Torpağı Vətən edən şəhidlər FOTO
Ömür dediyin nədir? Tanrının verdiyi zaman payı. İnsanın doğuluşdan ölmünə qədərki fizioloji vəziyyəti…O, az da ola bilər, çox da…Əsası odur ki, Tanrının sənə tanıdığı ömür payını insan ömrü kimi yaşamağı bacarasan. Bu dünyadan köç edib gedəndən sonrada adın çəkiləndə «O, bü ömrü insan ömrü kimi yaşaya bildi» deyənlər olsun. Arxanca səni xatırlayanlar taplsın. Adın çəkiləndə rəhmətlə anılasan. Kim isə sənə oxşamağa çalışsın. Təbii ki, Allah hər bir insana ömrü fərd olaraq verir. Ömür fərdi, həyat şəxsi olsa da ömrü yalnız özü üçün deyil, təmsil olunduğu xalq, vətən, dövlət üçün yaşayanlar öz həyat fəaliyyəti, yaşam tərzi ilə ömrə məna, məzmun verib insanlığın zinəti ola bilirlər. Ömrü yalnız özü üçün yaşamayanlar xalqının, millətinin mənəvi pasportunua çevrilə bilirlər. Ömrünü bəşəri hisslərə sərf edib, xeyir əməl sahibi olanlar, bəzən az ömür sürsələrdə, əbədiyaşar olurlar. Min illər keçsə də tarixin hansı üzündən baxsan belə adamları görmək olur.
Elə insanlar da var ki, uzun ömürlü olurlar. 80 il, 100 il, bəzən bir qədər də çox yaşayırlar. Amma bu dünyaya vida edib getdiyi gündən nə adlarını xatırlayan olur, nə də bir izləri qalır. Belələrinin oldusu ilə öldüsünü bəzən yaxınları belə hiss etmirlər. Düşüncəmə görə insan ömrü aylarla, illərlə, deyil faydalılıq əmsalı ilə, gördüyü işlər, qoyub getdiyi əməllərlə ölçülməlidir. Dünyadan köçərkən torpaqın altında deyil insanların qəlbində izi qalanlar insan ömrü yaşayanlardır.
Müdriklərin belə bir deyimi var : «Gələcəyimiz üçün daim əlləşib- vuruşuruq, ağlımıza da gəlmir ki, can atdığımız gələcəyin son ucunda bizi ölüm gözləyir». Bir sözlə, ölüm istisnasız olaraq hamının, bütün yaranmışların keçəcəyi bir yoldur. Mövlanə Cəmaləddin ölümdən bəhs edərkən, «Ölüm-yaradılmışın Yaradana qovuşmasıdır, şəbi-ərus, yəni toy gecəsidir», demişdir. Ölüm həm də məşhər gecəsidir. İnsanın Yaradanı qarşısında bu dünyadakı əməllərinin hesabatdır . Məncə Mövlanənin bu kəlamı dünya malından çox Allahına üz tutan, onun mərhəmətinə və ədalətinə sığınan, heç bir təmənna ummadan canını Allahına təslim etməyi bacaran Şəhidlər haqqındadır. Şəhidlik Tanrı dərgahına gedən yoldur. Allahın sevdiyi bəndəsinə lütfüdür. Əbədiyaşarlıqdır! Şəhidlər Allahın seçilmiş bəndələridir. Şəhidlik Allahını və Vətənini ilahi eşqlə sevə bilən, dünyanın bütün nemətlərindən əl çəkib öz amalı, sevgisi, uğrunda vuruşduğu torpağı, Vətəni yolunda canını fəda etməyi bacaran bəndəsinə Allahın mükafatıdır. Allah hər bəndəsinə vermədiyi könül toxluğunu, mənəvi zənginliyi, dünya malına yox deməyi bacarmaq gücünü, nəfsinə qalib gəlmək qüdrətini şəhidinə verib, onu öz müqqəddəs dərgahı ilə mükafatlandırır. Şəhidlər torpağı vətən edən, ölümü öldürüb yurdu yaşadan qəhrəmanlardan olur. Şəhidlik Tanrı payıdır…
