Azərbaycanın yeni “yaşıl enerji” hədəfləri
Bərpa olunan enerji texnologiyaları sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” keçidini sürətləndirməkdədir. COVID-19 böhranının mənfi təsirlərinə baxmayaraq, 2020-ci ildə dünya miqyasında ümumi gücü 260 QVt-dan çox olan bərpa olunan enerji stansiyaları istismara verilib ki, bu, 2019-cu ildəki rekordu təxminən 50 faiz üstələyir. Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) müvafiq hesabatından görünür ki, ötən il istismara verilmiş yeni elektrik enerjisi qoyuluş güclərinin 80 faizdən çoxunu bərpa olunan enerji təşkil edib, bunun 91 faizi isə günəş və külək enerjisinin payına düşüb. Ümumilikdə ötən ilin sonunda dünyada bərpa olunan enerjinin qoyuluş gücü 2 799 QVt təşkil edib, bu isə ümumi qlobal qoyuluş güclərinin üçdə biri deməkdir. Günəş və külək enerjisinin sürətli inkişafına baxmayaraq, hidroenerji hələ də 1 211 QVt qoyuluş gücü ilə ən böyük paya sahibdir. Eyni zamanda, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına əsasən, ötən il bu sektorda dünyada 11,5 milyondan çox adam iş tapıb.
Azərbaycan da bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir. Hazırda bərpa olunan enerji mənbələri üzrə potensialımız 27 000 MVt həcmində qiymətləndirilir. Külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir. Respublikamızın müxtəlif bölgələrində ümumi gücü 66 MVt təşkil edən külək, 40 MVt olan günəş, 38 MVt bioenerji elektrik stansiyaları, həmçinin 32 MVt gücündə kiçik su elektrik stansiyaları istismar olunur. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 faizə çatdırılmasının (hazırda 17 faiz təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Belə ki, cari ilin yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulub. Bunun ardınca fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Martın 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Mərasimdə çıxış edən dövlət başçısı İlham Əliyev sözügedən məqamlara toxunaraq bildirdi ki, bu sahədə qısa müddət ərzində çox işlər görülüb: “…bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir”.
Ölkə başçısı işğaldan azad edilmiş ərazilərin böyük potensialı olduğunu xüsusilə vurğuladı. Bildirdi ki, dəqiq hesablamalar aparılıb. Burada günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər: “Keçən il 4 su elektrik stansiyasını bərpa etmişik. Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Düzdür, digər stansiyalarla müqayisədə həcm o qədər də böyük deyil. Lakin bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır”.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. Həmin ərazilərdə 4 000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi bu ərazidə formalaşır. Regionun Tərtərçay, Həkəri kimi əsas və digər kiçik çayları kifayət qədər əhəmiyyətli enerji potensialına malikdir. Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarıdır. Qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” Konsepsiyası və Baş Planının hazırlanması məqsədilə Yaponiyanın bu sahədə ixtisaslaşmış TEPSCO şirkəti ilə müqavilə imzalanıb. Hazırda bu istiqamətdə işlər həyata keçirilir.
Ötən ilin iyun ayında BP şirkəti ilə isə Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panellərinin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə Böyükşor gölü üzərində 100 kVt gücündə pilot üzən fotovoltaik sistemin quraşdırılması nəzərdə tutulur. Habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsi planlaşdırılır. Layihənin icrasının 2023-cü ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur.

