Şəhidlər Xiyabanındakı 5 yaşlı qızcığazın naməlum məzarına and olsun…
30 il keçdi! Amma yaralarımız hələ də incidir, sızıldayır, çünki bu cinayət bir ailə, ya bir elə qarşı deyildi, bütövlükdə soyumuza qarşı törədilmişdi, düşmən kökümüzü kəsmək istəyirdi. Əks təqdirsə, körpələrdən qocalaradək hamını məhv etməzdilər, insanlığa qarşı bunca dəhşətli əməllərə imza atmazdılar. Bunu erməni faşizmi etdi, kimsə etməzdi…
Bir daha xatırladaq o dəhşətli hadisələri…
1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər…

Rəsmi statistika belədir:
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhərsə yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü…
Bütün bunlar dünyanın gözü qarşısında baş verdi və dünyanın heç bir ölkəsi, heç bir təşkilatı erməni faşizmini durdurmaq üçün hərəkətə keçmədi, müharibə cinayətləri törədən Ermənistanı sözdə belə, qınamadılar. Bu günlərdə Rusiya-Ukrayna cəbhəsindən həyəcanlı xəbərləri izləyib, üzülürük, həm dost ölkəyə, həm oradakı soydaşlarımıza görə narahatıq. Dünyanın da narahatlığı var. Amma bu da var ki, rus ordusu qarşısına çıxan ukraynalıları məhv etmir, müqavimət göstərməyənlərə silah qaldırmır, raket zərbələrilə bağlı istisnalar olsa da…Erməni ordusu isə 30 il əvvəl günahsız azərbaycanlıların ölülərini belə, təhqir edirdi…Bu gün dünyanın nifrətini qazanmış rus ordusunun tankları qarşısına çıxan mülki obyektləri darmadağın etmirlər, amma erməni caniləri Xocalı, 366-cı motoatıcı alayın köməyi ilə elə bir vəhşət törətdilər ki…Nə olsun? Dünya susdu. Baxmayaraq ki, nə baş verdiyini çox yaxşı anlayırdılar, görürdülər, cəmi 4 aydır müstəqilliyini əldə etmiş Azərbaycanın faciəsinə göz yumdu. Biz o vaxtdan “Xocalıya ədalət” axtarırıq və müharibə dəhşətlərindən əzab çəkən hər kəsi, suriyalını da, liviyalını da, ukraynalını da çox yaxşı anlayırıq.

Ermənistan 30 illik işğal dönəmində Şuşa və Laçın müəyyən qədər istisna olmaqla, Qarabağ və Şərqi Zəngəzurdakı yaşayış məskənlərini demək olar ki, yer üzündən sildi. Amma bu məhvetmə əməliyyatı Xocalıdan başladı. Düzdür, ondan əvvəl də Malıbəyli və digər ərazilərimizdə soyqırımlar törədilmişdi, amma Xocalı dəhşətləri müqayisəolunmazdır. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrildi. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
O müdhiş gecəyədək Azərbaycan bütün imkanlarını səfərbər edib Xocalı şəhərini yenidən qururdu, məskunlaşma davam edirdi, qaçqın-köçkünlər yerləşirdi, yeni evlər ermənilərə göz dağı idi. Düşmən bəşəri cinayət törətməklə, soyqırıma əl atmaqla kifayətlənmədi, evlərimizi də yer üzündən sildi, bizə görk olsun deyə! Sonralar cani Serj Sərkisyan da Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində həyasızcasına etiraf edəcəkdi. Sitat: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”.
Təsəvvür edin, insanlığa qarşı dəhşətli cinayətlər törədən və bunu etiraf edən əliqanlı birisi indiyədək azadlıqdadır, dünyanın gözünün qarşısında!
Düzdür, o zaman Azərbaycan informasiya blokadasındaydı, erməni təbliğat maşını sərbəst şəkildə meydan sulayırdı. Amma bu o demək deyildi ki, dünya xəbərsiz idi, yox, əksinə, beynəlxalq media orqanları da erməni faşizminin törətdiyi dəhşətləri tirajlayırdı.
Tarix naminə xatırladaq bəzilərini, həm də birilərini utandırmaq üçün:
Krua l’Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu.”
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.”
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.”
Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lentə alan Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.”
“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.”
“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.”
R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” və s.
Demək, dünya görürdü, oxuyurdu, amma adekvat münasibət verilmədi, insanlarımızın faciəsinə, körpələrimizin göz yaşına biganə qaldılar. Erməni cəlladları tərəfindən öldürülmüş ananın döşündən süd əmməyə çalışan körpənin ah-naləsi onların qulaqlarına çatmadı, heç olmasa humanitar adı altında bayağı dəstək belə vermədilər.

