Gündəm 

Zəngəzur dəhlizinin bərpası ilə regional sabitlik təmin ediləcək

Azərbaycanla İran İslam Respublikası arasında qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması ölkəmizin növbəti təşəbbüsü olmaqla geostrateji müstəvidə yeni reallıqlar yaradır

Ermənistanın işğalından azad edilən ərazilərdə aparılan yenidənqurma, bərpa-quruculuq işləri barədə açıqlama verən Prezident İlham Əliyev infrastruktur və nəqliyyat layihələrinin əhəmiyyətindən bəhs edərkən Zəngəzur dəhlizinin bərpasının əhəmiyyətini xüsusilə vurğulayır. Bildirir ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan Zəngəzur dəhlizinin bərpası bölgədə sabitliyin qarantıdır.

«Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər» söyləyən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını kommunikasiyalar üçün təməl adlandıran Prezident İlham Əliyevin qətiyyəti ilə bu dəhliz reallaşır. Başqa sözlə deyilsə, işğaldan azad edilmiş ərazilərdə davam etdirilən bərpa –quruculuq işlərinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün əhəmiyyəti müxtəlif səviyyələrdə dəfələrlə qeyd olunmuş, bu kommunikasiyanın regional təhlükəsizlik üçün böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır.

Bakıdan Naxçıvana istiqamətlənən təyyarələrin Ermənistan üzərindən uçmasına baxmayaraq Zəngəzur dəhlizinin reallaşmasına əngəl törədən, müxtəlif bəhanələrə əl atan Ermənistan nəinki Zəngəzur dəmir yolu və avtomobil yolunun açılmasına, ümumiyyətlə dəhliz ifadəsinə qısqanclıqla yanaşır. Amma ermənilər unutmasınlar ki, Zəngəzurun tarixi Azərbaycan torpağı olmasını bu ərazidə yerləşən, Azərbaycan toponimləri olan yer adları- Zəngilan, Zəngəzur, Zəngi çayı sözləri də sübut edir.

Geostrateji əhəmiyyətinə görə Zəngəzur təkcə dəmir və avtomobil yollarının keçəcəyi dəhliz deyil. Bu dəhliz bölgə dövlətlərinin əməkdaşlıq körpüsüdür. Gələcəkdə bu dəhlizlə Naxçıvana elektrik, təbii qaz xətlərinin çəkilməsi, enerjinin ixracı nəzərdə tutulur. Buna görə də Zəngəzur dəhlizinin bölgə ölkələri üçün əhəmiyyəti, Şərqi və Qərbi Zəngəzurun iqtisadi inkişafı üçün nəzərdə tutulan layihələr bütün bölgə dövlətlərinin maraqlarına uyğundur.

Zəngəzur dəhlizinin mənəvi əhəmiyyətini milli dəyərlərə bağlılıq baxımından açıqlayan Prezident İlham Əliyevin «Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir» sözləri dövlət başçımızın nəsil şəcərəsinə sadiqliyidir.

«Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm» söyləyən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması naminə göstərdiyi qətiyyəti ilə Azərbaycan xalqının illərdən bəri arzusunda olduğu istəyi reallaşdırır.

Azərbaycanla İran İslam Respublikası arasında qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması ilə geostrateji müstəvidə yeni reallıqlar yaranır. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiyanın inşası, iki dövlət arasındakı Araz çayı üzərində ikisi avtomobil ( piyada keçidi), ikisi dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədə inşa olunacaq.

Daha çox Ermənistan üçün faydalı olan Zəngəzur dəhlizinin açılmasına müxtəlif bəhanələrlə əngəl olan işğalçı ölkənin revanş çağırışları özlərinə qənim oldu. Kommunikasiyanın açılması ilə bağlı İranla Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu Ermənistanın bütün bəhanələrinin üzərindən qırmızı xətt çəkdi. Nəqliyyat və enerji layihələrinin texniki əsaslandırılması işlərinə başlanılıb. Həmişə məğlub siyasətinin sonrakı peşmançılığını yaşayan Ermənistan bu dəfə də eyni aqibəti yaşadı. Zamanın reallıqlarını ehtiva edən qatarın arxasınca baxmalı oldu. Hadisələr göstərir ki, gedəcəyi istiqaməti müstəqil müəyyənləşdirmək imkanı olmayan Ermənistan perronda hələ çox gözləyəcək.

