Genişmiqyaslı və çoxşaxəli islahatların aparılması səmərəli töhfələr verir
İnsanın ömrü kimi, dövlətlərin də tarixi əlamətdar məqamlarla zənginləşib böyüyür. İnsan yaşadığı ayları, illəri, elin sevincli, kədərli günləri ilə bağlı anları keçmişdə buraxdıqca, yaşa dolur, müdrikləşir, kamillik məqamına yetişir. Ölkələr də milli dövlətçilik tarixi ilə bağlı olan hər əlamətdar anları yaşadıqca, tarixin hüdudları daha da genişlənir. Dövlətçilik ənənələri püxtələşir, möhkəmlənir, qayım-qədim olur. VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasını əks etdirən kadrları seyr etdikcə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin toplantıdakı çıxışını xatırladıqca düşüncələrim ən çox “Altıncı çağırış” ifadəsinə yönəlirdi. Bir qərinəyə yaxın tarixə malik parlamentə sahib olmağımız müstəqilliyini yeni qazanmış ölkəmiz üçün taleyin çox böyük bir lütfüdür. Bu çağırışların hər biri Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin parlaq səhifəsidir. Xalqımızın Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf kursunun yeni zirvələrə yüksəlməsidir. Azərbaycan xalqının öz taleyinə sahibliyinin, qloballaşan dünyamızda bir çox cəmiyyətlər üçün hər cəhətdən nümunəvi olan bir dövlət qura bilmək əzminin göstəricisidir. Ölkəmizdə demokratik seçki ənənələrinin, parlamentarizm təcrübəsinin yeni inkişaf mərhələləridir.
Cənab İlham Əliyevin VI çağırış parlamentin ilk iclasında proqram xarakterli çıxışı zəmanəsinin ən parlaq liderlərindən olan dövlət rəhbərinin öz ölkəsinin bu günü və gələcəyinə strateji baxışının, aydın təsəvvürünün əksi idi. Dövlət rəhbərinin çıxışının ilk tezislərini beşinci çağırış Milli Məclis deputatlarına, onların göstərdikləri fəaliyyətə təşəkkür məzmununda qurulması, parlamentin əvvəlki tərkibinin ölkəmizin uğurlu inkişafında, bu inkişafın hüquqi bazasının gücləndirilməsi istiqamətində böyük rol oynadığının qeyd edilməsi siyasi mədəniyyətin göstəricisi, dövlətçiliyimizdə irs və varislik münasibətlərinin danılmaz təzahürü idi. Dövlət rəhbərimiz VI çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə inamını ifadə etdi. Ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfələrini verməyi onlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırdı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev milli dövlətçilik tariximizdəki bir çox mütərəqqi ənənələrin müəllifidir. Növbədənkənar parlament seçkisinin ölkəmizdə ilk belə təcrübə olması ona hazırlıq prosesinin məsuliyyətini xeyli artırırdı. Amma həm hazırlıq işinin təşkili, həm seçkilərə kifayət sayda namizədin qatılmasına şərait yaradılması, həm də seçim prosesinin demokratikliyi ölkəmizdəki ictimai-siyasi sabitliyin, cəmiyyətdə oturuşmuş sivil ənənələrin, eləcə də zəngin seçki təcrübəsinin istənilən zamanda, zəruri şəraitdə, heç bir problem, gərginlik yaşanmadan keçirilməsinin gerçəkliyini təsdiq etdi.
Ulu Öndər Heydər Əliyevn müəyyənləşdirdiyi balanslaşdırılmış çoxvektorlu xarici siyasət kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlər qorunmuş, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqlər nəinki uğurla neytrallaşdırılmış, həm də toqquşan maraqlar uzlaşdırılaraq Azərbaycan sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrilmişdir. Azərbaycanın heç bir region ölkəsi ilə problemləri yoxdur, bütün dövlətlərlə bərabərhüquqlu ikitərəfli, üçtərəfli formatlarda tərəfdaşlıq münasibətləri var. Bu gün regionla bağlı elə bir məsələ yoxdur ki, Azərbaycanın rəyi nəzərə alınmadan, iştirakı olmadan həll edilsin. Azərbaycan dünyada müsbət imicə malik olan etibarlı tərəfdaş kimi tanınır. Bütün bunlar ümumilikdə Azərbaycanımızın inkişafıdır. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin möhtəşəm gələcəyi üçün sarsılmaz təməllərin yaradılmasıdır.
Türkan Məmmədova,
Pirallahı rayonu, 235 nömrəli tam orta məktəbin müəlliməsi

