Əsas səhifə 

Müasir gəncliyin siması: Milli ruh, milli ləyaqət və vətənpərvərlik

Bu keyfiyyətlər yeni nəslin milli-mənəvi dəyərlərimizə bağlılığından qaynaqlanır

Yeni nəslin vətənpərvərlik, dövlətə sədaqət ruhunda böyüməsi yeni istiqamətlər üzrə daim təkmilləşən gənclər siyasətinin əsasını təşkil edir. Bu ilin fevral ayında Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda respublikanın bir qrup gənci ilə görüşən Prezident İlham Əliyev yeni nəslin nümayəndələrini gələcəyimizin etibarlı davamçıları adlandırdı: «Əlbəttə ki, bu nəslin yetişdirilməsi üçün biz, sadəcə olaraq, hansısa proqramları tərtib edib, müşavirə keçirib, məruzə dinləyib öz işimizi məhdudlaşdıra bilməzdik. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq.»

Yaradıcı, qurucu, Vətənə məhəbbət hissi tükənməyən gənclərlə fəxr etdiyini qeyd edən dövlət başçımız İkinci Qarabağ müharibəsinin Qələbəmizlə başa çatmasında rəşadət göstərən, Vətənə bağlılığını döyüş meydanında təsdiqləyən, torpaq uğrunda ölmək amalını şəhidlərimizin timsalında təsdiqləyən gənclərimizlə qürur duyduğunu vurğuladı. Ermənistan üzərində Zəfərimizi şərtləndirən amillərin hər birinin əhəmiyyətini ayrıca təqdir edən, ölkə iqtisadiyyatının, maliyyə imkanlarımızın möhkəmləndirilməsini, diplomatiyadakı uğurlarımızı, getdikcə artan müdafiə qüdrətimizi qeyd edən Prezident İlham Əliyev cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərdə daim yüksələn vətənpərvərlik ruhunu xüsusilə vurğuladı: « Bunu mən, sadəcə olaraq, xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Bilirsiniz, müharibənin bir çox dərsləri var – həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər.»

İşğalçı Ermənistan üzərində Qələbəmizin qazanılmasında sinəsini qabağa verən gənclərimizin çoxluq təşkil etməsi bir daha göstərir ki, yaşlı nəsil, təcrübəli insanlar, hərbçilər, gənclər, bütünlükdə xalqımız bir yumruq ətrafında birləşərək tarixi ədaləti bərpa etdilər. Qələbədən sonra göstərdikləri rəşadətə görə orden və medallarla təltif olunanlar arasında gənclərin üstünlük təşkil etməsi, Milli Qəhrəman adına layiq görülmələri uşaqlara, yeniyetmələrə nümunə oldu. Tariximizin hər dönəmində, Vətənin çətin günlərində, xalqımızın sınaqlarla üzləşdiyi zamanlarda mərd, igid gənclərimiz düşmənə arxa çevirməmişlər. Uşaq yaşlarında «taxta avtomatları» ilə «düşməni susduran» dünənki uşaqlar İkinci Qarabağ müharibəsində əsl silaha sarılaraq döyüş meydanında mərd övlad kimi düşmənə layiqli cavab verdilər, torpaqlarımızı işğaldan azad etdilər. Birinci və İkinci Qarabağ müharibələrində əsgər və zabitlərimizin göstərdikləri rəşadət Azərbaycan xalqına xas milli, hərbi vətənpərvərlik hisslərinin yüksək olması ilə birbaşa bağlıdır. Milli Ordumuzun 44 gündə qazandığı Qələbəni XXI əsrin ən böyük döyüş taktikası adlandıran beynəlxalq ekspertlər belə beşinci nəslin tələbatına uyğun silah- sursatla davranmağı bacaran Azərbaycan hərbçilərinin döyüş qabiliyyətinin yüksək səviyyədə olmasını, Silahlı Qüvvələrimizin müdafiə qüdrətinin möhkəmlənməsini , Qələbə əzmini xalqımıza məxsus vətənpərvərlik duyğuları ilə əlaqələndirirlər. Müharibə bütün arzuolunmazlıqları ilə bərabər, həm də bir millətin genetik xarakterinin, bütünlüyünün, mənəviyyatının və əxlaqının nümayişidir. Yurd, Vətən, torpaq, tarix, milli mədəniyyət, sosial quruluş, hətta iqlim belə millətin dünya ictimaiyyətinə təqdimatı, mənəvi pasportudur. Bunların bütövləşməsində yurd anlayışı mahiyyətcə mənəviləşir və üzərində yaşayan xalqın milli psixologiyasını, əxlaqını və mədəniyyətini yaradır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində bu amillərin formalaşmasının nəticəsi Ermənistan üzərindəki Qələbəmizdir. Vətən müharibəsinin davam etdiyi müddətdə hərbi əməliyyatlar zamanı döyüş meydanlarını fərari kimi tərk edən Ermənistanın qorxaq əsgərlərindən fərqli olaraq Azərbaycanın qəhrəman oğulları daim irəliyə gedirdi. Gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələri kimi diqqətdə saxlayan, yeni nəslin imkan və bacarıqlarını yüksək qiymətləndirən, yaranan problemlərin aradan qaldırılması naminə önəmli islahatlar aparan Prezident İlham Əliyev Ali Baş Komandan kimi də gənclərin qüvvəsini səfərbər etdi. Müharibənin ilk günlərindən könüllü kimi torpaqlarımızın müdafiəsinə qalxan gənclərimiz ən çətin istehkamları belə vətənpərvərlik ruhu ilə dəf etdilər. Xalqımıza Qələbə əzmini qazandıran Vətənə məhəbbət, torpağa bağlılıq, duyğuları idi. Hələ sovetlər dönəmində ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yüzlərlə məzunu ilə birgə döyüşlərdə rəşadət göstərən gənclərimizin hər biri özünəməxsus qəhrəmanlıq nümunəsi göstərdi. Təcrübə göstərir ki, Vətənə sədaqətli yeni nəslin yetişdirilməsi təkcə müxtəlif sənədlərin, hansısa qərar və qanunların qəbulu ilə məhdudlaşmır. Xalqa layiq övlad olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq, sədaqət duyğuları olmalı, öz eli-obası ilə fəxr etməli, ulu babalarının ənənələrinə sadiq qalmalıdırlar. İkinci Qarabağ müharibəsindəki Qələbəmiz vətənpərvərliyin zirvəsi olan gənclərin hərbi vətənpərvərlik ruhunu da gücləndirdi. Döyüş meydanlarında bir həqiqət təsdiqləndi: «Vətəni sevirəm» deməklə vətənpərvərlik olmaz. Vətən böyüklüyünə görə deyil, özünükü olduğu üçün sevilir. Vətənə vurulan yaranı ürəyində hiss edən əsgərlərimiz hər qarış torpağımız uğrunda belə ölüm-qalım savaşında yalnız qalib adı uğrunda vuruşdular. «O xalq xoşbəxtdir ki, torpağı, yurdu uğrunda ölməyi bacaran, düşəmən qarşısında canlı çəpər olmağı bacaran igidləri olsun» çağırışı Qələbə marşı kimi ürəklərdə səsləndi. Bütün dünya ictimaiyyəti gördü ki, azərbaycanlı gənclər vətənpərvərliyin yüksək səviyyədə olmasını milli –mənəvi dəyərlərə sadiqliyi cəmiyyətin aparıcı qüvvəsi olmaqları ilə də sübut edirlər. Prezident İlham Əliyevin «Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir» sözləri avanqarad qüvvə olan gəncliyə etimaddır.

