BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır
Azərbaycan yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Bu, davamlı və dayanıqlı inkişaf yolunda olan dövlətimizin beynəlxalq aləmdə gündən-günə nüfuzunun artmasında rol oynayır. Ölkəmiz mötəbər tədbirə – Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etdi. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv olduğu illər ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir QH-nin dövlət və hökumət başçılarının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş 18-ci Zirvə Görüşü zamanı Azərbaycan QH-də sədrliyi qəbul edib. Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməlidir, lakin QH üzv dövlətlərinin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı.
Qoşulmama Hərəkatı özündə 120 dövləti birləşdirir və dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır. Azərbaycanın bu qədər böyük və nüfuzlu təşkilata sədrlik etməsi, sədrlik müddətinin daha bir il uzadılması istəyi də ölkəmizin beynəlxalq nüfuzundan qaynaqlanır.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladıqdan sonra Hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, Hərəkat üzvlərinin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi istiqamətində ciddi işlər həyata keçirib.
Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının sənədlərində dəstəklənibdir.
Vətən Müharibəsi dövründə Qoşulmama Hərəkatı üzvlərinin güclü siyasi həmrəyliyi və dəstəyi oldu. BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə QH-nin və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.
Azərbaycan Respublikasının Beynəlxalq təşkilatlardakı fəaliyyəti uğurla davam edir. Qoşulmama Hərəkatına Azərbaycan üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir və müharibədən sonra bu istiqamətdə əlavə önəmli hadisələr baş vermişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Hərəkatın XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığının parlaq göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.
Prezident İlham Əliyev hər zaman milli maraqlar zəminində dünya siyasətində mühüm rol oynayan beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə nail olur. Azərbaycan Respublikası dövlətimizin başçısının rəhbərliyi altında bu məsuliyyətli missiyanın da öhdəsindən layiqincə gəlir.