Azərbaycan dövlətini Xocalı soyqırımı ilə çökdürmək, xalqını sındırmaq, torpaqlarını tikə-parça etmək istəyirdilər heç şübhəsiz. Elə Şuşa kimi qalanın, Laçının, digər rayon və şəhərlərimizin ardıcıl işğalının da əsası Xocalıda qoyuldu, millətin ruhuna qəsd edildi. Amma çox şükürlər olsun ki, sınmadıq, yenilmədik, yenidən dirçəldik dövlət və millət olaraq, toparlandıq, böyük zəfər qazandıq. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir Yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Bu gün hələlik Rusiya sülhməramlılarının təsir zonasında olan Xocalıya gedə bilmirik. Amma əminik ki, bu, müqəddəs ziyarət tezliklə reallaşacaq, günahsız insanlarımızın qanı ilə suvarılmış qan qoculu Xocalımıza qovuşacağıq! Bunu düşmən də bilir, dost da…

Ona da əminliyimiz var ki, Qarabağa, Şuşaya bayrağımızı sancdığımız kimi, döyüş meydanında zəfər qazandığımız kimi, günün birində Xocalı canilərinin də Beynəlxalq Tribunal qarşısında dayanmasına nail olacağıq! Bu günlərdə Azərbaycan Hərbi Prokurorluğundan bildirildi ki, Röbert Köçəryan və Serj Sərkisyan cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər. Artıq onların toxunulmazlıq immuniteti də qalmayıb və hakimiyyəti yenidən qəsb etməklə, özlərini xilas imkanları da mövcud deyil. 44 günlük müharibədə siçan kimi gizlənən bu canilər bir gün ədalət mühakiməsində cavab verməli olacaqlar, şübhəmiz yoxdur.
Azərbaycan dövləti mümkünsüz sayılanları reallaşdırdı bu illərdə. Ermənistan vaxtilə bir kəndi belə, qaytarmaqdan imtina etdiyi halda, bu gün Zəngəzur dəhlizi ilə bağlı anlaşmaya hazır olduğunu bəyan edirsə, günün birində Xocalı qatillərinin təhvil verilməsi istiqamətində də məcburi addımlar ata bilər. Hər halda, Bakıda bir çox erməni terrorçular saxlanılır, Köçəryan-Sərkisyan cütlüyünün ortaqları, unutmasınlar.
Ötən 30 il ərzində Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.
26 fevral Xocalı Soyqırımı Günüdür. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyən mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. 25 fevral 1997-ci il tarixli Prezident sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. 26 fevral 2017-ci il tarixində XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş yürüşdə 40 mindən çox insan iştirak edib.
Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa,Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Njdenin varislərinin törətdiyi bəşəri cinayətə elə bəşəriyyət tərəfindən lazımi cavab verilməlidir ki, bu, dərs olsun.

Ermənilərin törətdiyi cinayətlər saysız-hesabsızdır. Elə bu günlərdə Xocavənd ərazisində kütləvi məzarlıqlar aşkarlandı, erməni cəlladlarının Birinci Qarabağ müharibəsində qətlə yetirdiyi insanlarımızın sümükləri…Bəlkə Xocalıda itkin düşən 150 nəfərdən də kimlərsə var o məzarlıqda. 4 minə yaxın günahsız insanımızdan xəbər-ətər yoxdur, dünya yenə də Ermənistanın yaxasından tutub hesab istəmir, əksinə, erməni canilərinin Bakıda mühakiməsinə görə yersiz iddialar söyləyirlər…
Ruhdan düşmək yox, sonadək yola davam! Biz dünyanın ədalətsizliyinin hər üzünü gördük, hətta dövlət başçısı da etiraf etdi ki, vaxtilə dünyanın ədalətinə inanırmış. Amma yenə də “Xocalı ya ədalət” deyirik, ədalət əldə edincə, mübarizə, informasiya savaşı, təbliğat davam edəcək! Şəhidlər Xiyabanında 5 yaşlı xocalılı qızcığazın naməlum məzarına and içək ki, bu işdə hər birimiz əlimizdən gələni edəcəyik. Bax, onda yenilməz olacağıq, tarix boyu! O günahsız körpənin məzarı rəsmi dövlət protokoluna salınmalı, ölkəmizə gələn qonaqlar öncə o məzara aparılmalıdır, məncə…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”, deyib. Amma onu da bildirib ki, biz ermənilərin törətdiyi cinayətləri heç vaxt unutmamalıyıq! Bəli, biz qisas hissi ilə yaşayan toplum deyilik, bəşəri hisslər həyatımıza, taleyimizə hakimdir. Ancaq keçmişi unutsaq, gələcəkdə növbəti fəlakətlərə düçar ola bilərik. Xocalı əmanəti!
Elşad Paşasoy,
Musavat.com


