Qarabağ və Zəngəzur yer üzündə cənnət nümunəsi olacaq
Dövlət başçısı İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şəriflə görüşündə bir daha ölkəmizin qarşısında dayanan çağırışlardan bəhs edib
Azərbaycan 30 ilə yaxın dövrdə düşmən tapdağı altında qalan torpaqlarını 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə xilas etdi. Bu Qələbəmiz bir çox mühüm məqamları özündə ehtiva etdi. Öncə dünya ədalətin və beynəlxalq hüququn mövcudluğunu nəinki qəbul etdi, hətta bu reallığı dərk etməyə çalışdı ki, beynəlxalq hüququn norma və prinsipləri zamana görə deyil, vahid mexanizm əsasında tətbiq və icra edilməlidir. Digər məqam isə ondan ibarətdir ki, işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın malik olduğu imkanların bir daha şahidi oldular. Zəfərimizin səsləndirdiyi çağırışlar sırasında tarixin saxtalaşdırılmasının yolverilməzliyi xüsusi qeyd olundu. 30 ilə yaxın dövrdə təbliğatlarını yalan üzərində quran ermənilər bu torpaqların onlara məxsusluğu bardə utopiya qurur, havadarlarının dəstəyi ilə bunu reallıq kimi qəbul etdirməyə çalışırdılar. Amma konkret məqam yetişəndə aciz durumlarını gizlətməkdə çətinlik çəkirdilər. Sübut olundu ki, tarix saxtakarlığı sevmədiyi kimi, faktlara əsaslanmağı sevir. Torpaqlarımızın gec-tez sahibinə qayıdacağına heç kimdə şübhə yox idi. Zəfərimiz, eyni zamanda, dövlətimizin qətiyyətini, ordumuzun gücünü, qüdrətini, xalqımızın yenilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev bu gün artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllindən bəhs edərkən onun nizamlanması üçün zəruri olan üç amili xüsusi qeyd edirdi: dövlətin qətiyyəti, xalqın iradəsi və beynəlxalq dəstək.
Dövlətimizin qətiyyəti, xalqın iradəsi göz önündədir. Xalqımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdi. Beynəlxalq dəstəyə gəldikdə isə dünya güclərinin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni qoşunlarının bu ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdı. Amma bu qətnamələr 28 il saralmış kağız üzərində qalaraq icrasını gözlədi. Bəzi dünya dövlətləri, beynəlxalq təşkilatlar münaqişənin həllinin uzanması üçün işğalçı Ermənistana dəstəklərini açıq-aşkar büruzə verdilər. Dövlət başçısı İlham Əliyev müsahibələrində, çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, 44 günlük Vətən müharibəsi başlamamışdan əvvəl mən BMT Baş Asssambleyasının iclasındakı çıxışımda Ermənistanın yeni ərazilər uğrunda müharibə planının olduğunu bəyan edəndə buna münasibət bildirilmədi.
Təbii ki, dünya 30 ilə yaxın dövrdə necə susmağa üstünlük vermişdisə, eləcə də işğalçı Ermənistanın yeni ərazilərlə bağlı müharibə planlarına göz yumdu. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini növbəti dəfə atəşə tutması artıq Azərbaycan dövlətinin, xalqının, ordumuzun səbir kasasını doldurdu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Hücum!» əmrinə Azərbaycan Silahlı Qüvvələrinin böyük ruh yüksəkliyi ilə verdiyi cavab bir daha torpaq, Vətən sevgimizin təqdimatı oldu. Reallıq budur ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri zamanında işğalçı Ermənistana sanksiyalar tətbiq etsəydilər məsələnin həlli bu qədər uzanmaz, ən əsası müharibə baş verməzdi. Azərbaycan ordusu Ermənistana elə bir dərs verdi ki, yağı düşmən bunu bütün tarix boyu unuda bilməz. Baxmayaraq ki, Ermənistanda tarixi qələbəmizi həzm etməyən revanşist qüvvələr baş qaldırmağa cəhdlər edir, bu halda ölkə Prezidentinin cavabı məlumdur: «Dəmir yumruq» yerindədir.
