Ciddiyə alınmayan təhlükə: Azyaşlıların internet asılılığı
Məlum olduğu kimi, internet, mobil telefon, sosial media asılılığı bu gün digər ölkələr kimi, Azərbaycanda da ciddi problem yaratmaqdadır. Ən acınacaqlısı odur ki, yeniyetmə və gənclər arasında internet, sosial şəbəkələrdən istifadə faizi böyüklərlə müqayisədə daha yüksəkdir. Məsələn, 14-18 yaşlı yeniyetmələr, hətta azyaşlı uşaqlar özlərini real həyatdan daha çox “Instagram”, “Facebook”, “Snapchat“, “TikTok” və digər şəbəkələrdə isbat etməyə çalışırlar. Sosial şəbəkədəki “mən”ini real həyatdan daha vacib hesab edən gənclərin “qazandıqları” bəyənmə, təkrar paylaşım və müsbət rəylər sayəsində özünə inamı artdığı və öz eqosunu gücləndirdiyi kimi, mənfi rəy və nifrət mesajları psixoloji problemlərə yol açır. Mütəxəssislər, eyni zamanda, valideyn nəzarətindən kənar qalan ünsiyyətin daha dərin fəsad və sui-istifadə hallarına yol açması barədə xəbərdarlıq edirlər. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı kompüter və video oyunlarına aludəçiliyi rəsmi şəkildə psixi xəstəliklər kataloqunda xəstəlik kimi tanıyıb. Almaniyanın Münster Universitetinin kommunikasiya elmləri üzrə araşdırmaçısı Torsten Kvandt yaxın gələcəkdə mobil telefonlardan tutmuş sosial media asılılığına kimi bir sıra media aludəçiliyinin müstəqil media xəstəlikləri kimi sinifləndirilməsini mümkün sayır. Onun fikrincə, adı rəsmən elan edilməsə də internet, sosial şəbəkələrdən həddən ziyadə istifadə və asılılıq insan psixikası üçün sağlam sayıla bilməz və çox güman ki, yaxın gələcəkdə tibb elmində bununla bağlı konkret fikir və terminlər meydana gələcəkdir.
Bəs, görəsən, azyaşlıları internet, telefon asılılığından necə xilas etmək olar? Bu məsələdə ailələrin üzərinə hansı məsuliyyət düşür? İnternet, telefon asılılığı uşaqlarda hansı xəstəliklərə yol açır?
“İki sahil” mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.
Uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq birmənalı olaraq ailədən qaynaqlanır

Psixoloq Könül Cəfərova bildirib ki, müasir dövrdə elə bir ailə tapmaq olmaz ki, onun evində mobil telefon və ya kompüter olmasın. Hətta vəziyyət o həddə çatıb ki, böyüklərdən fərqli olaraq indi 4-5 yaşlı uşaqların əlində də biz mobil telefonları görürük. Bəzi valideynlər isə “qonşudan qalma geri” məsəlinə uyğun olaraq uşaqlarının mobil telefon, kompüter tələbini sorğu-sualsız yerinə yetirirlər. Nəticədə valideynlərin bu addımı azyaşlıları və yeniyetmələri müasir texnologiyaların əsirinə çevirməklə yanaşı, onları bundan asılı hala salır.
Psixoloq onu da qeyd edib ki, virtual aləm uşaqları real həyatdan uzaqlaşdırır: “Ümumiyyətlə, internet elə bir məqamdır ki, insan ona fokuslananda oradan ayrıla bilmir. Bu arada onu da qeyd edim ki, kompüterdə elə oyunlar var ki, uşaqlarda məntiqi, yaradıcı təfəkkürü, diqqəti möhkəmləndirmək üçün tətbiq olunur və yaxşı da nəticə verir. Ancaq elə oyunlar var ki, uşaqlarda asılılıq yaradır, müxtəlif psixoloji problemlərə yol açır. Biz psixoloqlar hər zaman valideynlərə tövsiyyə edirik ki, davamlı olaraq uşaqlarına nəzarət etsinlər. Diqqət etsinlər ki, uşaqları telefonda nə kimi oyunlar oynayırlar. Çox təəssüflər olsun ki, bu gün hədsiz dərəcədə rastlaşdığımız çox yaşı olmasa da uşaqlar müxtəlif döyüş oyunları və yaxud da avtomobil idarəetmək kimi ağır oyunlar oynayırlar. Dava-dalaş, qan kimi məqamları gördükcə artıq bu, onlarda müəyyən psixoloji problemlərə səbəb olur. Bununla da uşaq aqressiv olur, uduzanda narahatlığını ifadə edir və s. bu cür hallar keçirir. Əlbəttə, bu situasiyada bir az diqqətli olmaq lazımdır. Əks təqdirdə uşaqlarda bir çox problemlər yarana bilər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq birmənalı olaraq ailədən qaynaqlanır: “Bəzən uşaq ailədə sevgi doyumsuzluğu, diqqət əskikliyi hiss edir. Valideyn öz uşağı ilə maraqlanmır və nəticədə bu, onlarda belə bir asılılıq yaradır. Uşağı yetişdirən, onu formalaşdıran ailədir. Bu asılılıq insanın istənilən yaş dövründə ünsiyyət problemi, özünəqapanıqlıq, depressiya, stress kimi problemlər yarada bilir. Uşaqlar internetdə vaxt keçirməklə diqqətsizliyi, ailədəki gərginliyi unutmağa çalışır və bununla öz başını qatdığını zənn edir. Lakin o, ikiqat narahatlıq qazanmış olduğunu dərk etmir. İnternet, kompüter, planşetlər uşaqlarda aqressiya formalaşdırır. Problemin qarşısını almaq üçün valideyn öz övladına dəstək olmalıdır. Təəssüflər olsun ki, bu hər ailədə belə deyil. Valideyn qayğısı görən uşaq demək olar ki, texnoloji alətlərə, internetə meyil etmir. Bu qayğını görməyən uşaqlar öz problemlərini texnologiya vasitəsi ilə unutmağa, gizlətməyə çalışırlar”.
