Səkkiz yol xəritəsi reallaşma mərhələsindədir
Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb. Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatıb.
Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. İmzalanmış Moskva Bəyannaməsi uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir. Qeyd edilən sənəddə göstərilən öhdəliklər daha çox Rusiyaya aiddir. Azərbaycan istənilən halda Rusiyanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına qarşı addımlar atmaq, RF-yə güc tətbiq etmək, Rusiya ərazisində terrorçuluq, ekstremizm, separatçılığa dəstək vermək fikrində və gücündə deyil. Ona görə bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur. Regionda gedən proseslər göstərir ki Rusiyanın təsiri artmaqdadır. Moskva Bəyannaməsi Rusiyadan çox Azərbaycana lazımdır, çünki postsovet məkanında hökm sürən qeyri-müəyyənlik və təhdidlər fonunda öz təhlükəsizliyi və toxunulmazlığına dair daha bir rəsmi zəmanət alırıq.
Yeri gəlmişkən Rusiya sülhməramlıları ilə bağlı məqama da toxunmaq istərdim. Belə ki, Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı ilə tənzimlənir. Bu bəyanatın müddəalarının dönmədən icra olunhması Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamədə də öz əksini tapır. Rusiya sülhməramlılarının Qarabağda qalmasının müddəti 5 ildir. Tərəflərdən hər hansının tələbi ilə onlar həmin ərazidən çıxmalıdırlar. Rusiyanın Azərbaycanla bağlı siyasəti, verilmiş rəsmi açıqlamaların heç biri sülhməramlıların həmişəlik orda qalacağı barədə iddialar irəli sürməyə əsas vermir. İmzalanmış sənəddə belə bir bənd və ya buna işarə yoxdur.
Qasım Qasımov,
YAP Qobustan rayon təşkilatının sədri

