Sülh gündəliyinin reallaşmasına doğru atılan addım – Brüssel görüşü
Belçikaya səfəri çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqı tərəfindən dəstəklənən mövqeyi Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur
Son illərdə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, qitə dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların artması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması dünya siyasətinin ən aktual mövzularındandır.
Başqa sözlə deyilsə Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqının rəsmiləri Prezident İlham Əliyevlə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son zamanlarda Prezident İlham Əliyev ilə dövlət və hökumət başçıları arasında intensivləşən dialoqlar, telefon danışıqları dövlət başçımıza beynəlxalq səviyyədə artan inam və etimadın göstəricisidir. Çünki Prezident İlham Əliyevin diplomatik müstəvidə göstərdiyi siyasi-diplomatik səyləri səmərəli və konstruktiv əməkdaşlığa əsaslanır.
Zəfərimizin Qalibi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderlik fəaliyyəti ilə bağlı açıqlamalar yenidən gündəmdədir. 44 gün davam edən Vətən müharibəsində XXI əsrin döyüş taktikası, hərbi qüdrəti, təcrübəsi ilə supergücləri belə heyrətləndirən Silahlı Qüvvələrimizlə bağlı deyilənlər, beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənən Azərbaycanın bölgədə yaratdığı reallıqların etirafıdır.
Ötən ilin dekabrında Brüsselə işgüzar səfəri zamanı Aİ Şurasının Prezidenti Şarl Mişellə görüşündə qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bölgədə sülhün təminatı üçün vacib amillərdən də ətraflı söz açmışdır. Bu günlərdə tarixi hadisə adlandırılan Brüssel görüşünü də Azərbaycan diplomatiyasının uğuru adlandırmaq olar. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü, Prezident İlham Əliyevin , Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə də söz sahibi həmişəki kimi Azərbaycan dövlətinin başçısı oldu.
Brüssel səfərindən əvvəl sülh müqaviləsinin imzalanmasında maraqlı olan, tərəflər arasında delimitasiya və demarkasiya ilə bağlı təkliflərin öyrənilməsi istiqamətində əməli fəaliyyət göstərən Azərbaycan işğalçı dövlətə ünvanladığı 5 baza prinsipi ilə humanitar siyasətini növbəti dəfə bəyan etdi. Belçika görüşündə də həmin şərtlərin əsl mahiyyəti diqqətə çatdırıldı. Dövlətlərin biri-birinin suverenliyini , ərazi bütövlüyünü, beynəlxalq səviyyədə qəbul olunmuş qaydalara uyğun sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyin qarşılıqlı şəkildə tanınması, ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi, dövlətlərarası münasibətlərdə təhlükəsizliyə xələl gətirməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması kimi təkliflərin əsas mahiyyəti Ermənistanın Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul etməsi və ölkəmizin ərazi bütövlüyünü tanımasından ibarətdir.
Brüssel görüşündə müzakirə olunan məsələ ilə bağlı qalibə layiq çıxışı, dünya siyasətini, reallıqlarını düzgün təhlil etmə bacarığı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının dünya birliyi və bölgə üçün əhəmiyyətini yaranmış vəziyyətə uyğun aydınlıq gətirməklə diqqətə çatdıran Prezident İlham Əliyevin sözlərinin hər biri lider qətiyyətinin ifadəsi idi. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün başlıca amil olan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Avropa İttifaqının göstərdiyi səylərin səmimi, tərəfsiz olması görüşdə diqqətçəkən amillərdən olmaqla Azərbaycan həqiqətlərinin Qərb tərəfindən təsdiqi, inandırıcı addım idi.