Ulu öndər Heydər Əliyevin «Azərbaycanın gələcəyi gənclərin əlindədir» müdrik kəlamı bu gün real həyatda tam mənası ilə əksini tapır. Milli vətənpərvərliyin məzmunu təkcə öz Vətəninə məhəbbət hissiylə məhdudlaşmır. Milli ruhda tərbiyə geniş mənada səslənir. Vətənpərvərlik isə qəhrəmanlığın əsasını qoyan başlıca amildir. 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyasının uğurla həyata keçirilməsində məqsəd tükənməz olan bu qüvvənin potensialından daha geniş şəbəkədə istifadəsinə nail olmaqdır. Uğurla həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual potensiala, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər nəsli formalaşır. Daim inkişaf edən, yenilənən informasiya- kommunikasiya, texnologiyaları əsrində yüksək qabiliyyətə, bacarığa yiyələnən gənclər ölkəmizin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində yeni nəsildə özünə güvən, gücünə, istedadına inam hissi artıb. Ölkəmizdə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə önəmli islahatlar həyata keçirilir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, yeni ailələrə kömək göstərilməsi dövlətimizin daim diqqətində olan məsələlərdəndir.

Azərbaycanda genişlənməkdə olan Könüllülük hərəkatı da vətənpərvərlik duyğularından qaynaqlanan gəncliyə xas təşəbbüslərdəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, multikultural dəyərlərin tərkib hissəsi olan başqasına yardım göstərmək könüllülük hərəkatının başlıca vəzifəsidir. «Ona görə könüllülük bizim elə bil qanımızdadır. Sadəcə olaraq, bunu hərəkat çərçivələrinə gətirmək üçün təşkilati addımlar olmalı idi, bunlar da atıldı.» «ASAN xidmət»” mərkəzlərində çalışan iş təcrübəsi qazanmaqla insanlarla davranış qaydalarını da mənimsəyirlər» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, könüllülük xalqımıza məxsus digər ənənəvi davranış qaydalarından olmaqla, gənclərin təşkilatlanması, bir amal uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması nöqteyi-nəzərindən formalaşması baxımından gələcəyi olan xeyirxah təşəbbüsdür

Daha çox xəbərlər