“Bizim həyət” layihəsi çərçivəsində daha 2 həyət abadlaşdırılıb
ARANTV.AZ xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan daha 2 həyət sakinlərin istifadəsinə verilib. Sakinlər indi Novruz bayramını abadlaşan həyətlərində qeyd edirlər.
Abadlaşdırılan həyətlər sırasına daxil olan həyətlərdən biri Səbail rayonu Cəmil Hasilov küçəsində, digəri isə Nəsimi rayonu Rəşid Məmmədov küçəsindədir. Həyətlərdə yaşıllıq zolaqları salınıb, dekorativ gül kolları əkilib, döşəməsi xüsusi örtüklə əhatə olunan əyləncə mərkəzi və oturacaqlar quraşdırılıb. Bütün bunlar ilk növbədə, sakinlərin rahatlığını təmin edir.
Həyətlərdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün idman qurğuları da var. Səbail rayonunun Cəmil Hasilov küçəsi və Nəsimi rayonunun Rəşid Məmmədov küçəsi ümumilikdə 2000-dən çox sakinin yaşadığı binaları əhatə edir. Burada yeni işıqlandırma dirəkləri qurulub, binaların fasadları və giriş hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 200 ağac əkilib və 1000 kvadrat metr ərazidə yaşıllıq zolağı salınıb. Yeni həyətlərdə bayram şənlikləri də xüsusi ab-havada qeyd olunur. Bayram tonqalı, şən mahnılar, rəqslər bayrama coşqu qatır.

