İdmançılarımız beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir
Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir. Həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirərək bunu sübut edirlər. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətimizdə çox böyük hörmət var.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, bütün sahələr kimi idman da diqqətdən kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqəti bu gün Azərbaycanı idman ölkəsinə çevirib. Bu da, idmançıları yeni yeni qələbələrə ruhlandırır.
Bu gün Azərbaycanda bütün idman növləri arasında güləş xüsusi yerə malikdir. Güləş milli idman növüdür. Həm sovet dövründə, həm də müstəqillik dövründə güclü güləşçilərimiz olubdur Güləşçilərimiz Azərbaycanı hər zaman müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və indi də gənc nəsil bu ənənələri davam etdirir.
7-13 mart 2022-ci il tarixlərdə Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür.
Yarışda ölkəmizin dövlət himni yeddi dəfə səsləndirildi. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar. Qazanılan bu qələbələr sadəcə olaraq idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada təbliğ edir. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.
30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu. Bu məğlubiyyətin səbəbləri, o vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir.
Bu gün isə idmançılar beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.
Bu gün çox sevindirici haldır ki, işğaldan azad edilmiş torpaqlarımızda Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı ilə əlaqədar işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır.

Sənan Axundov,
Naftalan şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru

