Şagirdlərin imtahanda aşağı nəticə göstərməsinin ƏSL SƏBƏBİ – Kimdir müqəssir?
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. 93 min şagird imtahan verib ki, onların arasından cəmi 2 nəfər yüksək nəticə əldə edib.
Rəqəmlər nisbətini müqayisə edəndə nəticə çox üzücüdür. Buna görə “Məktəblərdə dərs keçilmir” – deyib, övladlarını hazırlıqlara göndərən valideynlərdirmi günahkar, yoxsa məktəb?
Milli.Az son imthan nəticələrinin belə bərbad vəziyyətinin səbəbini müəyyənləşdirmək üçün təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib:
“İmtahan verən şagird sayı kifayət qədər çoxdur və nəticə etibarilə cəmi 2 nəfər maksimum 300 bal həddində nəticə verə bilib. Cəmi iki nəfər 300 bal toplayıbsa bu, ümumi imtahan göstəricilərinin aşağı olması demək deyil. Çünki biz balları intervalla götürsək 200 baldan 300 bal aralığında kifayət qədər şagird nəticə göstərib. Təbii ki, 2019-cu ildən bu tərəfə kurikulum sistemi ilə qəbul, buraxılış imtahanları keçirilir və bu sistemdə olan açıq yazılı suallar şagirdlərin imtahan nəticələrinə təsirsiz ötüşmür.
2018-ci ilin qəbul imtahanlarında artıq test üsuluna abituriyentlər o qədər öyrəşmişdi ki, ümumi imtahanda yüksək nəticə əldə edənlərin, yəni 700 bal toplayanların sayı bir ildə 29 nəfər olmuşdu. Həmin tarixə qədər belə nəticə heç vaxt qeydə alınmamışdı və bu, bizim üçün bir rekrod göstərici idi. Ondan sonra isə təbii ki, kurikulum sisteminin tətbiqi yüksək nəticə əldə edilməsinin demək olar ki, üzərindən birbaşa xətt çəkdi. Təsadüfü hallarda 700 bal toplayan bir-iki şagird oldu. İndi eyni nəticəni bu il üçün də sözün açığı cəmi bir nəfər ola, ya olmaya.
Orta ümumtəhsil müəssələrində konkret olaraq şagirdlərə müəyyən fənlər üzrə bilik öyrədilir. Dövlət İmtahan Mərkəzi isə konkret olaraq ixtisas qruplarına görə qəbul aparır. Əgər düşünsək, bunun da gələcəkdə vahid bir sistemə salınması vacibdir. Yəni şagird artıq konkret olaraq ya orta ümumtəhsil müəssisələrində təmayülləşməlidir, konkret ixtisas üzrə hazırlaşmalıdır və yaxud da DİM-in qəbul formatını bir qədər dəyişmək lazımdır. Yəni kurikulum sistemində açıq yazılı sualların qiymətləndirilməsi ilə bağlı müəyyən problemlərin olduğu bildirilir. Bu problemlər də ümumi nəticələrə və digər imtahan məsələlərinə təsirsiz ötüşmür.
Valideynləri burada günahkar çıxarmaq heç məntiqi deyil. Çünki əgər orta ümumtəhsil müəssisələrində təhsil yaxşı tədris olunarsa, keyfiyyətli təhsil verilərsə, valideynlər istənilən halda övladlarının birbaşa məktəbdə hazırlıqlarına imkan yaradarlar. Yəni uşaqlar o bilikləri yalnız məktəbdə öyrənərlər. Amma valideynlər bu dəqiqə məktəblərdə keyfiyyətli təhsil olmadığına görə əlacsız qalıb, hazırlıqlara pul xərcləyirlər, övladlarını hazırlıqlara göndərirlər.
Biz təkcə buraxılış imtahanının nəticəsini bilib, bu şəkildə danışırıq, amma nəzərə alsaq ki, hələ qarşıda blok imtahanları var və orada da şagirdlərin hansı nəticə əldə edəcəkləri bilinəndən sonra konkret fikir yürüdə bilərik. Amma konkret olaraq məktəblərdə təhsilin səviyyəsinin hansı halda olduğunu da bu gün, sabah keçiriləcək 9-cu siniflərin buraxılış imtahanlarında, eyni zamanda ondan sonra keçiriləcək 9-cu siniflərin buraxılış imtahanlarında tam açıq şəkildə müəyyən etmək olar. Yəni artıq bilirik ki, 9-cu sinif şagirdləri orta ümumtəhsil müəssisələrində oxuyurlar. Deyək ki, bu gün onların içərisindən 90 min nəfər buraxılış imtahanı verirsə, o 90 minin təxminən 50-60 %-i konkret olaraq ixtisas qrupu üzrə hazırlaşır. Yerdə qalanlar isə orta ümumtəhsil müəssisələrində dərslərini alırlar. Əgər onların nəticəsi aidiyyatı dövlət qurumları üçün maraqlı olsa, təhlil edə bilərlər ki, orta ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti hansı haldadır”.