İllərdir ki, namərd düşmən torpağımızı işğal edib, yurdumuzu pis əməllərinin və pis niyyətlərnin poliqonuna çevirmişdilər. İllərdir ki, dağ da daş da , düşmən ayağa altında olan sinəsi yaralı torpaqda qisas deyib qeyrətli oğullarımızı döyüşə səsləyirdi. İllərdir ki, torpağ uğrunda canını fəda edib torpaqı yağıdan qoruya bilməyib, canlarını Vətənə qurban verib Şəhid olan nakam taleli oğullarımızın sərkərdan ruhlar bizi qisasa çağrırdı. Qisas qiyamətə qalmaz deyib, müdriklər. Nəhayət 2020- ci ilin 27 sentyabrında azğın düşmənə laiqli cavab vermək əzmində və qüdrətində olan cənab Ali Baş Komandan qəzəblə dəmir yumruğunu düyünləyib «yetər», dedi. O, andan xalq bir olub o qəzəbli yumruğa döndü. Oğullarımız Hərbi Səfərbərlik İdarələrinin qarşısına axışıb, döyüşmək , düşmənə laiq olduğu yeri göstərmək niyyətlərini bildirdirərək silaha sarıldılar. Analar döyşə uğurladıqları övladlarının arxasınca göz yaşı tökmədilər, su səpdilər. Oğullar «Təki Vətən sağ olsun deyib» əzmlə, əzəmətlə düşmənin üstünə yeridilər. Düşmənin üstünə gedənlərin sırasında Əli də var idi…
Əli Mehman oğlu Nağıyev 1991-ci il dekabrın 25–də Səbail rayonunda anadan olub. 1998-ci ildə Sabail rayonunda 91-nömrəli məktəbin birinci sinfinə gedən Əli doqquzuncu sinfi bitirdikdən sonra təhsilini 6 saylı Texniki Peşə Litseyində davam etdirərək sürücülük peşəsinə sahiblənib. 2010- cu ildə həqiqi hərbi xidmətə çağrılan Əli Nağıyev hərbi xidmətinin ilk aylarını Ağcəbədi rayonunda yerləşən N saylı hərbi hissənin minaatan bölüyündə keçirsə də sonralar hərbi xidmətini Ağdam rayonunda davam etdirməli olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir müddət Bakı şəhərində sürücülük edən Əli Nağıyev daha sonralar «Safir» otelində işə düzəlib. İşlədiyi müddətdə sadəliyi, səmimiyyəti ilə seçilən Əli Nağıyev kollektivin dərin hörmətini qazanıb. 2020-ci ilin yayında düşmənin Tovuz rayonu istiqamətində torpaqlarımızı işqal etməyə cəhd göstərməsi Əli Nağıyevin də qəzəbinə səbəb olur. O, yaşadığı rayonun Hərbi Səfərbərlik İdarəsinə gedərək düşmənlə döyüşə getmək niyyətində olduğunu bildirir. Əli Nağıyev 2020- ci il sentyabrın 20-dən Pirəkəşküldə hərbi təlimlərə cəlb olunub. 27 sentyabrda səhər tezdən Ermənstan silahlı qüvvələrinin torpaqlarımıza xaincəsinə basqını zamanı Füzuli rayonunda düşmənlə qanlı savaşa girənlərin sırasında səf tutan qəhrəman oğullarımızdan biri də Əli Nağıyev idi.
Əli Nağıyev 44 günlük Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. 20 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əli Nağıyev 22 oktyabrda Səbail rayonu Badamdar qəsəbəsində yerləşən Şəhidlər hiyabanında dəfn edilib. Vətən Müahribəsində göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Əli Nağıyev ölümündən sonra «Xocavəndin azad olunmasına görə» və «Vətən uğrunda» medalları ilə təltif edilib.
Anası Lalə xanım Əli haqqında xatirələrini göz yaşı içində bizimlə bölüşür:
– Əli gözümün ilki idi. Mehriban, olduqca səmimi, sakit, dindirməsən danışmayan, bir insan idi. Dünyaya gələndə də sakit, səsiz, küysüz gəlmişdi. Gəldiyi kimi sakit də getdi. Uşaq doğulanda, dünyaya gələndə ağlayar. Əli ağlamadan dünyaya gəlmişdi… Hamı, yanımızda olanlar təəccüb içində idi. Normal doğulmuş uşaq idi. Sakit- sakit baxırdı. Yedizdirdim yedi… Bədəninin 12 yerində xalı var idi. Dedilər ki, imamların şərəfinə adını Əli qoyaq. Elə də etdik. Uşaq vaxtı iki dəfə ölümdən qurtardı. Hər ikisində az qalmışdı maşın vursun. Möcüzə nəticəsində sağ qaldı. Allah qorudu balamı. Deməli balamın qismətinə Allah şəhidlik yazmışdı.
Əli 2020-ci ildə cismani ömrünün tamam olacağını bilirmiş kimi davranırdı. Müahribədən xeyli əvvəl, yatdığı çarpayının yanına, divar kağızına 25 dekabr 1991-ci il doğum tarixini, birdə 2020-ci il yazmışdı. Amma ay göstərməmişdi. Bir gün bu yazı gözümə sataşdı. Soruşdum ki, Əli, bu nə yazısıdır belə yazmısan? Məni öz adımla çağırardı. Dedi ki, « Lalə mənim yazmayıb yarımçıq saxladığımın ardını da sən yazarsan. Biz hamımız bu dünyaya qonağıq. İmtahan üçün gəlmişik bu dünyaya. Gərək elə ömür sürəsən ki, o dünyada da imtahandan keçə biləsən». Düzünü deyim ki, Əli dərslərini yaxşı oxuyan olmayıb. Dedim ki, Əli bu dünyada bir dəfə də olsun imtahan, yazı pozu haqqında düşünməmisən. Cavansan, o dünyada imtahan verəcəyini nə tez ağlına gəlib?
Güldü, «Mən də bir yerdə imtahan verməliyəm», deyib zarafata salıb keçdi. Heç dərinə də getmədim.
Əli , qardaşı Qahirlə və mən birlikdə bir dəfə Dənizkənarı parka gəzməyə getmişdik. Kənardan bir qaraçı qadın bizə baxırdı. Bir qədər bizi seyr etdikdən sonra yaxınlaşıb dedi ki, «Ay xanım, əlini ver taleyini oxuyum. Pulun, heç bir şeyin də lazım deyil». Yox, lazım deyil, dedim. Təşəkkür edirəm. Allah qismətimizə nə yazıbsa o da olacaq,deyib qadından aralanıb getmək istədim. Qadin Əlini göstərib «bu uşağı qoru, böyüyəndən sonra O, sizi bütün ölkəyə tanıdacaq. Ömrü qısa olacaq. Amma onunla bütün ömrünüz boyu fəxr edəcəksiniz»,dedi . Qadın sözünü deyib, bizdən aralanıb adamların içində gözdən itdi. Mən belə şeylərə heç inanmıram. Kim isə tale oxusun, baxıcılıq etsin. Bu qadının da sözü heç mənim üçün inandırıcı görünmürdü. Əli dərs oxuyan deyildi. Bizi Əlinin hesabın bütün Azərbaycanın tanımasını heç cür təssəvvür belə etmirdim. Ona görə də Əlinin qısa ömürlü olacağı barədə dediklərini də heç ürəyimə salmadım. Amma Əli böyüdükcə hər şey qeyri-adi olurdu. Əli bir növ nəzərimdə bəxtsiz övad idi. Qız istəyirdi, son məqamda alınmırdı. Biz qız seçirdik yenə düz gəlmirdi, son məqamda işi pozulurdu. Vallah, Əli yaraşıqlı, düşüncəli, oturuşunu, yerişini, duruşunu hərəkətlərini bilən ailəcanlı, qohumcanlı, qazancının qədrini bilən, heç bir pis vərdişi olmayan gənc idi. Amma bəxti gətirmirdi. Əslində Əli bunu heç özünə dərd də etmirdi. Yəqin Allahın onu nə ilə mükafatlandıracağını gözəl bilirmiş, balam.
Əli mənim sağ əlim idi. Hər sözümü, hər dərdimi Əliyə deyə bilirdim. Hər işi onunla məsləhətləşirdim. Allah Əliyə Vətən sevgisini hər şeydən çox vermişdi. Əli məni hərəkətləri, davranışı ilə sanki bu günə hazırlayırdı. Şəhidlər haqqında maraqlı söhbətlər edirdi. «Şəhidin üzünə cənnətin 8 qapısı aşıq olur», deyirdi. Deyim ki, Əli din ilə də məşqul idi. Deyim ki, hər hansı dini sektaya, cəryana qoşulmuşdu, yox. Belə bir şeydə yox idi. 2020-ci ilin yayında gedib könüllü yazılmışdı ki, Qarabağda döyüşsün. Səfərbərlikdən çağrış gələndə çox sevinirdi. 27-sentyabrda Füzuli rayonundan zəng vurmuşdu. Dedi ki, «Düşmənlə üz-üzəyəm. Döyüşürəm. Şəhid olsam haqqını halal elə».
Əlini yola salanda məni qucaqlayıb demiş di ki, « Arxamca ağlama, mənimlə fəxr elə. Oğul Vətən üçün, vətəni qorumaq üçün dünyaya gəlir». Dedim ki, Əli övlad da şirindir, Vətən də müqəddəsdir. Allah heç bir ananı seçim qarşısında qoymasın. Get Vətəni qoru! Düşmən qarşısından qaçsan südümü halal etmərəm. Əli dedi ki, «səndən bunu gözləyirdim».
Müharibə vaxtı tez- tez zəng edər, müjdə xəbərləri ilə bizi sevindirərdi. Sonuncu dəfə 17 oktyabrda danışmışdıq. Əhvalı yaxşı idi. Qələbəmizə inanırdı. Son danışığımızda dedi ki, «Lalə xatırlayırsanmı, qaraçı qadın mən uşaqkən demişdi ki, bu uşaqla fəxr edəcəksən. Bax, vaxt həmən vaxtdır.Haqqını halal elə, yolum Şuşayadır». Yolun açıq olsun, Əlim. Yolunu gözləyirəm. Bil ki, anan səninlə fəxr edir, dedim. Balam 20 oktyabrda Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə, Tanrısına qovuşub. Qəhrəmanlıq göstərib. Oğlumla fəxr edirəm. Bilirəm ki, Əlim cənnətdə məni gözləyir. Tanrım hökmünü tez versin,Əlimə tez qovuşum. Balama, gəlin gətirib , bəy otağı bəzəmədim. Amma tabutu bayarağımızla bəzənmişdi. Elin cınağında getdi son mənzilə. Nur içində yatsın.
Atası Mehman Nağıyevin xatirələri:
– Əli ailəmizin nübarı idi. İlk övladın şirinliyi, sevinci də bir ayrı cür olur. Atalığın, valideyinliyin müjdəsidir ilk övlad. Əslinə qalsa Əli anadan olanda da doyunca sevinə bilməmişdik. Onun dünyaya gəlişi də qeyri-adi olduğundan, doğularkən ağlamaması ömrü boyu bizə onun qorxusunu yaşadıb. Fikirləşirdik ki, yəqin bir çatışmamazlığı, filan ola bilər. Allaha şükür ki, hər şey gözəl oldu. Allah Əlimə gözəl boy- buxun, yaraşıq vermişdi. Ağıllı övlad idi, balam. Necə sakit gəlmişdisə dünyaya o təmkinini də qoruyub saxlamışdı. Adamı dinləməyi bacaran, öz fikri, öz sözü olan, müstəqil qərar verməyi bilən oğul idi Əlim. Haydan, küydən uzaq övlad olub. Allahın verdiyi ilə razılaşan, nədəsə gözü tamahı olmayan, həsəd, paxıllıq hissindən uzaq, içi sevgi dolu oğul idi, Əlim.
Biz əslən Ucar rayonun Təzə Şilyan kəndindənik. Ata yurdumuz, qohumlarımız Ucarda yaşayırlar. Yay tətilində, bayramlarda kəndə gedərdik. Əli bütün qohumların evin gəzər, kənd uşaqları ilə dostluq edərdi. Kəndə, təbiətə bağlı adam idi. Bakıya gəlmək vaxtı çatanda gəlmək istəməzdi. Dostlarından Əlini ayırmaq çətin olardı. Kənddəki dostları da Əlini çox sevərdilər. Əli sevgi adamı idi. Çox saf idi.
Allah ona sanki gedəcəyi bu yolu əvvəlcədən göstərmişdi. Harasa gedəcəyini özü bilirmiş kimi davranırdı… Evlənmək məsələsi gündəmə gələndə də «Darıxmayaq, səbirli olaq. Allah haqqımızda nə qərar versə o olacaq» kimi sözlər deyərdi .Müharibəyə gedəndə də elə belə dedi: «Hər işdə bir xeyir var. Yaxşı ki, evlənməmişəm. Yoxsa gözüm arxada qalardı».
Əlinin ayrlığı, həsrəti məni çox yandırır, lap çox. Amma düşünürəm ki, vətən yolunda gedib. Hər kəsə nəsib olmayan bir zirvəyə ucalıb. Allah balamı öz cənnəti ilə mükafatlandırıb. Bütün bunları düşünündə Əli ilə daha çox fərəhlənirəm. Mələk xislətli balam, mələk olub indi bizi oturduğu o uca məqamda gözləyir. Allah məqamını daha da uca etsin, oğul.
Qardaşı Qahir Nağiyevin xatirələri:
-Ailədə iki uşaq idik. Qardaşım məndən iki yaş böyük idi. Münasibətlərimiz elə idi ki, aramızdakı yaş fərqi də heç vaxt hiss olunmayıb. Çox sakit, güzəştə gedən, bir qədərdə ciddi təbiətli idi. Mübaisəni heç sevməzdi. Öz sözünü, fikrini deyib çəkilərdi bir kənara. Davadan dalaşdan uzaq adam idi. Heç xatırlamıram ki, nəyinsə üstündə mübahisə edək və ya dalaşaq, küsülü qalaq. Bir xasiyyəti var idi, adamın xatirinə dəyən nə isə bir söz dediyini hiss etsəydi, dərhal adamı qucaqlayar,üz –gözündən öpər çalışardı ki, adamın könlünü alsın. Çox zarafat edən deyildi. Amma zarafat edəndə də gözəl zarafat edərdi. Onun baməzə sözlərindən, zarafatından hamının xoşu gələrdi. Çox qətiyyətli insan idi. Sözünün üstündə duran, dediyini edən, və etdiyinə də peşman olan deyildi. Vətənpərvər idi. Içində özü boyda vətən sevgisi var idi. Həqiqi hərbi xidmətini Ağdam rayonunda çəkmişdi. O yerlərin meşələrini, dağlarını, çaylarını görüb onlar haqqında maraqla danışardı. Vətənimizin gözəl bir guşəsinin erməni işğalında qalmasını həzm də bilmirdi. 2020- ci ilin yayında ermənilərin torpaqlarımıza növbəti təcavüzündən sonra heç sakitlik tapa bilmirdi. Müharibə başlayanda sanki niyyətinə çatmışdı. Evdə qərar tuta bilmirdi. Atam, anam nə qədər etdilər ki, heç olmasa bir gün evdə qalıb, istirahət edib , sonra getsin. Razılaşmadı, sentyabrın 20-si axşamüstü Pirəkəşküldəki təlim mərkəzinə getdi.
