Tibbi xidmət əlçatanlığını yüksəltmək üçün hansı tədbirlər görülür? – İcbari tibbi sığorta
Sığortaolunanların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasına (Qayda) dəyişikliklər edilib. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin müvafiq qərarı ilə edilən dəyişikliyə əsasən, sığortaolunanlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün artıq göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə müraciət edə biləcəklər.
Qeyd edək ki, Qaydaya müvafiq olaraq “Tibbi sığorta haqqında” Qanuna əsasən müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək, dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunacaq. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır.
Stasionar şəraitdə tibbi xidmətin göstərilməsi üçün göndəriş vərəqəsini müalicə həkimi özünün aid olduğu inzibati ərazi vahidində, orada xidmətin göstərilməsi mümkün olmadıqda tibbi ərazi bölməsində (tibbi ərazi bölmələr haqqında ətraflı məlumatla buradan tanış olmaq olar), bu da mümkün olmadıqda tibbi ərazi bölməsindən kənarda yerləşən dövlət tibb müəssisəsinə verə bilər. Qeyd olunan hər üç yerdə əgər bir neçə dövlət tibb müəssisəsi fəaliyyət göstərirsə bu zaman pasiyentin istəyi nəzərə alınır və onun seçdiyi dövlət tibb müəssisəsinə göndəriş verilir.
Dövlət tibb müəssisələrində ambulator və ya stasionar şəraitdə tibbi xidmətin göstərilməsi mümkün olmadıqda sığortaolunan Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsinə yönləndirilir. Özəl tibb müəssisəsi tərəfindən həm ambulator, həm stasionar şəraitdə tibbi xidmət icbari tibbi sığortanın vəsaiti hesabına yalnız müalicə həkimi tərəfindən verilmiş göndəriş əsasında göstərilir. Özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım ancaq Agentliyin razılığı ilə icbari tibbi sığorta vəsaiti hesabına göstərilə bilər. Bunun üçün özəl tibb müəssisəsi Agentliyə elektron sorğu göndərir. Agentlik tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, dövlət tibb müəssisəsində tibbi xidmətin göstərilməsi mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsini qarşılayır və ya sığorta ödənişindən imtina edir. Pasiyent göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.
Qaydada edilmiş digər əhəmiyyətli yenilik müxtəlif dövlət orqanlarının (Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və s.) tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə sığortaolunana ixtisaslaşdırılmış tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır. Bu cür hallar baş verdikdə, sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edirlər. Agentlik göstərilən xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla, tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir.
Xatırladaq ki, göndəriş vərəqəsi ilə bağlı ödəniş tələb olunması faktı aşkarlanıbsa bu barədə həmin tibb müəssisəsində çalışan tibb işçisi barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilən cavabdan və yaxud görülən tədbirdən razı qalmazsa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310-17-70 nömrəsinə zəng edə, info@tabib.gov.az elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya “https://its.gov.az/page/elektron-muraciet” linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər.
Xidmətlər Zərfi çərçivəsində 950 sayda cərrahi əməliyyat təminata alınıb. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və s. bir sıra digər əməliyyatlar daxildir. Bahalı əməliyyatlar sırasında, həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır.
Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdə 2 istiqamət (fizioterapiya xidməti və cərrahi tibbi xidmətlər) üzrə limit nəzərdə tutulub. Belə ki, fizioterapiya xidməti üzrə Xidmətlər Zərfində 26 adda fizioterapiya və masaj xidmətləri yer alıb. Vətəndaşlar bu xidmətlərin hər birindən il ərzində 10 prosedur olmaqla istifadə edə bilərlər. Hər nahiyə üzrə 10 prosedur icbari tibbi sığorta çərçivəsində qarşılanır. İl ərzində artıq 11-ci prosedur üzrə tibbi xidmət vətəndaşın öz vəsaiti hesabına ödənilir. Cərrahi tibbi xidmətlər üzrə isə oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi cərrahi əməliyyatlarının hər biri üzrə illik limitin sayı 300-dür.
Sistemin tətbiq olunduğu dövrdən vətəndaşların ən çox istifadə etdiyi tibbi xidmətlər arasında tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri və sinir sistemi xəstəlikləri ilə əlaqədar sorğular üstünlük təşkil edir.
Agentlikdən verilən məlumata əsasən, Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən, 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər Zərfinə əməliyyatlar sırasında oftalmoloji, travmatoloji, ürək-damar əməliyyatları üzrə tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, icbari tibbi sığorta sistemi Azərbaycan üçün tamamilə yenilikdir. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı tibbi xidmətlərdə dəyişikliklərin tətbiqi təbii olaraq xeyli zaman tələb edir. İnfrastrukturun yeni sistemin tələblərinə uyğunlaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində görüləsi işlər çoxdur. Lakin ən mühüm məsələlərdən biri də əhalinin məlumatlılığının artırılmasıdır. Bu baxımdan əhalinin daha çox maarifləndirilməsinə ehtiyac var. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi vətəndaşlar üçün səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması və keyfiyyətinin artırılması baxımından çox geniş imkanlar açır. Bu sahədə insanların maarifləndirilməsi, daha müfəssəl məlumat almasının təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər qurumlar tərəfindən mütəmadi maarifləndirmə işləri aparılır.
İcbari tibbi sığorta sisteminin tətbiqi hər bir vətəndaş üçün tibbi xidmətlərin alınması prosesini daha çevik, əlçatan və effektiv etməyə imkan yaradır. İTS hər şeydən öncə vətəndaşların sağlamlıqlarının qayğısına daha ciddi yanaşmasına səbəb olacaq. Vətəndaş xəstələndikdə, yaxud müayinədən keçmək istədikdə artıq mövcud maddi durumunun təsiri altına düşməyəcək, həkimə müraciətini təxirə salmayacaq. Buna görə də vətəndaşlar da sağlamlıqları ilə bağlı olan bu prosesin uğurla həyata keçirilməsində maraqlı tərəf kimi yüksək fəallıq nümayiş etdirməlidir.

