Zaman keçsə də, erməni xisləti dəyişməyib
“Hərəkətsizlik özü də əməldir və bu mənada əminliklə demək olar ki, bu gün danışmayan, görməyən, eşitməyən hüquq-müdafiə təşkilatları, habelə Xocalı faciəsini hələ tanımayan bəzi böyük dövlətlər bu cinayətin ortağı olaraq qalırlar”
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
XX əsrin faciəsi sayılan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Düz 30 il bundan öncə – 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.
Cinayət cəzasız qalanda…
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətdir. Bu cinayət erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Xocalıya hücumda mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak edib. Ermənistanda vaxtilə mühüm dövlət postları tutan bir çox ermənilər, o cümlədən eks-prezidentlər Robert Koçaryan, Serjik Sarkisyan da Xocalı soyqırımının əsas günahkarlarıdır. Dünyanın gözü qarşısında baş verən bu soyqırımı aktına, təəssüflər olsun ki, indiyə qədər beynəlxalq hüquqi siyasi qiymət verilməyib. Əfsus ki, soyqırımı aktını törədən erməni-daşnak tör-töküntüləri bu vaxta kimi beynəlxalq məhkəmə qarşısına çıxarılmayıb, məsuliyyətdən yayınıblar.
Bəşəriyyət adına utanc
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Bəhruz Məmmədov bildirib ki, 30 il öncə Xocalıda sadəcə azərbaycanlılara qarşı soyqırımı törədilməyib, eyni zamanda bəşəri cinayət törədilib. Millət vəkilinin sözlərinə görə, Ermənistan hərbi siyasi rəhbərliyi Xocalıda insanlıq adına elə bir təhlükəli əməl törədib ki, ona qiymət verərkən özlüyündə bir cinayət tərkibi tövsif etmək yetərsiz qalır: “Soyqırımı əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə XX əsrin sonunda, insan haqlarının beynəlxalq hüququn prioritetinə çevrildiyi bir dövrdə, hər kəsin gözü önündə baş versə də, müasir audiovizual vasitələrlə sənədləşsə və digər təkzibolunmaz sübutlarla təsdiqlənsə də, hələlik əsl beynəlxalq hüquqi qiymətini almayıb. Bu, bəşəriyyət adına utancdır. Təəssüf doğuran haldır ki, bəzi “həssas” beynəlxalq hüquq-müdafiə təşkilatları hansısa konkret şəxsin törətdiyi və cinayət tərkibinin mövcudluğu şübhə doğurmayan əməli siyasi məhbus şousuna çevirirlər. Lakin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun 366-cı alayının da iştirakı ilə Xocalıda dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulmasına, 106 qadın, 63 uşaq, 70 qocanın məhz azərbaycanlı və türk olduğuna görə xüsusi qəddarlıqla qətlə yetirilməsinə 30 ildir reaksiya vermir”.
Cinayətin ortağı kimi qalan ölkələr
Hüquqşünas deyib ki, beynəlxalq aləmin bu cür ədalətsiz münasibətinə Azərbaycan dözümlə yanaşa bilməz: “Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün dövlət səviyyəsində işlərə başlanıb. Prezident İlham Əliyevin çox ciddi səyləri, Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondu, habelə UNESCO və İCESCO xətti ilə çoxşaxəli təbliğat işi, xüsusən, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 14 ildir ki, başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb. Faciəyə beynəlxalq siyasi qiymət verilməsi istiqamətində ciddi nəticələr əldə edilməkdədir. Heç şübhəsiz ki, soyqırımın törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Cinayətin təhrikçi, təşkilatçı və icraçılarından biri olan Serjik Sarkisyanın Avropa mediasına şəxsi etirafına baxmayaraq, hüququn aliliyindən danışanlar onun və cinayət ortağı Robert Koçaryanın vəhşiliyinə hələ də biganəlik göstərirlər. Hərəkətsizlik özü də əməldir və bu mənada əminliklə demək olar ki, bu gün danışmayan, görməyən, eşitməyən hüquq-müdafiə təşkilatları, habelə Xocalı faciəsini hələ tanımayan bəzi böyük dövlətlər bu cinayətin ortağı olaraq qalırlar”.
Zaman keçsə də, erməni dəyişməyib
Deputat vurğulayıb ki, mülki əhaliyə qarşı cinayətlər Ermənistanın dövlət siyasətidir: “Bu gün kimsə iddia edə bilər ki, artıq irəli baxmaq lazımdır, əlbəttə, düşmənçilik daimi ola bilməz, lakin əgər erməni xislətini dəyişmirsə, biz nə edə bilərik? Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zaman keçsə də, erməni dəyişməyib. Zamanla sadəcə metodlar dəyişib, mülki əhaliyə qarşı cinayətlər Ermənistanın daim dövlət siyasəti olaraq qalıb. Əlbəttə, əvvəldə də qeyd etdiyim kimi, bu, yalnız Azərbaycana aid məsələ deyil, 613 mülki insanın amansızlıqla qətli bəşəri faciədir və bu faciəyə susmaq bəşəri cinayətə göz yummaqdır. Azərbaycanın özü, zatən öz qisasını almış və bundan sonra da ala biləcək gücdür. Prezident İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamının məzmununda da ifadə edildiyi kimi, 44 günlük savaşdakı zəfərlə Azərbaycan xalqı əzəli torpaqlarını işğaldan qurtararaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirməklə bərabər, həm də çoxsaylı faciələrin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasını almaqla, tarixi ədaləti bərpa etmiş oldu”.