Qardaşım, müharibənin birinci günündən döyüşlərdə iştirak edib. Hər danışanda da qələbənin bizim olacaqını «Bu utanca son qoyub, torpaqlarımızı azad edib,alnı açıq,üzü ağ yaşayacağıq», deyirdi.
Oktyabrın 17-dən sonra Əlidən bir də zəng gəlmədi. Oktyabrın 22-də anam mənə zəng vurdu ki, «Qahir tez evə gəl. Əlidən xəbər var». Həyətimizə çatanda anladım ki, bu xəbər bir ayrı xəbərdir. İnsanlar həyətimizə sel kimi axıb gəlirdi. Başa düşüdüm ki, mən bir də Əlinin gülən gözünü görməyəcəm. İsti nəfəsini duymayacam. Mənə mənalı- mənalı baxıb, «onu et, bunu etmə» deyən qardaşım birdə olmayacaq.
Qardaşımla fəxr edirəm. İllərdir, gözümü dünyaya açandan evimizdə işğalda olan Qarabağdan danışıldığını eşitmişəm. Məktəbdə müəllimlərimiz ermənilərin törətdikləri vəhşiliklərdən danışıblar. Düşünmüşük ki, bu torpaqlar mütləq azad olunmalıdır. Bu döyüşlərdə qardaşım da mən də iştirak etməliyik. Bu bizim həmişə vətəandaşlıq, insanlıq borcumuz olub. Əli həmişə deyərdi ki, «Mən Qarabağdan qaçqın düşən qocaları, qadınları anlayıram. Amma erməninin qabağından qaçan pəhlavan kimi gəncləri heç cür analaya bilmirəm. İnsan yurduna , Vətəninə sahib çıxmağı bacarmalıdır.Lazım gəlsə ölməyi bacarmalıdır. Amma bəziləri qoyub gəldiyi torpağın, yurd yerinin əvəzinə nə etsəm daha çox pul qazana bilərəm prinsipi ilə yaşayırlar. Qoyub gəldikləri torpağın, vətənin namusunu heç çəkmirlər». İndi mən deyirəm ki, qardaşım, vətənin, elin namusunu çəkən qardaşım, səninlə fəxr edirəm. Sən, səndən bəzi hallarda güclülərin, imkanlıların etmədiyini edə bilmək vicdanına, gücünə sahib oldun. Torpağı Vətən etdin. Zəfər bayrağımızı qaldıranlardan, başımızı ucaldanlardan oldun. İnsanlıqda, kişilikdə budur. Babaların bizə qoyub getdiyi əmanəti qoruyub, sahibinə qaytaranlardan oldun. Torpağın yumşaq, yerin rahat olsun.
Döyüş yoldaşı Ağayev Ağaların xatirələri:
– Vətən Müharibəsinin ilk günü, sentyabrın 27 də səhər tezdən Füzulidə Əli Nağıyevlə tanış olmuşam. Düşmən müxtəlif istiqamətlərdə ordumuzun mövqelərinə ağır artileriyadan, iri çaplı silahlardan atəş açaraq, ağır texnikanın müşayəti ilə irəliyə, ordumuzun yerləşdiyi mövqeylərə doğru hərəkət etməyə cəhd edirdi. Komandanlığın əmrinə əsasən biz cəmləşmə rayonundan döyüş mövqelərinə gedib, torpaqlarımızın müdafiəsi üçün tədbirlər görməyə başladıq. Düşmən 30 ilə yaxın idi ki,bu əraziləri işqal edib ciddi, topdağıtmaz istehkamlar , komanda müşahidə məntəqələri qurub, möhkəmlənmişdi. Amma düşmən bir şeyi unutmuşdu ki, nə qədər möhkəmlənsə də ayağının altındakı yad torpaqıdır. Niyyəti xalis deyil. Silahdan güc alsa da torpaqdan güc ala bilməyəcək. Torpaq da bizim torpağımız, vətən də bizim vətən idi. Savaşımız da haqq davası idi. Bilirdik ki, can verəsi olsaq da ölməyəcəyik, müqqəddəs bildiyimiz iş uğrunda Şəhid olacağıq. Elə ilk döyüşlər zamanı Əli Nağıyev hərəkəti, səmimiyyəti və təmkinli davranışı ilə diqqətimi çəkdi. Əli qorxu hissindən uzaq, hərəkətlərini idarə edə bilən, ən gözlənilməz məqamda vəziyyətdən çıxmağı bacaran, olacağı olduğu kimi qəbul edən, əsl döyüşçü xarakteri olan bir əsgər idi. Həqiqi hərbi xidmətdə olanda minamiyot bölüyündə xidmət etdiyindən həm avtomatdan istifadə edə bilirdi, həm də minamiyotçularla işləyirdi.
Havalar yağışlı keçirdi, yağış olmayanda da gecələr şeh düşüb üstümüzü isladırdı. Hava şəraiti heç yaxşı deyildi. 3 gün idi ki, aramsız yağan yağışlar nəticəsində tam islanmışdıq. Düşməni təqib edirdik. Gözləmədiyimiz məqamda dağların arxasından üstündə Azərbaycan bayrağı olan 12 ədəd tankın və 120-130 nəfər canlı qüvvənin müşayyəti ilə dairəvi, sep şəkilli düzülüşlə bizə doğru hərəkətini gördük. Elə zənn etdik ki, gələnlər bizim əsgərlər, tanklarsa ordumuzun düşməndən qənimət götürdükləri tanklardır. Üstünə bayrağımızı sancıblar ki, atəş açmayaq. Tanklar mövqelərimizə yaxınlaşıb, yerimizi dəqiqləşdirəndən sonra mövqələrimizi vurmağa başladılar. Məsafə də getdikcə daralırdı. Elə zənn edirdik ki, sonumuz çatıb. Üstümüzdə olan qumbaraları çəkib, təslim olmaqdansa özümüzü partlatmaq fikrindəydik. Bütün döyüş yoldaşlarımız belə düşünürdü. Bu zaman Əli və Cavid adlı döyüş yoldaşımız qumabraatanla , erməni tanklarıının öndə gələnin vurdular.Əligilin bu hərəkəti erməniləri qorxuya saldı. Bu an ermənilər təşviş içində geriyə, qaçmağa başladılar. Az keçmədi ki, düşmənin qənimi 052 –nin əsgərləri köməyə gəldilər. Birlikdə hücuma keçib düşməni darmadğın etdik. Düşmən döyüş texnikasın, silah sursatın atıb qaçırdı.
Əli ilə birlikdə, Cəbrayılda , Qubadlıda, Xocavənddə də döyüşlərimiz olub. Cəbrayılda çox dəhşətli bir mənzərə yaranmışdı. Orada ermənilər yüksəklikdə yerləşən bir yerə dirək basdıraraq xaç vurmuşdular. Cəbrayılın hansı tərəfindən baxsaydın bu xaç görünürdü. Həmən əraziləri azad edib, xaçın yerinə öz bayarağımızı asdıq. Ermənilər dəliyə dönmüşüdülər .Durmadan artileriyadan atəş açırdılar. Ətrafımız cəhənnəmə dönmüşüdü. Eyni zamanda təchizat- təminat yolumuz da bağlanmışdı. Aclıq bir yana , susuzluqdan çox əziyyət çəkirdik. Ermənilərin yaxınlıqda bostan yeri varmış. Əli Nağıyev ərazini gəzərkən aralıdan ermənilrin bostan yerini hiss edib, ora gedərək xeyli yemiş, qarpız gətirmişdi. Təbi ki, bu həmən məqamda həyati əhəmiyyətli, göydən düşmə bir şey oldu bizim üçün.
Əli Şəhidliyə tam hazır döyüşçü idi. Sanki öncədən şəhid olacağını hiss edirmiş kimi davranırdı. Oktyabrın 20-də gecə döyüşə getdik. Bizə həmin ərazinin Qubadlı rayonuna aid olduğunu demişdilər. Bəlkə də bilmirəm Xocavəndin ərazisi idi. Çox ağır döyüşlər gedirdi. Düşmən ciddi müqavimət göstərirdi. Artilleriya mərmiləri yağış kimi yağdırırdı. Gecədən başlayan döyüş səhər saat 10 –a kimi davam etmişdi. İtgilərimiz çox idi. Bu zaman Əlini fikirli- fikirli bir daşın üstündə oturduğunu gördüm. Sanki Əli Allahla danışırdı. Özünü ona təslim etməyə hazırlaşırdı. Yenə sakit, təmkinli görünürdü. Heç elə bil ətrafa düşənlər mərmi deyil, yaz yağışıydı. Dünya aləm Əlinin vecinə deyildi. Çox xoşbəxt görünürdü. Bu an Əlinin yaxınlığına mərmi düşdü. Toz dumana qarışdı. Bir qədərdən sonra Əlini oturduğu daşın yanında uzanıqlı vəziyyətdə görüb ona tərəf qaçdım. Əli uzanıqlı vəziyyətdə gülürdü. Başını qolumun üstə alıb Əli, Əli dedim. Əli cansız idi. Üzündən nur tökülürdü. Anladım ki, Əli daşın üstündə oturanda kəlmeyi şəhadətini deyib özün Allahımıza təslim edib. Bu döyüşdə bölüyümüzdən 27 şəhid verdik. Həmin məqamda yaxınlığıma düşən mərmi məni qayalara çırpdı. Kontuziya almışdım. Hər yan, yer göy fırlanırdı. Qulaqlarımdan qan gəlirdi. Müalicə olub gələndən sonra Əlinin məzarına getdim. Bizi ölümün pəncəsindən qurtaran döyüş yoldaşıma ondan sonra olanların hesabatını verdim. Əli, indi Qarabağ Azərbaycandır. Torpaqlarımız da azaddır. Yəqin ki, sən göydən, durduğun o yüksəklikdən bütün bunları görüb sevinirsən. Sənin canını fəda etdiyin o torpaqlarda, ermənilərin viran qoyub, xarabazara çevirdiyi Qarabağda böyük quruculuq işləri gedir. İndi Vətən torpağı da rahatdır. Sən də rahat yat, əziz dostum.
İnsan ömrü yola bənzəyir. Bir tərəfli hərəkətdə olan yola. Bu yolda geri dönmək, nəyi isə təkrar etmək, hətta etdiyin səhvləri düzəltmək mümkün deyil. Bəzən günlər, bir- birinə bənzəsə də, amma heç nə təkrar olunmur. Bugünkü gün dünənki gün kimi olsa da , sabahkı gün də bugünki günə bənzəsə də başqa-başqa tarixlər olur. Gərək Tanrının sənə verdiyi ömrü elə yaşayasan ki, bu rəngarəng dünyada seçilə biləsən. Rənglərin içində qarışıb yox olmayasan. Öz həyatın, öz dəsti-xəttin olsun. Belə bir ömür, əbədiyaşarlıq Tanrının seçib mükafatlandırdığı şəhidlərə nəsib olur. Vətən yolu sevgi yoludur. Sevərək yaşayanlar , sevilərək ölənlər ölməzlərdir.
Elşən Qəni









