Region Xəbərləri 

Novruz mübarizə və qələbə bayramıdır

Xalqımızın əziz bayramı olan Novruz təkcə onu keçirən xalqların deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Ölkəmizdə Novruz bayramı müstəqillik illərində daha geniş qeyd olunub. Bu sahədə ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndər tədbirlərdə, şənliklərdə etdiyi çıxışlarda Novruzun işğaldan azad olunmuş ərazilərimizdə də təntənə ilə bayram olunacağını əminliklə bildirib. O, həmişə inamla qeyd edib ki, gün o gün olacaq Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır.

Daha çox xəbərlər