Region Xəbərləri 

1918-ci ilin mart soyqırımına əsl siyasi – hüquqi qiymət Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verildi

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar.
Azərbaycanlılar, o cümlədən Anadolu türkləri, yəhudilər, gürcülər ötən əsrin ayrı-ayrı dönəmlərində erməni şovinizminin təcavüzünə məruz qalsalar da, dünya ictimaiyyəti həqiqəti, əslində nəyin baş verdiyini etiraf etməkdən uzaq olubdur. “Məzlum xalq” adı altında gizlənən ermənilər nəinki Qafqazda və Azərbaycanda, dünyanın əksər ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar.
1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, 10 minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış və yandırılmışdır. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımın zirvə nöqtəsi 1918-ci il mart ayında Bakıda oldu. Daha sonra digər bölgələrdə davam etdirildi.Bir neçə gün ərzində təkcə dinc əhali bolşevik, erməni-daşnak qüvvələri tərəfindən yalnız türk-müsəlman olduqları üçün amansızlıqla qətlə yetirildi. Bizim arxiv sənədlərində soyqırıma məruz qalan əhalinin sayının 8,10,12, bəzən də 15 min nəfər olduğu göstərilsə də, xarici mənbələrdə təkcə Bakıda 20-25 min nəfərin öldürüldüyü yazılır. Məsələn, dövrün ingilis arxiv sənədlərində birbaşa yazılır ki, hadisələr zamanı Bakı şəhərinin azərbaycanlı əhalisinin dörddə bir hissəsi öldürüldü. O dövrdə Bakı şəhərində yaşayan təqribən 280-300 min nəfər əhalinin 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri isə 20-25 min nəfər edir. 1918-ci il may ayının 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti Amazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular.
Quba qəzası 1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu oldu. Lakin, Qubada olan şərait Bakı və Şamaxıdan bir qədər fərqli idi. Tarixən Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında erməni elementi heç bir gözə çarpan rol oynamamışdı.
Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Amazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan, 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilirlər.
Amazaspın 3 minlik dəstəsinin Quba qəzasına “cəza yürüşü” boyu etdiyi bütün əməllər bir daha sübut edir ki, bu dəstə heç də 3 günlük döyüşlər zamanı öldürülmüş cəmi bir neçə Quba ermənisinin və yaxud “türklər və kürdlər tərəfindən öldürülən Türkiyə ermənilərinin” qisasını almaq üçün gəlməmişdi. Qubanın şəhər əhalisi həmin döyüşlərdə iştirak belə etməmişdi, lakin minlərlə günahsız qubalılar guya məhz bu səbəbdən Amazasp tərəfindən “cəzalandırılırdı”. Əslində, “Şaumyanın başçılıq etdiyi mərkəz” tərəfindən Amazaspın qarşısına qoyulan əsas vəzifə qəzanın müsəlman əhalisinin kütləvi şəkildə məhv edilməsi və onun öz əzəli torpaqlarından sıxışdırılaraq çıxarılması idi. Bu həqiqət bir daha onunla təsdiq edilirdi ki, silahlı erməni quldur dəstələri hələ Bakıdan Qubaya və əksinə hərəkət edərkən, bütün dəmir yolu xətti boyunca, yolun hər iki tərəfində yerləşən müsəlman kəndlərinə basqın edir, onları talan etdikdən sonra odlayır, məscidləri və müqəddəs Quran kitablarını yandırır, kəndlilərin əmlakını talayır, rastlarına çıxan hər kəsi isə dərhal, qadın, qoca və uşaqlara rəhm etmədən öldürürdülər .
Erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırım siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazımi qiymət verilməmiş, dünyaya çatdırılmamışdır. Erməni yalanlarının illər boyu ayaq tutub yeriməsinin qarşılığında heç bir addım atılmamış, susqunluğun, həqiqətin təhrif olunmasının acı nəticəsini isə xalqımız bütün XX əsr boyu yaşamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. 1919 və 1920-ci illərdə mart ayının 31-i milli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya Rusiyanın ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilmədi. Sovet hakimiyyəti illərində isə ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər barədə danışmaq mümkün deyildi.
1918-ci ilin mart soyqırımına əsl siyasi – hüquqi qiymət Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verildi. Qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd hadisədən 80 il sonra qəbul edildi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildi.
Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin faktların dili ilə erməni məkrini ifşa etdiyi fərmanında onların Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, mərhələlərlə törətdikləri soyqırım və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə, siyasi və çağdaş aspektlərinə nəzər salınır. Ən əsası bu fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün ulu öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilib.
Hər il martın 31-ni Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmiş, əksinə, bədnam qonşumuz təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndirmişdir. Ermənilər Avropa və Amerikadakı lobbisinin imkanlarından məharətlə yararlanaraq “əzabkeş erməni milləti” obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına məhəl qoymur, bütün yolverilməz vasitələrdən istifadə edərək, əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə çalışırlar.
Ulu öndər Heydər Əliyevin siyasi xətti ilə yanaşı, onun qoyduğu ənənələri layiqincə davam etdirən Prezident İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır. Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımı günü ilə bağlı xalqımıza müraciətlərində ermənilərin müxtəlif illərdə dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınması, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi, onun ağır nəticələrinin yüz minlərlə soydaşımızın taleyində özünü büruzə verməsi, Ermənistanın və havadarlarının təcavüzkar siyasətinin iflasa məhkum olması, bunun hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran başlıca vəzifələr göstərilir. “Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik” -deyə Prezident İlham Əliyev bildirir.
Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur.

Daha çox xəbərlər