Region Xəbərləri 

Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasına dair təlimlərə başlanılıb

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən payızlıq taxıl əkinlərində aqrotexniki tədbirlərin, o cümlədən alaq otlarına qarşı mübarizənin aparılmasına dair yerlərdə maarifləndirici tədbirlərə başlanılıb. Belə ki, Beyləqan və Salyan rayonlarında taxıl sahələrində “Alaq otlarına qarşı mübarizə tədbirləri və pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlimdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəhbərliyi, yerli qurumların nümayəndələri, Aqrar Təlim mərkəzlərinin və Dövlət Aqrar İnkişaf mərkəzlərinin mütəxəssisləri, taxılçılıqla məşğul olan 40-dan çox fermer iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov iştirakçıları yaz tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, o cümlədən taxıl sahələrində yayılan alaq otlarının növləri, zərərləri, mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması, tətbiq olunan yüksəkkeyfiyyətli herbisidlər və onlardan istifadə qaydaları, eləcə də pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması qaydaları barədə məlumatlandırıb və tövsiyələr verib.

Sonra təlim iştirakçıları tərəfindən nümayiş məqsədilə seçilmiş 3 hektar payızlıq taxıl sahəsinə baxış keçirilib. Sahənin əsasən vələmir, qanqal, turpəng və digər alaqlarla sirayətlənməsi müəyyən olunub. Aqrar Təlim Mərkəzinin mütəxəssislərinin təşkilatçılığı ilə sirayətlənmiş sahədə alaqlara qarşı mübarizədə Resital Duo 452,42 q\l 2.4 D +Etyhylexylester + 6,25 q\l Florasulam təsiredici maddəli herbisidlərdən hektara 0.5 litr normasında məhlul hazırlanaraq taxıl sahəsinə tətbiqi əyani nümayiş olunub.

Təlimdə fermerlərə maarifləndirici bukletlər təqdim olunub, sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimlər respublikanın digər rayonlarında da davam etdirilir.

Daha çox xəbərlər