Region Xəbərləri 

Həqiqəti gizlətmək mümkün deyil

Astara rayon Heydər Əliyev Mərkəzinin və  R. Mirzəyev adına Şahağacı kənd 1 saylı tam orta  məktəbinin birgə təşkilatçılığı  sayəsində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Həqiqəti gizlətmək mümkün deyil”  mövzusunda tarix dərsi keçirilib.  Dərs  Astara rayon Heydər Əliyev Mərkəzində  baş tutmuşdur.  Öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib və  “Tarixin görünən və görünməyən  üzü” mövzusunda film nümayiş olunubdur.

Sonra Mərkəzin direktoru çıxışı edib bildirmişdir ki, 31 Mart 1918-ci il Azərbaycanlıların Soyqırımı faciəsindən 104 il ötür. Bu faciə 1998-ci ildən başlayaraq dövlət səviyyəsində qeyd olunur. Uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər  Ulu Öndər Heydər Əliyevin ciddi səyləri ilə açılmış, həmin faciəli hadisələr özünün əsl qiymətini almışdır.

Dərsi aparan Heydər Əliyev Mərkəzinin əməkdaşı E.Kazımova demişdir: – “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni vandalları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.  Onların Bakıda başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açmasına, ona düzgün siyasi-hüquqi qiymət verməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını gizli saxlayıblar .Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdıldı. Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyəti bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Mövzu ətrafında Astara rayon R. Mirzəyev adına Şahağacı kənd1 saylı tam orta məktəbinin tarix müəllimi Nəcəf Quliyevin çıxış  da iştirakçılar tərəfindən maraqla dinlənildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər