Cəmiyyət 

“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Qətərin paytaxtı Dohada Xocalı soyqırımı qurbanları anılıb – FOTO

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində soyqırımının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, qardaş Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri Mehmet Mustafa Göksü, eləcə də Türkiyə Səfirliyinin hərbi və doplomatik heyəti, jurnalistlər, elm adamları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Xocalı soyqırımının qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla və ehtiramla yad edilib və ruhlarına dua oxunub.

Daha sonra çıxış üçün söz verilən səfir Rəşad İsmayılov çıxışında, Xocalı faciəsinin tarixi aspektləri və günümüzdə aparılan təbliğat işlərinin istiqamətləri haqqında danışıb və həmvətənlilərimizin bu işdə görə biləcəkləri vəzifələrini xatırladıb. Xocalı soyqırımını törədənlərin cəzasız qalmayacağını və gələcəkdə bu soyqıırıma tam hüquqi qiymət verilincəyə qədər mübarizənin davam etdirilməsinin vacibliyindən bəhs edən səfir, qalib və müzəffər ölkənin vətəndaşları kimi bu haqlı davadan da qalib çıxılacağına əmin olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Türkiyənin Qətərdəki səfiri M.M. Göksu Xocalı soyqırım qurbanlarını ehtiramla anaraq xalqımıza belə ağrılı faciənin bir daha yaşanmaması üçün birlik və həmrəylik diləklərinin çatdırıb.

Daha sonra çıxış edən Qətər ictimaiyyətinin nümayəndəsi V.Badavi Xocalı soyqırımı ilə bağlı çıxışını təqdim edib. Tədbirdə çıxış edən Qətərdəki Azərbaycan icmasının üzvlərindən C.Mirzəyeva Xocalıda baş verən hadisələrin üzərindən 30 il keçməsinə baxmayaraq o günün ağrı və acısını ürəklərində hiss etdiklərini qeyd etmiş və həmvətənlilərimizi haqlı mübarizədə bütün güclərinin birləşdirilməsini təklif edib.

Çıxışlardan sonra Xocalı soyqırımı ilə əlaqədar Qətərdə təhsil alan şagirdlər şeir söyləyiblər. Tədbirdə həmçinin Xocalı soyqırımı həqiqətlərini əks etdirən foto sərgi təşkil olunub, kitab və informasiya materialları nümayiş etdirilib.

 

Daha çox xəbərlər