Görüşdə Şuranın Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirən Prezident İlham Əliyev Aİ-nin sülh gündəliyinin davamlı olmasına xidmət edən üçtərəfli formatda keçirilən görüşlərin səmərəli olacağını bildirdi.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşün yekunlarına dair bəyanatında qeyd olunduğu kimi, Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ-nin əlaqələrini inkişaf etdirmək üçün bu görüş mühüm əhəmiyyət daşıyır. Gərginliyin aradan qaldırılmasını təmin edəcək sıx əməkdaşlıq, regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın qurulmasına kömək etmək məqsədilə Aİ-nin tərəfsiz mövqeyi təqdirəlayiqdir. Açıqlamalardan aydın oldu ki, Aİ Ermənistan və Azərbaycan ilə əməkdaşlığını dərinləşdirməkdə qərarlıdır. Şarl Mişel etimad və birgəyaşayışı təşviq edəcək prinsiplərin əhəmiyyətindən söz açaraq həll edilməmiş humanitar məsələlərin, o cümlədən saxlanılanların azad edilməsi və itkin düşənlərin probleminin hərtərəfli həllinin tam və tezliklə sürətləndirilməsinin vacibliyini vurğulayıb: «Aİ, həmçinin Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, habelə humanitar minatəmizləmə səylərini, o cümlədən ekspert məsləhətinin verilməsi və maliyyə yardımının artırılması, habelə münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işləri yolu ilə dəstəkləməyə davam edəcək.»” Bu fikri səsləndirən Şarl Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı məsələlərdən də söz açdı: «Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.»” Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasının müzakirəsi ilə bağlı Aİ-nin mövqeyini açıqlayan Şuranın Prezident Şarl Mişel dəmir və avtomobil yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistanı və Azərbaycanı nəqliyyat əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa çağırdı. Qeyd olundu ki, Aİ İqtisadi və İnvestisiya Planına uyğun və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə kommunikasiya kanallarının inkişafına dəstək verməyə hazırdır. Tərəflər arasında aparılan dialoq və müzakirələrdə Azərbaycanın qətiyyətli və haqlı mövqeyi növbəti dəfə dəstəkləndi. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun yüksək qiymətləndirilməsi, regionda sabtliyin təminatı, beynəlxalq hüquq normaları əsasında sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı ölkəmizin göstərdiyi qətiyyətin ABŞ və dünyanın aparıcı gücləri tərəfindən yüksək dəyərləndirilməsi diplomatiyamızın qazandığı daha bir uğurdur. 44 gün davam edən müharibəni Zəfərlə başa vuran, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan əslində ərazi bütövlüyünü bərpa edib. 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında imzalanan üçtərəfli bəyanatlarda da bu reallıq təsdiqlənib.
Sənədlərdə «Dağlıq Qarabağ» ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupu həmsədrlik institutuna istinad olunmaması onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Çünki Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır. Bu yenilik Azərbaycanın Ermənistana ünvanladığı 5 təklifin beynəlxalq səviyyədə dəstəklənməsinin ifadəsidir. Avropa İttifaqının işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində ölkəmizə yardımı Azərbaycana humanitar dəstəyin təzahürüdür.
Müzakirələrdə sülh anlaşmasının işlənməsi və hazırlanması prosesinin hər iki ölkənin Xarici İşlər Nazirliklərinə həvalə olunması, Birgə Sərhəd Komissiyasının yaradılması iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin həllinə inamı artırır. Ölkələr arasında kommunikasiyaların bərpası, Avropa İttifaqının qlobal dəmir və avtomobil yollarının bərpası istiqamətində irəli sürülən təşəbbüsləri dəstəkləməsi Zəngəzur dəhlizinin bərpasına beynəlxalq səviyyədə yandırılan «yaşıl işıq»dır. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması ilə bağlı qərarın qəbulu bu sahədə işləri intensivləşdirəcək. İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan özünü mühüm imkanlardan məhrum edir. Halbuki Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir əldə etməsinə imkan verə bilərdi. İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran ərazisindən keçməklə reallaşdırmasına qərar verdi. Ermənistan yenə də oyundankənar vəziyyətdə qaldı”. Artıq proses başlayıb. Təbii ki, yeni mərhələdə Ermənistan öhdəliklərinə əməl etməsə İrəvanın daralan yolları çıxılmaz dalana dirənəcək. Aİ-nin təşəbbüsü ilə iki mərhələdə keçirilən üçtərəfli görüşlərin Brüssel raundu da Azərbaycanın xeyirinə 2:0 hesabı ilə nəticələndi. Məğlub olduğunu rəzilliyi, bükülmüş boynu, «bədən dili» ilə bildirən Ermənistanın baş naziri Nikol Paşinyan hesabın artırmasını istəmirsə Qalib Azərbaycanın şərtlərini qeyd-şərtsiz yerinə yetirməlidir.

