Cəmiyyət 

Saçların yaz tökülməsi

Saçlar gözəllik nişanəsi, sağlamlıq göstəricisi və güzgüsüdür. Başda olan hər bir saçın ömrü orta hesabla 3-4 ildir. Buna görə də saçların daim tökülməsi normal və təbii qəbul edilir. Lakin yaz fəslində orqanizmdə mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bir sıra problemlər yaranır. Bunlardan biri də saçın sürətli tökülməsidir. Mütəxəssislər həmin halı mövsümlə əlaqələndirirlər.

ARANTV.AZ xəbər verir ki, həkim-trixoloq Aytəkin Quliyeva deyib: “Qışdan çıxan saçların növbəti fəsildə tökülməsi normal haldır, çünki həmin fəsildə saçlar vitamin çatışmazlığı yaşayır, günəş işığı görmür, orqanizm avitaminozdan əziyyət çəkir, meyvə-tərəvəzlə qidalanmır. İldə iki dəfə saçların fizioloji tökülməsi normal hal sayılır, çünki saçın üç sikli var: böyümə, dincəlmə və tökülmə fazası. Tökülmə fazası ildə iki-üç dəfə iki ay ərzində təkrarlana bilər. Bəzən bu tökülmə yaz və payız aylarında daha çox özünü büruzə verir. Hətta bəzən bunu patologiya hesab edirlər, lakin əslində bu, fizioloji bir haldır”.

Bir çox hallarda saçların tökülməsinin səbəbi düzgün olmayan qulluqdur. Tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, fenlə uzun müddət ərzində qurudulması və s. halları buna misal göstərmək olar. Saçlar getdikcə daha sürətlə tökülürsə, mütləq həkim-trixoloqa müraciət olunmalıdır, çünki saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər: “Bunun qarşısını almaq üçün, ilk növbədə, yaz və payız aylarında saçlara daha çox diqqət artırmaq lazımdır. Daxili orqanlarda çatışmazlıq varsa, mütləq bunu həll etmək lazımdır. Buna ehtiyac olmadıqda medikamentoz müalicə edilməlidir. Xanımlar ev şəraitində yaz və payız saç tökülmələrinin qarşısını almaq üçün müəyyən maskalardan istifadə edə bilərlər”, – deyə müsahibimiz bildirib.

Yazda saç tökülməsi ən çox qadınlarda müşayiət olunur. Xanımlar müxtəlif maskalardan istifadə etməklə həmin problemin öhdəsindən gələ bilərlər. Saçları yuduqdan sonra qaynadılmış soğan suyu ilə yaxalamaq tökülmənin qarşısını ala bilər. Mövsümündən asılı olaraq saçlarla problem yaşananda düzgün müalicə və qulluqla bunu aradan qaldırmaq mümkündür.

Daha çox xəbərlər