Siyasət 

Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət.

2003-cü ilin 15 oktyabr tarixində keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verdi. Bununla da xalq ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və Azərbaycanda sabitliyin qorunmasına dəstəyini ifadə etdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Ümummilli Liderin 2003-cü ildə xalqa müraciətində əksini tapan fikirlər cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində qələbəsinə, son 19 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası dövlətimizin başçısının ölkəmizdə keçirilən prezident seçkilərində dəfələrlə uğur qazanmasına bələdçilik edir. Bugünkü Azərbaycan ən yüksək zirvələri fəth etməklə, adını çoxəsrlik tariximizə qalib ölkə kimi yazmaqla ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Prezident İlham Əliyev 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir. Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. Həmin dövr milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülmüşdür. 2003-2018-ci illərdə böyük idman uğurları əldə olunmuşdur.
15 oktyabr 2003-cü il prezident seçkilərindən ötən 19 ildə qazanılan uğurların zirvəsi tarixi Zəfərimizdir. Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etmişdir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.

Daha çox xəbərlər