Azərbaycanla Rusiya arasında uçuşlar niyə dayandı – rəy
Ekspert: “Burada siyasi məqamlar da var…”
Martın 8-dən etibarən Azərbaycan və Rusiya arasında birbaşa hava əlaqəsi dayandırılıb. Bu, həm Rusiya, həm də Azərbaycan aviaşirkətlərinə aiddir.
Bəs səbəb nədir?
Bu barədə AZAL-dan Musavat.com-a göndərilən məlumatda yalnız bu bildirilib ki, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.
AZAL-dan məsələ ilə əlaqədar yayılan məlumatda qeyd edilib ki, vəziyyət, həmçinin, tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir:
“Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar.
Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır.
Yuxarıda qeyd olunanlarla əlaqədar, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.
Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik”.
Ekspertlər isə hesab edirlər ki, burada siyasi məqamlar da mövcuddur.

Elxan Şahinoğlu
“Yeni Müsavat”a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, qərar Azərbaycan tərəfindən deyil, Rusiya tərəfindən verilib və siyasi mahiyyət daşıyır:
“Necə olur ki, Ermənistana və digər başqa ölkələrə reyslər olduğu halda Azərbaycana uçuş dayandırılır. Bizim təyyarələr Moskvaya nə Ukrayna, nə də Avropa səmasından uçmur. Ona görə də hesab edirəm ki, bu, siyasi təzyiq formasıdır. Müxtəlif istiqamətdə Azərbaycana qarşı təzyiqləri artırırlar. Görünür ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi Kremldə kimlərinsə xoşuna gəlmir”.
Onu da bildirək ki, koronavirus pandemiyasına görə iki ildir ki, Azərbaycan-Rusiya arasında quru sərhədlər də bağlıdır.
Rusiya fevralın 24-də Ukraynaya qoşun yeridib. Qərb bunun qarşılığında Rusiyaya sanksiyalar tətbiq edib, sanksiyalar çərçivəsində bir çox Avropa dövlətləri öz hava məkanını Rusiyanın üzünə bağlayıb.
Rusiyanın milli hava yolları şirkəti “Aeroflot” ötən həftə Belarusdan başqa, hər yerə uçuşları ləğv edib.

