Region Xəbərləri 

Azərbaycan xalqının qəlbində mənfur düşmənin açdığı yaralar az olmamışdır.

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Bunlardan ən dəhşətlisi isə 31 Mart Soyqırımıdır.
1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Təsadüfi deyil ki, bu hərəkətlər erməni xislətinə heç də yad deyildi. Soyqırım törətməklə Azərbaycanı yer üzündən silmək, dırnaqarası “erməni dövləti” yaratmaq arzusunu illərlə reallaşdırmaq üçün hər cür hiyləyə, namərdliyə əl atan mənfur düşmən xalqın birliyini heç bir zaman qıra bilmədi. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılmasına Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Ulu Öndər “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalaması ilə 31Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü kimi qeyd olunur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermiş və 2013-cü il sentyabrın 18-də bu kompleks açılmışdır. Dünya belə vəhşiliyin şahidi oldu. 31 Mart Soyqırımının izləri hələ indiyədək araşdırılır, yeni-yeni faktlar meydana çıxır.
Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər.
Bele amansız günləri dəfələrlə yaşamış xalq heç vaxt öz mübarizəsindən dönmədi. Tarix isə 74 il sonra yenə təkrarlandı. 1992-ci ildə Xocalıdı eyni müsibətlər yaşandı. Ermənilər anlamaqda çətinlik çəkirdilər ki, tarixi, kökü, əcdadı olan bir milləti yer üzündən silmək mümkünsüzdür. Bu torpağa səpilmiş hər toxum mütləq öz soykökünə bağlı olaraq yetişəcəkdir. Azərbaycan zamanla Xocalı faciəsi, 20 Yanvar, Dağlıq Qarabağ məsələsi kimi ən ağır problemlərlə üzləşdi. Ancaq nə iradəsindən, nə amalından bir addım belə geri çəkilmədi. Xalqımız öz haqq mübarizəsində mütləq qələbə qazanacağından zərrə qədər də şübhə duymadı. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər olan 44 günlük müharibədə öz sözünü sadəcə dildə yox, əməldə sübut etdi. Prezidentinə arxalanaraq Onun ətrafında ”dəmir yumruq” kimi birləşdi və haqq səsini dünyaya çatdırdı. Bütün işğal atında qalmış torpaqlarımıza qovuşduq. Təkcə 44 gün illərlə başımıza gətirilən soyqırımlara, faciələrə, müsibətlərə cavab oldu. Azərbaycan xalqı ağır günlərinin acısını cəmi 44 gündə düşmənə yaşatdı. Sübut etdi ki, nə olursa olsun, heç bir dəlilə əsaslanmayan fakt həqiqət ola bilməz. Ermənilərin Azərbaycanı ələ keçirmək istəyi və Dağlıq Qarabağı öz ərazisi kimi qələmə verməsi reallaşa bilməyəcək bir yuxu kimi qalacaq.
Qerenfil Nəsibova- YAP Siyəzən rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər