Cəmiyyət 

“Bakıdakı kafelərin əksəriyyətində propan qaz balonlarından istifadə olunur” – ŞƏRH + FOTO

Aprelin 3-ü gecə saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayışa səbəb, ilkin ehtimala görə, obyekt daxilində propan qaz balonunun partlamasıdır.

Bəs həmin obyektin daxilində qaz balonlarından istifadəyə icazə olubmu? Ümumiyyətlə, obyekt və digər məkanlarda qaz balonlarının istifadəsinə icazə verilirmi?

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Report”a bildirib ki, “Qaz təchizatı haqqında” qanuna görə, yaşayış binasının zirzəmisində və birinci mərtəbəsində fəaliyyət göstərən obyektlərin qazlaşdırılması qadağan olunur:

“Bu da təhlükəsizlik baxımından düşünülüb. Qazlaşma prosesi başlayandan indiyə qədər qanunla bu məsələ qadağan olunur. Zirzəmi və ya birinci mərtəbədə fəaliyyət göstərən obyektlər kənarda quraşdırılan qazanxananın fəaliyyəti nəticəsində yalnız istilik sistemi ilə təmin oluna bilər. Amma konkret olaraq obyektin daxilinə hansısa qaz xəttinin çəkilməsinə icazə verilmir. Bu səbəblərdən bir neçə gün əvvəl partlayış baş verən obyektin qazlaşdırılması həyata keçirilməyib. Eyni zamanda həmin binanın altından yeraltı qaz xətləri keçmir. Buna görə hansısa sızma nəticəsində partlayış baş verməsi ehtimalı da yoxdur”.

Şöbə rəisi həmin obyektdə qaz balonundan istifadəyə icazənin olub-olmaması sualına isə belə cavab verib:

“SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq sayğaca qədər olan məsafənin məsuliyyətini daşıyırıq. Sayğacdan sonrakı, obyektdaxili şəraitin hansı formada olmasına nəzarət mexanizmi bizdə deyil. “Qaz təchizatı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunur. Millət vəkilləri təklif edirlər ki, sayğacdan sonrakı proseslərə, yəni mənzildaxili proseslərə nəzarət “Azəriqaz”a verilsin. Bu, hələ ki, təklifdir. Qəbul olunub-olunmaması hələlik konkret deyil. Qaz balonlarının istifadəsi təhlükəli olduğu üçün bununla bağlı qərarların verilməsi bizim səlahiyyətimizdə deyil”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə vurğulayıb ki, zirzəmilərdəki kommersiya obyektlərinin qazla təchizatı, orada propan qaz balonlarından istifadə qanunla qadağandır:

“Qaz təchizatının qadağan olunmasına səbəb insanların həyat və sağlamlığının təhlükə risklərinin artmasından qorunmaq üçündür. İctimai iaşə müəssisələrində, insanların daha çox cəmləşdikləri məkanlarda hər hansı bir bədbəxt hadisə, fövqəladə hadisə vaxtı daha çox insanın xəsarət alma, zərər görmə ehtimalı var. Ona görə də bütün təhlükəsizlik tədbirləri önə çəkilməklə çox ciddi nəzarət mexanizmi olmalıdır.

Bu cür obyektlərdə propan qaz balonlarının istifadəsi isə olduqca təhlükəlidir. Nəzərə almaq lazımdır ki, partlayan propan qaz balonları çox böyük dağıdıcı gücə malik olur. Partlayışın gücü 10-15 kvadratmetrlik bir otaq üçün 100 minlərlə ton zərbə qüvvəsi deməkdir. Bu da qaz təchizatı, propan qaz balonlarının istifadəsinin nə dərəcədə təhlükəli olduğunu göstərir”.

Ekspert bildirib ki, insanların rahat, təhlükəsiz istirahət etmək, ictimai iaşə müəssisələrinin xidmətlərindən yararlanmaq hüquqları var:

“Ona görə də təhlükəsizlik tədbirləri mütləq görülməlidir. Bakıda yerləşən, istər təzə, istərsə də köhnə tikili çoxmənzilli yaşayış binalarının əksəriyyətinin birinci mərtəbəsində kafe, restoran, bar, dönərxana, çay evləri bu qəbildən olan ictimai iaşə müəssisələri kimi fəaliyyət göstərir. Demək olar ki, bunların əksəriyyətində propan qaz balonlarından istifadə olunur. Mütləq qaydada bu məsələ ilə bağlı geniş konsepsiyanın hazırlanması lazımdır. Bütün obyektlərin xüsusiyyətlərinə uyğun olaraq, təhlükəsizlik konsepsiyası olmalıdır”.

Yeri gəlmişkən, baş verən hadisə ilə bağlı Baş prokurorun müvafiq qərarına əsasən, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Qeyd edək ki, hadisə zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib.

Daha çox xəbərlər