Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevrilir
8 mart-Beynəlxalq Qadınlar Gününü qeyd etməyimizə artıq sadəcə günlər qalıb. Ölkəmizdə hər il təntənə ilə keçirilən bu gün Azərbaycan qadınının cəmiyyətdə tutduğu yeri, ona verilən dəyəri, hörməti, sevgini tərənnüm etdirən ən əlamətdar günlərdən biridir. Həmin gün istər ailə daxilində, istər iş kollektivlərində, istərsə də müxtəlif sahələri əhatə edən fəaliyyət istiqamətlərində çalışan qadınlar xüsusi diqqət və qayğı ilə əhatə olunur, sevgi selinə məruz qalırlar.
Məlumdur ki, istənilən cəmiyyətin əsas dayaq nöqtələrindən birini məhz qadınlar təşkil edir. Çünki qadın sadəcə cəmiyyətdə işçi qüvvə kimi fəaliyyət göstərmir. O həm də gələcəyə sağlam nəslin yetişdirilməsində fundamental rol oynayır. Xoşbəxt xalqıq ki, bu mənada Azərbaycan qadını daima yaxşı nümunə olaraq önə çıxmış, seçilmişdir. Tarixin hər bir dövründə ailəsinə bağlılığı, dövlətə sədaqəti və vətənpərvərlik əqidəsinin ən başlıca aparıcısı olaraq özünü təsdiq edən Azərbaycan qadını bu gün həmişəkindən daha çox cəmiyyətdə rol oynayır, iş həyatında təmsil olunur. Məlumat üçün qeyd edək ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta ixtisas təhsil müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,5 faizi, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,6 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 49,3 faizi qızlardır. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında da fəal iştirak etməkdədir. Belə ki, qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5 faiz, fərdi sahibkarlar arasında isə 21,4 faizdir. Sevindirici haldır ki, Milli Məclisdə qadın deputatların sayı da ildən-ilə artmaqdadır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,5 faizə çatıb.
Beləliklə, Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu ildən-ilə daha da artır. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilməyə davam etdirilir. Azərbaycan qadını bu gün ən yüksək mövqelərdən çıxışlar edir və öz fəaliyyəti ilə həmcinslərinin qüruruna çevrilir. Qadınlarımız doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşımışlardır. Bugün hər bir azərbaycanlının qüruruna çevirilən Vətən müharibəmizin qalibiyyətlə nəticələnməsində Azərbaycan qadınının və onun yetişdirdiyi vətənpərvər övladların rolu əvəz olunmazdır. Onu da xatırlatmaq istərdim ki, 44 günlük müharibədə də qadınlarımız üzərlərinə düşən bütün məsuliyyəti qəbul edərək, ən qızğın bölgələrdə belə əsgərlərimizə dəstək olmaqdan çəkinməmişdir. Yəqin ki, heç birimiz hərbi tibb qulluqçusu Arəstə Kərim qızı Baxışovanı unutmamışıq. Vətən müharibəsinin qadın şəhidi olan Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman həlak olmuş və ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Ümumiyyətlə, Azərbaycan qadını itkilər versə də, övladlar itirsə də 44 günlük müharibənin hər anında əsgərlərimizin, zabitlərimizin arxasında durmuş, Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Vətən torpaqlarının düşmən işğalından qurtulması üçün var gücü ilə çalışmışdır. Öz həyat yoldaşının tabutunu çiynində daşıyan, övladını itirsə də “Vətən sağ olsun” deyən, evi düşmən gülləsinə, bombasına tuş gəlsə də Ali Baş Komandana müraciət edərək “Ancaq irəli” deyən, günlərlə yuxu yatmadan əsgərlərimizin yarasına məlhəm olmağa çalışan polad iradəli Azərbaycan qadınının və onun vətən sevgisi ilə böyütdüyü Azərbaycan gəncinin qarşısında heç bir düşmən tab gətirə bilməzdi və bilmədi də. Bəli, budur Azərbaycan qadını, Azərbaycan gənci. Mərd, dözümlü, vətənpərvər, torpağı naminə canından keçməyə hazır. Beləliklə, bu gün mərd Azərbaycan qadınının xoş günüdür. Bu münasibətlə hər bir Azərbaycan xanımını təbrik edir, ona fəaliyyətində uğurlar arzu edir, gənc nəslin yetişdirilməsində göstərdiyi nailiyyətlərə davamlılıq arzu edirik.
Təranə İskəndərova,
Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi,
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri

