Region Xəbərləri 

Şamaxı hadisələri

1918-ci ilin mart-aprel aylarında erməni zorakılığından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı olub. Şamaxıda törədilən soyqırımı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti dünyada görünməmiş qəddarlıqla yadda qalıb.
Şamaxıda ilk hadisələr 1918-ci ildə Novruz bayramı ərəfəsində baş verib. Ermənilər müxtəlif istiqamətlərdən Şamaxı üzərinə hücuma keçdilər. Bakıda hakimiyyəti ələ keçirmiş Şaumyan bu işlərdə bilavasitə əsas rol oynayırdı. 1917-ci ilin sonları – 1918-ci ilin əvvəllərinə qədər Şamaxı bölgəsinə 60-dan çox yük maşını ilə silah gətirilmiş və ermənilər gizlin olaraq silahlandırılmışdı. Mart ayının əvvəllərində ermənilər məkrli niyyətlərini həyata keçirməyə başladılar.
Ermənilər necə ki, Ağdam məscidini və işğaldan azad olunmuş məscidlərimizi yerlə-yeksan edib, talayıblar, eləcə də Şamaxıda da belə vəhşilik törədiblər. Azad olunmuş rayonlarımızda gördüyümüz mənzərələr bizim üçün yeni deyil, Şamaxı 1918-ci ildə o səhnəni yaşayıb. Şamaxı şəhər Cümə məscidindən əlavə, rayonda 12 məscid yerlə-yeksan olunub. İmamzadə məscidinin axundu Axund Cəfərqulu ağanı 4 hissəyə bölüb məscidin girişində asmışdılar. Bu əməllər isə bir daha onların xislətindən gəldiyini sübut edir.
Ermənilər Şamaxıda əllərinə düşən fürsətdən istifadə edərək uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirərək, diri-diri yandırıblar. Həmçinin milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar.
1918-ci ilin mart ayında erməni silahlı birləşmələri Şamaxıda kütləvi qırğınlar törədən zaman təqribən 2000-ə yaxın əliyalın qadın, qoca, uşaqlar məhz cümə məscidinə pənah gətirmişdilər ki, bəlkə terrorçular onlara rəhm edələr. Amma ermənilər insanları məsciddə diri-diri yandırdılar.
Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Bundan əlavə, komissiyanın apardığı və yarımçıq qalan istintaq materiallarına əsasən, Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub.
Tarixçilərin sözlərinə görə, ermənilər əvvəlcədən planlı şəkildə qərara gəlmişdilər ki, Şamaxı şəhərində türk müsəlman əhalisini məhv etsinlər. Çünki həmin vaxt Şamaxı Azərbaycan milli demokratik hərəkatında önəmli yerlərdən birini tuturdu. Daşnak və bolşevik qüvvələri bilərəkdən Şamaxının 22 nəfər nüfuzlu sakinini, qətl etməklə, əslində əhali arasında vahimə yaratmağa və ilk növbədə, sayılıb-seçilən şəxsləri aradan götürməyə nail oldular.

Daha çox xəbərlər