Siyasət 

İdman həm də çevik siyasətdir

Bu günlərdə ölkə Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən demişdir: “Həm gənclər, həm də böyüklər arasında birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir”.

Bəli, Prezidentimizin təbiri ilə desək, cəmi qırx dörd gün ərzində tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürur, həm də böyük məsuliyyətdir. Ölkəmizin Beynəlxalq Olimpiya Komitəsinə və Avropa Oyunları Komitəsi ilə uğurlu əlaqələri Azərbaycanda idman siyasətinin gündən-günə genişləndiyini sübut edir. Respublikamızda idmanın kütləviliyinin təmin edilməsi, Azərbaycanın bütün bölgələrində mövcud olan idman infrastrukturundan geniş istifadə edilməsi bunun əyani təsdiqidir. Əgər faktlarla desək, artıq 50-yə yaxın zəngin Olimpiya İdman kompleksləri inşa edilərək idmançılarımızın sərəncamına verilib. Bu baxımdan həyata keçirilən bütün idman tədbirləri iştirakçılarının gündən-günə bu sahənin təkmilləşdirilməsinə, yeni-yeni uğurlar qazanılmasına kömək edir.

Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin qazandığı uğurlar dünya mətbuatında geniş əks-səda doğurub. Həmin yarışlarda qazanılan16 medaldan 7-si qızıl medal idi. Komandamızın simasında ölkəmizin bu yarışda birinci yerə layiq görülməsi Azərbaycanın uğurlu idman siyasətinin parlaq təzahürüdür. “Qoca qitə”də birinciliyi əldə etmək əlbəttə ki, böyük nailiyyətidir. Bunu yalnız güc, qüvvət paralelləri ilə ölçmək kifayət olmazdı. Əsas olan odur ki, həmin ölkədə ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müasir, müstəqil Azərbaycanın Dövlət himninin səslənməsi mənəvi cəhətdən ölkəmizin böyüklüyünü bir daha gündəmə gətirdi. Həmin gün hər bir azərbaycanlı üçün yad ölkələrdə səslənən Dövlət Himnimiz və dalğalanan, ucaldılan üçrəngli bayrağımız hamımızın qürur mənbəyinə çevrildi, mənəviyyatla güc, qüvvət bir araya gəldi.

Məlumdur ki, idmançılarımız Azərbaycan dünyada bir daha tanıtdırıb təbliğ edir, ölkəmizin zəngin tarixi keçmişini və bugününü bütün dünyaya qürurla çatdırırlar. Uzun illərin təcrübəsinə əsaslanan bu ənənə həm bilik, həm də səriştə çalarları ilə dünya miqyasında önəmli yerlərdən birini tutduğunu sübut edir. Azərbaycan el arasında tez-tez deyildiyi kimi, həqiqətən də tarixən güləşçilər diyarı olmuşdur. Hətta qədimlərdə belə toylarda, el şənliklərində pəhləvanlar daş qaldırmış, güləşmiş, yarışlar keçirmişlər. Gənclər belə şənliklərdə həmişə fəal iştirak etmiş, öz pəhləvanlarını maraqla izləmişlər. Güləş Azərbaycanda idmanın ən qədim, sevimli, milli növü kimi həmişə şan-şöhrət ocağı sayılmışdır. Nəsildən-nəsilə, eldən-elə keçərək bu ənənələr Azərbaycanı dünyada bir daha şöhrətləndirmişdir. Bu günlərdə 34 Avropa ölkəsi arasında qazandığımız qələbə bir daha buna sübutdur. Son illərin bu uğurları təsadüfən əldə edilməmişdir. Ölkəmizdə böyükdən kiçiyə qədər hamı yaxşı bilir ki, bu qələbələrimizin təməlində Müzəffər Ali Baş Komandan, sosial, siyasi-iqtisadi parametrlər üzrə həmişə müstəqil siyasət yeridən Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti dayanır. Artıq 30 ildən çoxdur ki, beynəlxalq arenalarda, həm də əlavə edək ki, siyasi arenalarda belə Azərbaycan qalib ölkə kimi təmsil olunur. Cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qalib ölkə imici ilə şöhrətlənən respublikamızın dostları, təəssübkeşləri getdikcə artır. Burada bir el məsələni xatırlatmaq yerinə düşərdi: “Qaliblərin dostu həmişə çox olar”. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizin, neçə deyərlər, ayağı sayalı, düşərli oldu. Qələbə qələbə dalınca gəlir. Çoxminli, ümumxalq Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Dəmir yumruğu idmançılarımızın əldə etdiyi qələbələrin sırasındadır. Bir vaxtlar öz qisasçılıq, işğalçılıq əməlləri ilə fəxr edən bədnam qonşumuz ermənilər indi dalbadal qazandığımız bu uğurlara baxdıqca xar olur, öz çirkin, könhə hücrələrinə qayıdırlar.

28 illik işğaldan azad edilmiş, qarşıdan gələn uğurlu azadlıq baharı ilə  çiçəklənməkdə olan Qarabağımızda da tezliklə idman inkişaf edəcəkdir. Bəli, Böyük qayıdışı, şanlı Zədərlərimizi modern yollarla reallaşdıran möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə orada müasir idman kompleksləri, geniş stadionlar inşa edilib idmançılarımızın istifadəsinə veriləcəkdir. Azərbaycan idmanının inkişafına gündən-günə qayğı və diqqətini artıran dövlətimizin başçısı bu dəfə də idmançılarla görüşündə əminliklə vurğulamışdır ki, Yay Olimpiya Oyunlarında da idmançılarımız yarışlarda qələbə qazanacaq və bu uğurlar həm də bütünlüklə qüdrətli Azərbaycanımızın gücünü dünyaya bir daha göstərəcəkdir. Əminliklə demək olar ki, bu gün ölkəmizin idmanı həm də Azərbaycanın çevik siyasəti ilə nəfəs-nəfəsə, əl-ələ zirvələrə doğru irəliləyir.

Tahir Məmmədov,
Respublikanın Əməkdar jurnalisti

Daha çox xəbərlər