Ölkə Prezidenti İlham Əliyev bu günlərdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şəriflə görüşündə də bu kimi məsələlərə xüsusi diqqət yönəltmişdir. Bildirmişdir ki, BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul edilməsinə baxmayaraq, Ermənistana ciddi təzyiq göstərilmirdi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdi. Hətta bəzi ölkələr təcavüzkarı və təcavüzün qurbanını tərəzinin eyni gözünə qoymağa cəhd edirdilər. Ermənilərin bu əraziləri uzun müddət ərzində öz nəzarətləri altında saxlamalarının əsas səbəblərindən biri də bunlar idi: «Biz şücaət, vətənpərvərlik və gücümüzü göstərməsəydik, bu işğal davam edəcəkdi. Çünki bizə belə gəlirdi ki, beynəlxalq təşkilatlar artıq özləri vəziyyətə uyğunlaşmışdı. Mənasız danışıqlarla qəribə turistlər qrupu kimi Minsk qrupu bizi ildə bir neçə dəfə ziyarət edirdi. İndi isə bu danışıqların yalnız arxasında Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə çalışdığı sanki bir pərdə rolunu oynaması aydındır.»
Reallıq budur ki, torpaqlarımız işğaldan azad edilib, Qarabağ və Şərqi Zəngəzur geniş tikinti-quruculuq meydanına çevrilib. İşğaldan azad olunan torpaqlarımızda yol, enerji infrastrukturu yenidən qurulur, elektrik və su xətləri çəkilir, müasir yaşayış kompleksləri tikilir. Lakin bu faktı xüsusi olaraq vurğulamalıyıq ki, işğaldan azad edilmiş ərazilərimizin hər biri erməni vəşiliklərinə şahidlik edir. Bu torpaqlar tamamilə dağıdılıb. Evlər, infrastruktur, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Məscidlərimizdə donuz saxlanılıb. Bu vandallıqları dünya görmürmü? Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən xarici ölkələrin səfirliklərinin nümayəndələri gördükləri mənzərədən tamamilə şok yaşayırlar. Bu Qələbəmiz Azərbaycan xalqı ilə ermənilər arasında fərqi bir daha nümayiş etdirdi. Ermənilərin xislətində ancaq qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmək, havadarlarının vasitəsilə buna nail olduqdan sonra özlərinə aid olmadığı üçün bu əraziləri dağıtmaqla necə vəhşi bir millət olduqlarını ortaya qoyurlar. Dövlət başçısı bütün çıxışlarında erməni vəhşiliklərindən bəhs edir, dünyanın 30 il baş verənlərə göz yummasının hansı nəticələrə yol açdığını diqqətə çatdırır.
Amma qeyd etdiyimiz kimi, artıq 30 illik işğala son qoyulub, bu torpaqlarımızda yeni həyat başlayıb. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası üçün bütün planlar hazırlanır. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları başlanan hər bir işi uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Yoxsul, kasıb, dilənçi Ermənistanın törətdiklərindən dəhşətə gəlirik. Barbarlıq, vandalizm bu millətin yaşam tərzidir. İstər işğaldan azad olunmuş torpaqlarımızda mövcud vəziyyəti, istərsə də 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Ağdam, Laçın rayonlarını tərk edərkən söküb dağıtdıqları, apardıqlarını aparıb, apara bilmədiklərini yandırdıqları durumu əks etdirən görüntüləri yəqin ki, dünya görüb və görməkdədir. Bu, onların beynəlxalq hüququ bir kənara qoyub Ermənistanın başına çəkdikləri sığaldan, cinayətlərə göz yummalarından qaynaqlanır. Amma işğalçı dövlət necə ki, döyüş meydanında, diplomatiya müstəvisində məğlub oldu, eləcə də törətdiyi bu cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq. Cənab İlham Əliyev hər çıxışında bu mesajı Ermənistana və onun havadarlarına çatdırır. «Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar» söyləyən dövlət başçısı İlham Əliyev bir daha bu Qələbəmizi böyük qürur hissi ilə vurğulayaraq bildirir ki, Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və həmin ərazilərdə əbədi dalğalanacaq.
Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə Maimuna Mohd Şərifin BMT-nin Məskunlaşma Proqramı – UN-HABİTAT-ın icraçı direktoru olaraq bərabərlik, yoxsulluğun azaldılması və urbanizasiya dəyərlərini təşviq etdiyini önə çəkərək onun ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilmiş əraziləri ziyarət etməsindən məmnunluğunu ifadə edib. Ağdamda olan qonaq erməni barbarlığını, dağıntının miqyasını öz gözləri ilə görüb. Bu baxımdan cənab İlham Əliyev ümidvar olduğunu bildirib ki, BMT öz qurumları və öz kommunikasiya kanalları vasitəsilə bizi dəstəkləyəcək, bu mühüm mesajı çatdıracaq ki, Azərbaycanın dəstəklənməyə ehtiyacı var: «Biz sizin səfərinizi bu dəstəyin əlaməti hesab edirik. Əminəm ki, orada gördükləriniz barədə hesabat verəcəksiniz. Çünki eşitmək, bilmək, oxumaq ayrı, gəlib öz gözlərinizlə görmək isə ayrı məsələdir.» Prezident İlham Əliyev diplomatın diqqətinə bu məqamı da çatdırıb ki, bu gün Azərbaycan dövləti qarşısında böyük çağırışlar var. Qalib dövlət müharibədən sonra yalnız öz gücünə şəhər və kəndlərini, tarixi-dini abidələrini bərpa edir. Amma indiyə qədər beynəlxalq təşkilatlardan, dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar belə alınmayıb: “Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz bunu etməyə davam edəcəyik. Lakin, əlbəttə qəribədir ki, torpaqların azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var. Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur”. Dövlət başçısı qətiyyətlə vurğulayıb ki, öz iqtisadi qüdrətinə arxalanan Azərbaycan əraziləri bərpa edəcək, Qarabağ və Zəngəzurda yer üzündə cənnət nümunəsi yaradacaq. Amma yenə də beynəlxalq təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı qəbuledilməzdir.
Soydaşlarımızın Böyük Qayıdışının gecikməsinə səbəb olan əsas amil onların təhlükəsizliyinin təmin edilməsi üçün bu ərazilərin minalardan təmizlənməsi prosesidir. Bu proses həm yüksək məbləğ, həm də vaxt tələb edir. Bu statistika da dövlət başçısının çıxışlarında yer alır ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Ərazilərin minalardan təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir. Bütün ərazilər minalardan təmizlənməli və bundan sonra öz torpağına geri qayıdacaq insanlar üçün layiqli şərait yaradılmalıdır. Azərbaycan dövləti bu prosesi də öz gücünə reallaşdıracaq. Bu, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı inkişaf proseslərinin, şəhər planlaşdırma və yüksəliş konsepsiyasının onda dərin təəssürat hissi yaratdığını bildirib. Qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı dünyanın müxtəlif ölkələrində postmünaqişə şəraitində şəhərlərin qurulmasına, dayanıqlı şəhər inkişaf konsepsiyalarının yaradılmasına təcrübəsi ilə dəstək verir və bu xüsusda Azərbaycan hökuməti ilə də sıx əməkdaşlığa hazırdır.
Tarixi Zəfərimizdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən dövlətlər, beynəlxalq təşkilatlar bu Qələbəmizin yaratdığı reallıqları qəbul etməklə yanaşı, həm regionda dayanıqlı sülhün, təhlkəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasına dəstək verməyə səy göstərir, həm də işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinə töhfələr verməyə hazır olduqlarını bildirirlər. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir. Amma bu məqamı da etiraf edək ki, prosesə seyrçi yanaşmalar bu gün də mövcuddur və təəssüf hissi doğurur.
Hər bir hədəfə yüksək səviyyədə nail olan Azərbaycanın işğaldan azad edilmiş torpaqlarımızı cənnətməkana çevirmək üçün böyük iqtisadi və maliyyə imkanları mövcuddur. Böyük Qayıdışdan sonra bu torpaqların potensialından səmərəli istifadə etməklə iqtisadi qüdrətimiz daha da artacaq, böyük investisiyalar məkanı kimi tanınan ölkəmizə investisiya axını sürətlənəcək, Qarabağ və Şərqi Zəngəzur beynəlxalq turizmin ünvanına çevriləcək.

