Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifidir
Ölkəmizlə İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir
Azərbaycanın postmünaqişə dövrünün reallıqlarının tətbiqi və qəbulu istiqamətində atdığı addımlar öz müsbət nəticəsini verir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvü kimi daim diqqətdə olub. Ölkəmizin müstəqil, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti onun dövlətlər arasında münasibətlərin inkişafında sabitləşdirici faktor kimi yer tutmasına əsas verir. 44 günlük İkinci Qarabağ müharibəsindən Azərbaycanın qalibiyyəti, diktə edən tərəf kimi regionda və dünya siyasətində yeniliklərə imza atması bugünün siyasi mənzərəsindən də aydın görünür.
Azərbaycan daim təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin təşəbbüsü ilə yaradılan yeni əməkdaşlıq formatları regionda sülhün, təhlükəsizliyin yaradılmasında stimulverici amil rolunu oynayır. Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran, Azərbaycan-İran-Türkiyə kimi üçtərəfli əməkdaşlıq platformaları ölkəmizin dünya birliyində möhkəmlənən mövqeyinə işıq salmaqla yanaşı, region ölkələri üçün yeni siyasi və iqtisadi perspektivlər yaradır.
Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi kimi artan rolunu təsdiqləyən mühüm hadisələrdən biri Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasıdır. Bu mühüm sənəd Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədir. Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir.
Qeyd edək ki, sözügedən Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılıb. Belə ki, Ermənistan ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. Görünür, işğalçı dövlət Azərbaycanın istər 30 ilə yaxın işğal, eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın prinsipial mövqeyini və bu fonda atdığı addımları unudub. Azərbaycan müstəqil siyasət yürüdür, heç bir dövlətin diktəsi ilə oturub durmur. Ölkəmizin təşəbbüsü ilə reallaşan layihələr yalnız iştirakçı deyil, digər ölkələrə də siyasi və iqtisadi dividendlər gətirir. Yeni layihə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvan MR-in blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq.
Qonşu dövlətlərə əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycanın xarici siyasətinin prioritet məsələsidir. O da məlumdur ki, Xəzərin hüquqi statusu Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ idi. 2018-ci ilin avqustunda illərdən bəri, sovetlər birliyinin dağılmasından sonra Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranmasından bu günə davam edən müzakirələr, danışıqlar müsbət sonluqla başa çatdı. Belə ki, bu tarixdə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı.
Məlumdur ki, keçmiş İttifaqın dağılmasından sonra Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranması Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsini gündəmə gətirdi. Uzun illər ərzində 5 Xəzəryanı dövlətin – Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı ümumi razılığa gələ bilməməsi və yekun Konvensiyanın qəbul olunmaması səbəbindən bu problem Xəzəryanı dövlətlər arasında əsas müzakirə mövzusu olaraq qalırdı. Ulu öndər Heydər Əliyev daim «Xəzər sülh, əməkdaşlıq dənizi olmalıdır» bildirirdi. Xəzərin hüquqi statusu məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının tərəfdarı olduğunu bəyan edən rəsmi Bakı mütəmadi olaraq Xəzəryanı dövlətlərlə ikitərəfli və çoxtərəfli çərçivədə danışıqlar aparırdı. İran tərəfi illərdir Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyirdi. Eyni vaxtda 90-cı illərin əvvəllərində Xəzər dənizinin dibinin və səthinin, o cümlədən mineral resurslarının birgə istifadə olunmasını təklif edirdi. Ən əsası Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edirdi. Ölkələr arasında əlaqələrin inkişafı, o cümlədən Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişafı Xəzər hüquqi statusunun müəyyənləşdirilməsinə yol açdı.
Konvensiyanın siyasi və iqtisadi əhəmiyyətindən bəhs edərkən təbii ki, ilk növbədə bu mühüm hadisədə Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələr stimulverici amil rolunu oynadığını xüsusi qeyd etməliyik. Ölkəmizin Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığının bugünkü səviyyəsi göz önündədir. Cənab İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. Son illərdə ölkəmizin regional əməkdaşlığa verdiyi davamlı töhfələr göz önündədir.
Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya ilk növbədə Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda, burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərir.
Dövlət başçısı İlham Əliyev bu günlərdə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu fikri xüsusi qeyd etmişdir ki, bölgədə yaranmış yeni reallıqlar əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Xüsusilə nəqliyyat sahəsində imzalanan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanmışdır. Bu mühüm addım dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirildi və onun imzalanmasının yeni nəqliyyat yollarının açılmasına xidmət edəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasını tarixi hadisə kimi dəyərləndirərək bildirmişdir ki, layihə bütövlükdə regionun nəqliyyat-kommunikasiya mənzərəsini dəyişir, Azərbaycan, İran və Türkiyəni birləşdirərək Avrasiyada avtomobil, dəmir yolu, elektrik enerjisi xətti və rəqəmsal bağlantıların daxil olduğu yeni çoxtəyinatlı dəhlizin əsasını qoyur. Bu əminlik də ifadə edilir ki, yeni dəhliz regional əməkdaşlıq, inkişaf və region xalqlarının rifahı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün əlverişli imkanlar açacaq”.
Qeyd edilənlər fonunda bu ümumiləşdirməni apara bilərik ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar yeni əməkdaşlıq formatlarının formalaşmasını zərurətə çevirir və Azərbaycan bu formatların müəllifi kimi çıxış edir. Ölkəmizin yerləşdiyi coğrafi məkan, eyni zamanda, malik olduğu təbii resurslardan səmərəli istifadəsi fonunda reallaşdırdığı layihələr dövlətlər, xalqlar arasında körpü rolunun daha da möhkəmlənməsini şərtləndirir. Azərbaycanın regional inkişafa verdiyi töhfələr onun beynəlxalq münasibətlər sistemində yeri və rolunun da aydın mənzərəsini yaradır. Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan məsələlər sırasında Azərbaycanla İran arasında imzalanan Anlaşma Memorandumu bu reallığı da ortaya qoyur ki, ölkəmizin hər bir təşəbbüsü iştirakçı dövlətlərin maraqlarına uyğundur və həmin ölkələr bundan siyasi, iqtisadi dividend qazanırlar.

