Əsas səhifə 

Novruzun müjdəçisi Torpaq çərşənbəmizin ayağı sayalı olsun!

Xonçalı, gur tonqallı ilaxır çərşənbə təbiəti oyadır, elimizə-obamıza xeyir- bərəkət gətirir

Od, Su, Yel, çərşənbələrini yola salan xalqımız sonuncu, Novruzun müjdəçisi olan Torpaq çərşənbəsini qeyd edir. Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olmaqla birlik və həmrəyliyimizin nümunəsi olan ilaxır çərşənbənin, Novruzun illərdən bəri qorunan ümumi adətləri olsa da, Torpaq çərşənbəsinin bölgələrə görə fərqli cəhətləri də vardır. Naxçıvanda qeyd olunan ilaxır çərşənbədə təşkil olunan el şənlikləri, mərasimlər hətta Novruz bayramından da təntənəli şəkildə qeyd olunur. Böyük, Kiçik çillələri yola salan, Xıdır Nəbi bayramının keçirildiyi Boz ayda qeyd olunan çərşənbələrin hər biri özünəməxsus əlamətləri ilə seçilir.

Bu ayın dəyişkən iqliminə baxmayaraq ürəklərdə həmişə bayram əhval-ruhiyyəsi duyulur. Axır çərşənbəyə bir neçə gün qalmış gəlinlər evlərdə təmizlik işləri aparar, qışın çətinliklərinə son qoyarlar. Novruzun gəlişini bildirən, ruzi-bərəkət rəmzi olan səmənilər göyərdilər, qonşular bir yerə yığışaraq əsrlərdən üzü bəri milli mətbəximizdə yaşam haqqı qazanan, yaşı elə Novruzun varlığı qədər olan səməni halvası bişirər, tütyə kimi hər kəsə pay verərlər. Səməni haqqında deyilən, « səməni, saxla məni, ildə göyərdərəm səni» sözləri bu həqiqəti təsdiq edir. Yeri gəlmişkən, artıq mütəxəssislər də təsdiq edirlər ki, səməni göyərtmək üçün isladılmış buğdanın azacıq cücərməsi halında döyülüb suyunun içilməsi xərçəng xəstəliyinin müalicəsi üçün çox əhəmiyyətlidir. İnsanlara xoş əhval-ruhiyyə gətirən bu bayramda hamıya, xüsusilə uşaqlara təzə paltar almaq əsrlərdən bəri əməl olunan adətlərdəndir. Bütün həyətlərdə çərşənbə tonqalları qalanar, oddan tullanmaqla «qışın ağırlığından qurtaran» insanlar sanki yüngülləşər. Bayramın gəlişindən daha çox sevinən uşaqlar rənglərlə bəzədilmiş yumurtalarının bərkliyini yoxlayırlar. Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın «Heydərbabaya salam» poemasında təsvir olunan axır çərşənbənin, Novruzun adətləri yerinə yetirilir.

Axır çərşənbənin dəyişilməz adətlərindən olan qonşu qapısından eşidilən sözü mənasına görə xeyirə və şərə görə yozmaqdır. Həmin axşam üzük falına toplaşaraq gələcək talelərini «soraqlayan» qızlar su sonasına bənzəyir, ən gözəl gülləri xatırladırlar. Axır çərşənbədə küsülülər barışar, xanımlar hazırladıqları «yeddi ləvin» deyilən bayram nemətlərindən qonşulara pay verər, böyüklər yad olunar. Nişanlı qızlara, ailə həyatının ilk çərşənbəsini yeni ocağında keçirən gəlinlərə bayram xonçaları göndərirlər. Bütün ailə üzvləri bir yerə yığıldıqdan sonra üzərlikli tonqallar qalanır, hər kəs «ağırlığım-uğurluğum odda qalsın» deyərək odun üstündən tullanır. Kütləviliyi ilə seçilən axır çərşənbədə həyətlərdə yandırılan, birlik, həmrəylik, səmimiyyət rəmzi olan tonqalların ətrafına toplaşanlar bayramın əsas personajlarından olan Kosa ilə Keçəlin oyunlarına tamaşa edir, şənlənirlər. Özünə «ərzaq toplayan», şən zarafatları ilə hamını güldürən Kosa ilə Keçəlin oyunlarına daha çox maraq göstərən, qırmızı rəngə boyanmış yumurtalarının bərkliyini sınayan uşaqlar bu cütlüyün hərəkətlərini təqlid edir, onlarla birgə oynayırlar. Ömrünün yaşanan illərinin sayı qədər bayram tonqalının istisini ürəyində saxlayan, qız –gəlinlərin sevincində artıq tarixə qovuşmuş gəncliyini xatırlayaraq köks ötürən nənələr cavanların şadlığına şərik olurlar. Babalar illər öncə belə tonqalların ətrafında gözaltı etdikləri «yarıları» ilə keçirdikləri gəncliklərini yada salır, qurduqları isti ocaqlarından pərvazlanan övladlarının əhatəsində olduqları üçün özlərini xoşbəxt hesab edirlər.

Qızlar bulağından su içən yeniyetmə qızlar arxası qapıya tərəf durub ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox, əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq.

Axır çərşənbənin sınanmış adətlərindən biri də «açarsalma» adətidir.

Ürəklərində tutduqları niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışanlar arzularının nə zaman reallaşacağına inanarlar. Nənələr, el ağsaqqalları də təsdiqləyirlər ki, həmin gün eşidilən sözlərin yozumu ürəklərdə tutulan niyyətlərə işıq salır, güzgü kimi əks olunur.

«Fala inanma, faldan da qalma» deyənlər belə axır çərşənbədə ulduz- iynə falının açıqlamasına da inanırlar. Bu bayramda gənc qızlar saçlarından ayırdıqları tellə bağladıqları üzükləri kasaya qoyulmuş suya salar, sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək gənc qız həmin yaşda ailə həyatı quracaq. Axır çərşənbədə nişanlı qızlara, yeni ailə qurmuş gəlinlərə bayram xonçası göndərilir.

İlaxır çərşənbədə oğlanlar gözaltı etdikləri qızların evlərinin damına çıxar, bacadan ucuna balaca dəsmal bağlanmış şal sallayarlar. Şalın ucuna bağlanmış həmin yaylığı evin böyükləri açıb qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti olardı. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub geri qaytarılardı.

Orta yaşlı naxçıvanlıların xatirində qalar. Naxçıvan şəhərində «Qoçüstü» deyilən bir yer var idi. (indi orada uca mərtəbəli evlər tikilib) Həmin ərazidə neçə əsrlərin şahidi olan, üstü yazılı qoç heykəlləri var idi. Axır çərşənbənin ertəsi, hələ gün çıxmamış şəhər sakinləri «Qoçüstünə» gələr, şənlik edər, cavanlar at çapardılar. Sonra elliklə yaxınlıqdakı Naxçıvan çayına yol alardılar. Çayın suyunu bardaqlara dolduraraq həyətlərə səpər, götürdükləri çınqılları bucaqlara, küpələrə qoyar, gələn ilki çərşənbəyə qədər saxlayardılar. İnanca görə bu ritual xeyir-bərəkət rəmzi sayılırdı. Naxçıvan şəhərindəki Qızlar bulağı həmin gün qələbəlik olar, qızların niyyət yerinə çevrilər. El şənliklərində gözaltı etdiklərinə qovuşmaq istəklərini sirr saxlayan qızlar ürək sözlərini bulaqla bölüşər, niyyətlərinin çin olmasını arzulayardılar.

İlaxır çərşənbədə süfrədə şamların qoyulması mütləqdir. Evlərdə dəmə qoyulan zəfəranlı bayram aşının xoş ətri ətrafa yayılır. Şəkərbura, paxlava ilə birlikdə hər bölgənin özünəməxsus şirniyyatları süfrələri bəzəyir. İmkansız ailələrə bayram sovqatları göndərilir. Bu kimi adətlər göstərir ki, Novruzun müjdəçisi olan ilaxır çərşənbə əsl mənada həmrəylik, birlik, xeyirxahlıq, humanizm və bərabərlik bayramıdır. Bu bayramda elin və evin ağbirçək və ağsaqqallarını ziyarət edərək onlara baş çəkmək də adətdəndir.

Axır çərşənbə və Novruz bayramı Naxçıvan sakinlərinin yaddaşında bir hadisə ilə də qalıb. Məhz o günlərdə düşmən niyyətlərini Ermənistandan gələn elektrik enerjisinin nəqlini dayandırmaqla bildirən ermənilər naxçıvanlıların bayram sevincini azacıq müddətdə də olsa azaltdıqları üçün rahatlıq tapardılar. Bu, da ermənilərin qanlarında türkə qarşı olan nifrətin, mənfur xislətin bir nümunəsi idi.

İllərdən bəri bu bayrama dini don geyindirməklə xalqımızın yaddaşından Novruz sevincini qoparmaq niyyətində olanlar kimi ermənilər də heç bir halda insanların bayram sevincinə xələl gətirə bilmirdilər.

Ümummilli lider Heydər Əliyev Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasını rəsmiləşdirməklə insanlarda ünsiyyət, mehribanlıq, dostluq duyğularını gücləndirdi.

Bu gün Azərbaycan xalqı axır çərşənbənin sevincini yaşayırlar. Havaların soyuq keçməsinə baxmayaraq çəmənlərimiz təbii səmənilərdən yaşıl dona bürünüb. Yazın ilk müjdəçisi, boynu bükük, kövrək bənövşələri titrədən səhərin mehi təbiəti qış yuxusundan oyadır. Ağaclar Günəşi tumurcuq gözləri ilə salamlayırlar. Bakının müxtəlif ərazilərində təşkil olunan bayram yarmarkaları insanlara Novruz əhval-ruhiyyələri bəxş edir.

İşğaldan azad olunumş Şuşada, Cıdır düzündə yandırılan Novruz tonqalında söylədiyi «Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir» sözləri ilə xalqımızı təbrik edən Prezident İlham Əliyev bu şənliyi xalqımızın milli birlik və həmrəyliyi kimi dəyərləndirdi.

Vurğuladı ki, işğal altında qalsa da Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi: «Biz də gəlməli idik və gəlmişik…
Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı.»
Bu il təkcə Şuşada deyil, işğaldan azad edilmiş digər rayonlarımızda da Novruz tonqalları alovlanacaq. «Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı – bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox» söyləyən Prezident İlham Əliyevin milli –mənəvi dəyərlərimizin beşiyi olan Şuşanın dirçəldilməsi naminə gördüyü işlər bütün ərazilərdə davam etdirilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparan Milli Ordumuzun rəşadətli hərbçiləri

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini sahiblərinə qaytardılar.

Bundan sonra elimizdə –obamızda alovlanan bayram tonqalları daha gur yanacaq. Azərbaycan xalqı əsrlərdən bəri ulularımızdan ərməğan qalan torpağa bağlılıq duyğularını bayram tonqallarının ətrafındakı şənlikləri, həmrəylikləri, işğaldan azad olunmuş torpaqlarımıza yeni həyat verməklə bildirəcəklər.

… Atalarımız bir tövsiyəsini də bu günlərdə yada salmamaq olmaz. Ulularımız deyiblər ki, bayramın tonqalı yanandan sonra əkin, biçinin qorxusu yoxdur. Artıq tonqallarımızı yandırdıq, illərdən bəri ermənilərin gözünü qurutduğu bulaqlarımızın gözünü açdıq. Suqovuşana həsrət qalsa da, doğmalarının nəfəsindən canlanan torpaqlarımız əsl sahiblərini gözləyir. Bu günlərdə insanların biri-birinə söylədiyi xeyir-dualara biz də qoşuluruq: Ocağınız gur yansın, süfrələriniz xeyir-bərəkətli, oğul, qız toylarında qol götürüb oynamaq nəsibiniz olsun! Dədə Qorqudun əsrlərdən bəri günümüzə körpü salan sözlərinə uyğun, qalibiyyət rəmzi olaraq hər yerdə üç tonqal qalansın! Dostlarımız bu ocağın istisinə yığışsın, sevincimizə şərik olsun, tüstüsündən düşmən kor olsun!

Daha çox xəbərlər