Ramazan 

Ramazan ayında çoxlarını düşündürən suala CAVAB

Mübarək Ramazan ayınının başlamasına artıq sayılı günlər qalıb. Bu ərəfədə bir çox insanları düşündürən müzakirəli suallar yaranır. Onlardan biri xanımların uzun, taxma və şellak olunmuş dırnaqlarıyla bağlıdır. Belə dırnaqlarla qüsl və dəstəmaz doğru hesab olunurmu?

Məsələ ilə bağlı Sonxeber.az ilahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənovdan münasibət öyrənib.

O bildirib ki, din alimləri fərqli fikir bildirirlər:

“Bu, fiqh alimləri arasında mübahisə mövzusudur. Əslində İslam alimlərinin bəziləri bir çox mənbələrdən gələn hədislərə əsaslanaraq qeyd edirlər ki, taxma dırnaqla su dəymədiyi üçün dəstəmaz və ya qüsl almaq düzgün hesab olunmur.

Amma müasir dövrümüzün tələbinə uyğun olaraq, bəzi alimlər qeyd edirlər ki, onun heç bir fərqi yoxdur. Çünki dırnaq da bir növ ətin üstündə olan bərk maddədir. Həmin o dediyiniz taxma dırnaq da onun hökmündə olur.

İkinci fikri mən daha çox dəstəkləyirəm və hesab edirəm ki, bu, dəstnamaza mane olmamalıdır. Lakin böyük alimlərin əksəriyyəti qeyd edirlər ki, o cür dəstəmaz və ya qüsl almaq düzgün deyil.

Düzünü isə Allah bilir”.

Lakin ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov da Sonxeber.az-a açıqlamasında taxma dırnaqlarla dəstəmaz və qüsl alınmasının düzgün olmadığını bildirib.

Onun sözlərinə görə, dində belə bir yanaşma var ki, qüsl və dəstəmaz alarkən su bütün əzalara çatmalıdır:

“Dirnağa lak çəkilirsə, artıq dəstəmaz, qüsl alanda həmin əzalara su çatmırsa, o zaman düzgün sayılmır. Ona görə də, həm orucluq zamanı, həm də ibadətlərdə nəzərə almaq lazımdır ki, dırnaq təmiz olsun. Dini nöqteyi nəzərdən belədir”.

Daha çox xəbərlər