Gündəm 

Dövlətimizin gücünün sübutu

Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün sübutudur. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı, Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsinin təcəssümüdür.

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Belə ki, düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Torpaqlarımızın geri alınmasından sonra dərhal müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri Zəfər yolunun təməlinin qoyulması ilə yadda qaldı. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi.

Ötən il həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu. Güləbird Su-Elektrik Stansiyasının, 7 yarımtsansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin,  Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada heyrət və maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata vəsiqə almışdır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Ötən il Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Ağdam,  Füzuli şəhərlərinin Baş planları təsdiq olunaraq təməlləri qoyulub. Eyni zamanda, Şuşada birinci məhəllənin, Ağdam şəhərində ilk yaşayış binasının və 1 saylı məktəbin, Ağdam Sənaye Parkının,  Laçın Beynəlxalq Hava Limanının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində “ağıllı kənd”in, Zəngilan rayonunda “ağıllı kənd”in, Beynəlxalq Hava Limanının, Rəqəmsal Yarımstansiyanın, “Dost Aqropark”ın təməli qoyulub.  Şuşada Radio-Televiziya Yayım Stansiyasının, mərkəzi xəstəxananın təməlqoyma mərasimində iştirak edib.

Bütün bunlarla yanaşı, hazırda Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam  yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur.

O cümlədən azad edilmiş torpaqlarımızda yeni dəmir yolu infrastrukturu da yaradılır. Horadiz-Ağbənd dəmir yolu xətti həm azad olunmuş torpaqlara, həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ağdam-Bərdə dəmir yolu xətti də istifadəyə verildikdən sonra Ağdam və digər rayonlarda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinə töhfə verəcək.

Mütəxəssislər Azərbaycanın hidroenerji növündən tam yararlanmaq üçün əlverişli potensiala malik olduğunu bildirirlər. Hesablamalara görə, Azərbaycanda yerli su ehtiyatlarının 25 faizi Qarabağ və ətraf ərazilərdədir, ancaq həmin ərazilərdəki 30-a yaxın kiçik su elektrik stansiyası ermənilər tərəfindən dağıdılmışdır. Təbii, həmin elektrik stansiyaları bərpa edilir, yenidən quraşdırılır və yeniləri də inşa ediləcək. Bərpa olunmuş və inşa ediləcək yeni su elektrik stansiyalarının istismara verilməsindən sonra həmin ərazilərdə böyük miqdarda elektrik enerjisinin əldə edilməsi mümkün olacaq. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşağı bəndlərinin və su elektrik stansiyalarının inşası Araz çayının su və enerji ehtiyatlarından həm Azərbaycanın, həm də İranın birgə istifadəsinə imkanlar yaradır. Mütəxəssislərin sözlərinə görə, 1,6 milyard kubmetrdən çox su tutumuna malik hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavatt olan bu stansiyalar Azərbaycanda həcminə görə Mingəçevir (402 meqavatt) və Şəmkir (380 meqavatt) su eelektrik stansiyalarından sonra üçüncü yerdə gəlir. Sözügedən SES-lər bərpası və inşası planlaşdırılan digər pilot layihələr Qarabağda və ətraf ərazilərdə dayanıqlı enerjini təmin etməyə imkan verəcək.

Daha çox xəbərlər