Siyasət 

Azərbaycanlıların gözündə Rusiyaya qəzəb, rus dilinə sevgi – səbəb nədir?

Rusiyanın Azərbaycan ictimai rəyində reputasiyası heç də yaxşı deyil. Moskvadan gələn istənilən addım ölkədə xoş qarşılanmır. Hər zaman Kremlin Bakı ilə bağlı açıqlamaları, addımları həmlə kimi, işğal siyasəti olaraq qiymətləndirilir. Təbii, bu ictimai rəyin formalaşmasında təbliğat da öz rolunu oynamaqdadır. Lakin tarixi reallıqlar daha çox cəmiyyətə belə düşünməyə əsas verir:

20 Yanvar qırğını, Xocalıda 366-cı alayın törətdiyi cinayətlər, zaman-zaman təzyiqlər, rus sülhməramlılarının Qarabağda ermənilərə hamilik etməsi… Nəhayət, sonuncu – müttəfiqlik bəyannaməsini də Rusiyanın Azərbaycanı öz orbitinə bir qədər də yaxınlaşdırması kimi dəyərləndirir. Ancaq paralel olaraq biz insanlarda rus dilinə həvəs, övladlarını rus bölmələrində oxutmaq istəyində görürük. Cəmiyyət rus siyasətini pisləyir, amma onun dilini öyrənməyə üstünlük verir. Azərbaycanlıların Rusiya ilə bağlı mövqeyi niyə ikilidir? Rusiyaya nifrətimiz hazırkı situasiyada adekvatdırmı?

“Yeni Müsavat” bildirir ki, Qərb və İranın ölkəmizdəki təsir agentləri də bu məsələdə aktivdirlər. Onlar sosial şəbəkələrdə sistemli təbliğat aparır, Rusiyanın düşmən, qorxunc imicini yaradırlar. Qərbə və İrana Azərbaycanın Rusiya ilə normal münasibət qurması əsla sərf etmir. Axı Rusiya Azərbaycana hücum da etmir, ərazilərimizi ilhaq eləmir, son illər iki ölkə arasında qarşılıqlı anlaşmalar var. Bəs bu yanaşmanın, nifrətin səbəbi nədir? Faktiki olaraq, Rusiya postsovet məkanında bir çox ölkələrlə münasibətlərdə gərginlik yaşadığı zamanda Azərbaycanla son dərəcə isti əlaqələr var. Həmçinin işğal edilmiş ərazilərin azad olunmasında Rusiya qarşımıza maneə kimi çıxmadı. O zaman bu rusofobiya haradan qaynaqlanır? Nə üçün Rusiya ictimai rəydə özü haqda müsbət xal qazana bilmir?

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə: “Bu imici dəyişmək üçün Moskva özü müsbət addımlar atmalıdır”

AMİP sədri Arzuxan Əlizadə bunun günahını Rusiya siyasətində görür. Partiya sədrinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın etdikləri insanlığın yaddaşından silinməyib: “Rusiya hər zaman Qarabağ problemini yaradan, 30 il çözməyə imkan verməyən əsas dövlət olaraq görülüb. Bu gün də rus sülhməramlılarının Qarabağın ermənilər yaşayan hissəsində onlara havadarlıq etməsi cəmiyyətin fikirlərini gücləndirib. Ona görə Azərbaycan ictimaiyyətinin Rusiyaya münasibəti yaxşı ola bilməz. Bizim hələ də o ərazilərə ayaq basa bilməməyimiz, Rusiyanın Qarabağda separatçıları himayə etməsi təbii ki, böyük nifrətə səbəb olur. Eyni zamanda oxşar separatizmi Ukraynada, Gürcüstanda dəstəkləyir. Yəni Luqansk, Donetsk, Abxaziya və Cənubi Osetiyanın müstəqil respublikalar kimi tanınması cəmiyyətdə Kremlə heç də xoş münasibət formalaşdıra bilməz”.

A.Əlizadənin fikrincə, azərbaycanlıların siyasətini bəyənmədiyi rusun dilində övladlarına təhsil vermək istəyi dünyada analoqu olmayan məsələdir: “Burada bir sıra səbəblər göstərmək olar – həm Rusiyanın qonşu ölkə kimi təsirləri, həm azərbaycanlıların orada işləməsi… Ancaq cəmiyyətin Rusiya dövlətinə baxışı yaxşı deyil. Bunu dəyişmək üçün Moskva özü müsbət addımlar atmalıdır, bölgədə problemlərin həllinə dəstək verməlidir ki, azərbaycanlıların gözündə Rusiya haqda müsbət imic formalaşsın”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev: “Qərb sektorunun apardığı təbliğat işinin də təsirlərini görmək lazımdır”

ALDP sədri Fuad Əliyevin fikrincə, Rusiyadan daha çox ABŞ işğal siyasəti yürüdüb: “Əfqanıstanı 20 il məhv etdi, İraqda qan su yerinə axdı, minlərlə insan həyatını itirdi, Ukraynanı NATO-ya üzv etmədilər, əvəzində qonşusu ilə bəlaya saldılar, ”ərəb baharı” ilə Suriyanı, Liviyanı viran qoydular. Amma amerikalıların etdikləri heç kəsin gözündə imperializm siyasəti kimi görülmür, adını demokratiya uğrunda mübarizə qoyurlar. Zənnimcə, Rusiya indi özü Azərbaycan cəmiyyətinin rəğbətini qazanmaq üçün çalışmalıdır. Əgər Qarabağ məsələsində tamamilə bütün bəndlər icra edilsə, 10 noyabr sənədi yerinə yetirilsə, sərhədlər tanınsa, regionda nəqliyyat xətləri işə düşsə, Rusiyanın imici yüksələcək. Bundan əlavə, azərbaycanlılar bu ölkədə çörək qazanır, ölkəyə kapital gətirir və Rusiya dövləti onlara heç bir problem yaratmır, qarşısını kəsmir. Ona görə Qərb sektorunun apardığı təbliğat işinin də burada təsirlərini görmək lazımdır”.

Daha çox xəbərlər