Dünya 

Müharibənin Ukraynanın aqrar ixracatına vurduğu zərər açıqlandı

Rusiyanın Ukraynanın limanlarını mühasirəyə alması nəticəsində ölkədən taxıl ixracı 6-7 dəfə azalıb. ARANTV.AZ xəbər verir ki, bunu Ümumukrayna Aqrar Şurasının sədr müavini Denis Marçuk deyib. Onun sözlərinə görə, Rusiya hücumu başlayanadək Ukrayna hər ay 4 milyon ton dənli bitkilər ixrac edirdi. İndi isə bu həcm 600-800 min tona düşüb.

Dəniz limanları ilə yükdaşımalar dayandığına görə hazırda Ukrayna aqrar məhsullarını 3 yolla dünya bazarına çıxara bilir. Bunlardan birincisi dəmiryoludur – onunla daşımaları artırmaq mümkün deyil. İkinci avtomobil nəqliyyatı ilə daşımalardır, bu yolla yalnız Avropaya mal göndərmək olur. Nəhayət, Dunay çayı ilə daşımalar həyata keçirilir ki, bu da tələbi qarşılamır.

Ukraynanın yeni təyin olunan aqrar siyasət və ərzaq naziri Nikolay Solskinin verdiyi məlumata əsasən, hazırda ölkədə ixrac olunası 7 milyard dollarlıq məhsul ehtiyatı var. Nazirin müavini Taras Vısotski isə bildirir ki, Ukrayna dənli bitkilərin ixracında dünyanın ilk beşliyinə daxildir. Dünya üzrə günəbaxan ixracında isə birinci yerdədir: “Ukrayna taxılından asılı olan ölkələr Şimali Afrika, Yaxın Şərq ölkələrdir, Misirdir. Biz həmçinin Cənub-Şərqi Asiyaya – İndoneziya, Koreya, Çinə də məhsul göndərirdik. Asiyadakı alıcılar tələbatlarını başqa mənbələr hesabına qarşılamaq imkanındadırlar. Lakin Afrika ölkələrinin, Yaxın Şərqin belə imkanı yoxdur. Artıq bir aydan çoxdur ki, limanlar bloklanıb. Yalnız taxıl deyil, quş əti, yumurta, süd məhsullarının ixracı da dəfələrlə aşağı düşüb. Bu, həmin məhsulları alan Şimali Afrika, Yaxın Şərq ölkələrində aclıq təhlükəsi yaradıb”.

D.Marçuk isə bildirib ki, Ukrayna hökuməti ixracı təşkil etmək üçün logistik qərargah yaradıb. Onun sözlərinə görə, müharibəyə qədər Ukraynanın valyuta gəlirlərinin 41 faizini aqrar ixrac təmin edirdi.
Rusiyanın başlatdığı müharibə nəticəsində Ukraynaya limanlardan ixracın dayanmasından 1,5 milyard dollar, artilleriya atəşləri üzündən əkinlərin, aqrar texnikanın və elevatorların sıradan çıxmasından isə 8,5 milyard dollar zərər dəyib.

Hazırda Ukraynada səpin prosesi başlanıb. Rusiyanın ölkə ərazisindəki yanacaq bazalarını sıradan çıxarması nəticəsində aqrar texnikanın yanacaq təminatında ciddi problemlər yaranıb. Buna görə də Ukrayna Azərbaycandan aqrar texnika üçün dizel yanacağı xahiş edib və bu xahiş müsbət cavablandırılıb.

Daha çox xəbərlər