Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir
Dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri müttəfiqlik münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir
Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Belə ki, dövlət başçısı İlham Əliyevin martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri və səfər çərçivəsində müzakirə olunan məsələlər bu gün nəinki ölkə, eyni zamanda, dünya mətbuatında geniş müzakirə olunur. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə göstərilib. 44 günlük Vətən müharibəsi dövründə bu qardaşlığın daha yüksək səviyyədə özünü büruzə verməsi, Türkiyənin hər addımda ölkəmizə mənəvi və siyasi dəstəyi dünyanın diqqətindən kənarda qalmadı. «Azərbaycan tək deyil» bəyanatını istər müharibənin getdiyi, istərsə də postmünaqişə dövründə atdığı addımları ilə sübut edən Türkiyə Prezidenti tarixi Rəcəb Tayyib Ərdoğan Zəfərimizin dünyaya çatırılmasında əhəmiyyətli rol oynayan Zəfər paradında dövlət başçısı İlham Əliyevin yanında oldu və həmin səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında «Atılacaq daha çox imzalar var» deməklə sonrakı dövrdə görüləcək işlərin, imzalanacaq sənədlərin anonsunu verdi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin zirvəsi oldu. Bu Bəyannamə dünyaya bir sıra mesajları ünvanladı. Dövlət başçısı İlham Əliyevin martın 10-da reallaşdırdığı işgüzar səfərində də Türkiyə Prezidenti ilə görüşündə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olundu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi vurğulandı, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparıldı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yönəldilərək Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyətindən bəhs olundu. Reallıq budur ki, Azərba ycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallışan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi.
Reallıq göz önündədir. Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Qeyd etdiyimiz kimi, məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilərək vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması, “Star” neft emalı zavodunun işə düşməsi və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır.
İki qardaş ölkə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır.
Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi tarixə qovuşdu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim hücum əmrini gözləyən Azərbaycan Ordusu şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, onu diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu məqam da Azərbaycan-Türkiyə birliyinin təqdimatıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”
Tarixə yazılan ən önəmli hadisələrdən biri də Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının iki dost qardaş ölkənin Prezidentlərinin birgə iştirakı ilə istifadəyə verilməsidir. Ötən ilin oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbir dostluğumuzun, qardaşlığımızın dünyaya növbəti mesajı oldu. Bu mühüm layihə də birgə səylərimizin nəticəsidir. Füzuli şəhərində hava limanı türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə inşa edildi. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi ilk böyük layihədir.
Hər bir uğurlu addım, mühüm əhəmiyyət kəsb edən tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, qarşıdakı dövrün konturlarının cızılmasında stimulverici amil rolunu oynayır. Nəzərə alsaq ki, ölkəmiz yeni inkişaf mərhələsini- işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinin həyata keçirilməsi dövrünü yaşayır, bu layihələr saysız-hesabsız olacaq.
Bu gün informasiya müharibəsi dövrü olduğunu nəzərə alsaq, həqiqətlərimizin təbliğində diaspor təşkilatları ilə yanaşı, mətbuatın da üzərinə düşən məsuliyyət özünü qabarıq şəkildə büruzə verdi. 44 günlük müharibə dövründə ölkə mətbuatı həqiqətlərin təbliğində nə qədər fədakarlıq göstərdisə, Türkiyə mətbuatı da eyni qayda üzrə hərəkət etdi. Mətbuat səhifələrində yer alan qələbə xəbərləri televiziya kanalları vasitəsilə də dünya ictimaiyyətinə çatdırıldı. Türkiyə mediasını izlədikcə birliyimizdən, həmrəyliyimizdən daha da qürurlanırdıq. Eyni ab-hava Zəfər paradının, Şuşa Bəyannaməsinin görüntülərinin təqdimatında da özünü qabarıq şəkildə büruzə verirdi. Qarabağımızda Azərbaycan və Türkiyə bayraqları birgə dalğalandı və dünya bu birliyin bir daha şahidi oldu.
İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq media istiqamətində də bir zərurətə çevrildi. 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinə səfəri zamanı Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirmək kimi məsələlər müzakirə olundu. Aparılan müzakirələrdə Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığı xüsusi qeyd edildi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Ötən ilin fevralında Azərbaycan Prezidenti, martında Türkiyə Prezidenti Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq sənədini təsdiqlədilər.
Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda belə bir platformanın yaradılması vacib idi. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq, hazırkı zamanda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkündür. Türkiyə-Azərbaycan media əlaqələrinin inkişafı ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması prioritet məsələyə çevrildi. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Şuşa Bəyannaməsində əksini tapan müddəalarda da bu məqam öz əksini tapır ki, yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Təbii ki, burada informasiya sahəsində əməkdaşlıq öz sözünü deyəcək. Dövlət başçısı İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdir ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bu, özü hər şeyi deyir.
Ötən il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının “Bir millət, iki dövlət!” şüarı ilə keçirilən iclasında iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə olundu. Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə “ictimai diplomatiya”, “Beynəlxalq media”, “Strateji kommunikasiya”, “Təhsil”, “Qanunvericilik və tənzimləmə”, “Rəqəmsallaşma və beynəlmiləlləşmə” komitələrinin yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Beləliklə, 2020-ci il dekabrın 10-da prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” ilə rəsmiləşdirilən Ortaq Media Platforması iki ölkə arasında son illər daha da inkişaf edən əlaqələrin media və rabitə sahələrində də tətbiqində çox dəyərli bir addım oldu. Qarabağın işğaldan azad edilməsi zamanı kommunikasiya və media sahələrində sıx əməkdaşlıq əhəmiyyətli rol oynadı. Media, kommunikasiya, xalq diplomatiyası, həmçinin dezinformasiya ilə mübarizə istiqamətləri Türkiyə-Azərbaycan əməkdaşlığında önəmli yer tutur.
Qeyd olunanlar fonunda bu reallıq bir daha təsdiqlənir ki, Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi dünyaya nümunədir. Müttəfiqlik Bəyannaməsi qarşıdakı dövrün konturlarını cızmaqla iki ölkənin münasibətlərinin inkişafına böyük stimuldur.

