Siyasət 

Azərbaycan beynəlxalq səviyyədə həm kömək edən, həm də qlobal problemlərə qarşı çox fəal çıxış edən azsaylı ölkələrdəndir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 fevral tarixində TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə ölkə Prezidenti Azərbaycanın ikili əlaqələri, ölkəmizin COVİD-19 pandemiyası ilə mübarizəsi və digər məsələlər ilə bağlı bəzi açıqlamalar vermişdir.
Ali Baş Komandan Rusiya ilə Azərbaycan arasında qurulan əlaqələr ilə bağlı məlumat verərək bildirmişdir ki, iki ölkə arasında 200-dən artıq sənəd imzalanıb. Qeyd etmək lazımdır ki, dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra iki ölkə arasındakı əməkdaşlıq artıq müttəfiqlik səviyyəsinə çatıb. Münasibətlərin indiki formatını ali format hesab etmək olar. Belə ki, bundan yüksək format praktiki olaraq yoxdur. Rusiya və Azərbaycan Prezidentlərinin imzalamış olduğu Moskva Bəyannaməsi uzun illər boyu aparılmış çox ciddi işlərin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb və onun son versiyasını ərsəyə gətirib. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir. Turizm sənayesində də iki ölkə arasında uğurlu əməkdaşlıq mühiti yaradılmışdır. Pandemiyaya qədər 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olub və burada özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində hiss ediblər. Pandemiyaya qədər hər il təqribən 15-20 faiz turist artımı müşahidə olunurdu. Bəyannaməni Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım hesab etmək olar. Qeyd etmək lazımdır ki, Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə Bəyannamənin 6-cı və 16-cı bəndləri, – zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir.
Ölkə başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da aparıcı rolun Rusiyaya məxsus olduğunu qeyd etmişdir. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı, yaxın, dostluq münasibətləri davam edir. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatıb və Ermənistanla münasibətlər də bundan sonra normallaşacaqdır. Azərbaycan Ermənistan ilə sülh müqaviləsi bağlamağa hər zaman hazır olduğunu bildirmişdir. Azərbaycanda eyni zamanda etnik prinsipə görə ölkəyə girişə qadağası da yoxdur və buna erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri bariz sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar, Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak ediblər.
Azərbaycanın sıx əməkdaşlıq və müttəfiqlik etdiyi ölkələrdən biri də Türkiyədir. Etnik bağlılıq, dil, din bağlılığı və xalqlar arasındakı sıx münasibət bu əməkdaşlığa təsir edən əsas məsələlərdən biridir. Türkiyə eyni zamanda Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə olmuşdur. Azərbaycan müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdi. Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Bütün bu faktların məntiqi davamı olaraq işğaldan azad edilən Şuşa şəhərində ötən ilin iyunun 15-də iki ölkə arasında müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanmışdır.
İlham Əliyev görüş zamanı qeyd etmişdir ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Azərbaycanın qurduğu ikitərəfli münasibətlər onu sübut edir ki, ölkəmizin iki böyük ölkə, iki qonşu ölkə ilə müttəfiqlik münasibətlərinə malikdir. Başqa ölkələrdə belə nadir hallara rast gəlmək çətindir. Sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da formalaşır.
Azərbaycanın daxili siyasətində həyata keçirilən bəzi məsələlərə də aydınlıq gətirən, ölkə başçısı müharibədən sonra mina xəritələrinin hələ də Azərbaycana təhvil verilmədiyini və bu səbəbdən mülki əhalinin həlak olduğunu və yaralandığını vurğulamışdır. Qarabağda qazanılan zəfərdən sonra bu ərazilərdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir. Bu işlərin həyata keçirilməsi üçün ölkə büdcəsindən 1 milyard 300 milyon dollar vəsait ayrılmışdır ki, cari ildə bu vəsaitin daha da artırılması planlaşdırılır. Qarabağ müharibəsi zaman qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş şəxslər indi olduğu kimi işğal dövründə də diqqət mərkəzində olmuşdur. Həmin şəxslər üçün Bakı, Sumqayıt, Gəncə və digər şəhər və rayonlarda evlər, yaşayış məskənləri yaradılmış, məşğulluq problemləri həll olunmuşdur. Ancaq yenə də bəzi şəxslərin yaşayış səviyyəsi ağır olaraq qalmaqdadır.
Ölkədə son dövrdə əsas diqqət mərkəzində olan sahə ölkə əhalisinin sağlamlığının qorunması olduğunu bildirən İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan COVİD-19 pandemiyası ilə uğurlu mübarizə aparır. Ölkə rəhbərliyinin atdığı uğurlu addımlar nəticəsində Azərbaycan MDB məkanında peyvəndləmə prosesinə başlayan ilk ölkələrdən biri olmuşdur. Hazırda ölkə əhalisinin 70 faizə qədəri 2 doz peyvənd olunmuş, üçüncü doz peyvəndləmə prosesi də davam etdirilir. Beynəlxalq arenada da COVİD-19 ilə mübarizədə aparıcı rol oynayan Azərbaycan, “peyvənd millətçiliyi” və peyvəndlərin ədalətsiz bölgüsü ilə mübarizədə önəmli təşəbbüslərlə çıxış etmişdir.
Azərbaycanda hər zaman olduğu kimi indi də iqtisadiyyatımızda əsas pay sahibi olan enerji sahəsi prioritet məsələ olaraq qalır. Qeyd etmək lazımdır ki, Azərbaycanın ən böyük qaz istehlakçısı Türkiyədir. Türkiyədən sonra İtaliya, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrin adları çəkilə bilər. Keçən il cəmi 19 milyard kubmetr qaz ixrac olunub ki, bu il bu rəqəm daha çox olacaqdır.

Daha çox xəbərlər