Azərbaycanla İran arasında imzalanan Anlaşma Memorandumunda qeyd olunduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirəcək avtomobil korpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirəcək avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, aparılacaq inşaat işlərinə nəzarət, tikintiyə çəkiləcək xərclər İran tərəfindən maliyyələşdiriləcək.

Avtomobil yolu ilə birlikdə inşa olunacaq dəmir yolunun maliyyələşdirilməsinə dair təkliflər 6 ay müddətində dəqiqləşdiriləcək. Muxtar respublikanı Ermənistanın yaratdığı blokadadan çıxaracaq, Azərbaycanın digər rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi regiondakı nəqliyyat –kommunikasiya şəbəkəsinə yenilik cətirməklə dünyanın nəqliyyat xəritəsini dəyişəcək, dövlətlərarası daşımaların xərcini, ünvanlara çatdırılma müddətini xeyli azaldacaq. Ölkəmizin təşəbbüsü ilə reallaşacaq bu dəhlizin açılması Azərbaycan diplomatiyasının uğuru olmaqla, Ermənistan üzərindəki hərbi Zəfərimizin davamı, iqtisadi Qələbəmiz, dünyada möhkəmlənən nüfuzumuzun təsdiqi olacaq.

İşğalçı ölkənin politoqları İranla Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı imzalanan Anlaşma Memorandumunu ölkələrinin biabırçı məğlubiyyəti adlandırmaqla qeyd edirlər ki, bu cür «mərkəzdən kənarda qalmaq» siyasəti intriqaların aləti olan Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti məğlubiyyətidir. Halbuki region dövlətlərinin milli maraqlarını əks etdirən Zəngəzur dəhlizi iqtisadi bataqlıqda çabalayan Ermənistan üçün nəfəslik idi. Paşinyanın Ermənistanı səfalətə , böhrana apardığını açıq-aşkar bildirən ermənilər hökumətlərini yaranan bu şansdan istifadə etmədiyi üçün günahlandırırlar. «Qazanan yenə Azərbaycan oldu» çağırışlarının artdığı Ermənistanda insanlar elə ümid edirdilər ki, Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin açılması ilə işğalçı ölkədə yaranan iqtisadi böhranı aradan qaldırmaq mümkün olacaq. Lakin ağalarının təkidi ilə bu şansı əldən buraxan Ermənistan hələ uzun müddət Azərbaycana yalvarmalı olacaq. İnvestisiyaların cəlbi, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin açılması baxımından bu dəhlizin açılması Ermənistana daha vacib idi. Zəngəzur dəhlizinin açılması ilə bağlı edilən təklifləri siyasi qısqanclığı baxımından düzgün dəyərləndirməyən, bu amildən Azərbaycana qarşı təsir vasitəsi kimi istifadəyə çalışan Ermənistan əvvəlki illərdə olduğu kimi, növbəti dəfə qlobal və regional əhəmiyyətə malik layihələrdən özünü təcrid etdi. Son zamanlarda İranla Azərbaycan arasında möhkəmlənən dostluğa nəzər salmaqla demək olar ki, hər iki ölkə regional sabitliyin yaradılmasında maraqlıdır. Azərbaycanın Ermənistan üzərində Qələbəsini şərtləndirən 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan –İran və Azərbaycan –Ermənistan sərhədində ölkəmizin sərhəd mühafizə infrastrukturunun bərpası, ötən ilin noyabr ayında Aşqabadda Prezident İlham Əliyevin iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşü iki qonşu dövlət arasındakı münasibətlərin zamanın tələbinə uyğun inkişafından xəbər verir. İranla Azərbaycan arasında Zəngəzur dəhlizinin bərpası ilə bağlı Anlaşma Memorandumunun imzalanması siyasi uğur, iqtisadi-loqistik tərəqqi deməkdir. Bu Memorandumun imzalanması siyasətdə, diplomatiyada, hərbi və informasiya cəbhəsində qazandığı uğurları ilə Ermənistana qulaqburması verən Azərbaycanın qarşılıqlı əməkdaşlıq çağırışlarının hədəfə çatmasıdır.

Daha çox xəbərlər