Ümumiyyətlə, uşaqlar kompüterdən, sosial şəbəkələrdən kənarda qalmalıdır?
K. Cəfərova onu da diqqətə çatdırıb ki, uşaqları kompüterdən, sosial şəbəkələrdən tamamilə ayırmaq düzgün deyil: “Bildiyimiz kimi, kompüter və ya internet bu gün müəyyən qədər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sadəcə biz uşaqlarda kompüter xəstəliyi deyilən asılılıq vərdişini aradan qaldırmalıyıq. Konkret olaraq uşaq müəyyən qədər kompüterdə, internetdə vaxt keçirməlidir. Artıq buna valideyn nəzarət etməlidir ki, uşağı kompüterdə, internetdə nə qədər vaxt keçirir”.
Uşaq yemək yemir telefon, yatmır telefon, sakit durmur telefon…

Həkim-pediatr Xanım Bəkirova isə bildirib ki, hal-hazırda internet, sosial şəbəkələr əsrimizin bəlasına çevrilib: “Həqiqətən də bu, çox pis haldır. Bu, nəinki böyüklər, uşaqlar tərəfindən də tamamilə acınacaqlı bir vəziyyətə çevrilib. Hətta biz bunları körpə uşaqlarda belə görürük. Belə ki, valideyn uşağı yanımıza müayinəyə gətirərkən uşağı ağlamasın deyə əlinə telefon verir. Sözsüz ki, orada hər hansı bir cizgi filmi və yaxud da hər hansı gərəksiz bir oyun insanın sinirlərinə toxunur ki, bu da uşaqların beyninə mənfi təsir göstərir. Məsələn, uşaq yemək yemir telefon, yatmır telefon, sakit durmur telefon… Görünür valideynlər bununla da özləri körpəlikdən uşaqlarda həmin asılılığı yaradırlar. Xüsusilə onu bilmək lazımdır ki, bir yaşından sonra uşaq beynini inkişaf etdirmək üçün onlarla müxtəlif oyunlar oynanılmalıdır. Amma bir çox analar neynir? Uşaqların əllərinə telefon verirlər ki, rahat olsunlar. Sözsüz ki, bu çox zərərlidir”.
Bəzi analar əsəbi sakit olsun deyə uşağın uzun müddət telefonla oynamasına icazə verirlər
Pediatr bildirib ki, texnoloji vasitələrdən çox istifadə etmək uşaqların nitqində ciddi qüsurlara, nitq ləngimələrinə də səbəb olur: “Körpə valideynlərinin danışdıqlarını eşidir, sözlər yaddaşında qalır, amma dil saatlarla işləmədiyinə görə onun nitqində qüsurlar yaranır. Bəzən bu mövzuda bir sıra mübahisələr olur. Ananın biri uşağı telefondan tamamilə məhrum etdiyini və bunun mümkün olduğunu deyir. Digər ana isə uşağın mobil telefondan asılılığına son qoymağın qeyri-mümkünlüyünü deyir. Hətta bəzi analar əsəbi sakit olsun deyə uşağın uzun müddət telefonla oynamasına icazə verirlər”.
Həkimin sözlərinə görə, uşaqların diqqətini cəlb etmək üçün alternativ yollar axtarmaq lazımdır: “Körpələrin maraq dairəsinə uyğun vasitələrdən istifadə edilməlidir. Valideynlər bilməlidir ki, mobil telefon və digər texnoloji avadanlıqlar uşaqların həm fiziki, həm də əqli inkişafına ciddi ziyan vurur. Anaların fəal olması da vacibdir. Elə analar var ki, körpənin diqqətini cəlb etmək üçün fərqli metodlardan istifadə edirlər. Ona görə də bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür”.

