəndlərində Azərbaycanın milli maraqları qorunur. Rusiya və Azərbaycan arasında imzalanan həmin sənəd diplomatiyamızın növbəti böyük uğuru və qələbəsidir”. Bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik.

Səidə Rəhimova,
Ramiz Qasımov adına 216 nömrəli məktəbin direktoru

Daha çox xəbərlər