Gündəm 

İqtisadiyyatın dayanıqlı inkişafı müasir təhsilə və yeni texnologiyalara əsaslanır

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın uğurlu icrası Milli Prioritetlərin reallaşmasına böyük dəstək olacaq

Azərbaycan dünyada yenilikçi, innovasiyalar ölkəsi kimi tanınır. Bu uğurumuzu şərtləndirən əsas amil, təbii ki, islahatların qaçılmazlığı və onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsidir. Hazırda ölkəmiz inkişafın yeni mərhələsini yaşayr. Torpaqlarımızın işğaldan azad edilməsi və bərpa-quruculuq işləri ilə bağlı görüləcək işlər yeni Dövlət proqramlarının qəbulunu, həmin sənədlərdə müasir dövrün tələblərini özündə əks etdirən müddəaların yer almasını bir zərurət kimi qarşıya qoyur. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Qeyd etdiyimiz kimi, torpaqlarımız işğaldan azad olundu, dövlət başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı, təsdiqlənən Milli Priortietlər sahibinə qovuşmuş ərazilərimizin malik olduqları potensialdan daha səmərəli istifadə etməyə geniş imkanlar yaradacaq. Əsas hədəflərdən biri bu torpaqları böyük investisiyalar məkanına çevirmək, Azərbaycanı dayanıqlı inkişafına davamlı töhfələr verməkdir.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ölkəmizin bu və ya digər sahələrdə malik olduğu imkanların, elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının, ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təcrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Xatırlasaq 2019-cu ildə Azərbaycan dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi etdi. Tədbirdə çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”in, ABAD-ın uğurlarından geniş bəhs edərək bu mühüm məqamı xüsusi qeyd etdi ki, biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmiş və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Tədbirdə çıxış edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Azərbaycanın innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaratdığını önə çəkərək bildirmişdir ki, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısaldılıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyət şəffaflaşdırılıb. Azərbaycan bu nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib.

Göründüyü kimi, Azərbaycanın yeniliklərə imza atması, daim təkmilləşməyə maraq göstərməsi beynəlxalq səviyyədə də təqdir edilir, ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanır. Dövlət başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin priortetliyi xüsusi olaraq önə çəkilir. “Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar” söyləyən ölkə Prezidenti davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırır. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün yeni texnologiyaların inkişafı və tətbiqi əsasdır. Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadisələrdən biri kimi 2018-ci ildə İmişlidə “ASAN Həyat” kompleksinin açılışında robot “Sofiya”nın iştirakını da qeyd edə bilərik. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Azərbaycandakı yenilikləri, təkmilləşməni yüksək dəyərləndirən “Sofiya” bildirmişdir ki, “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir.

Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyası əsasında həyata keçirilməsi də Azərbaycanın yenilikçiliyini nümayiş etdirir. Gün gələcək Azərbaycan «ağıllı şəhər» və «ağıllı kənd» layihələri ilə dünyanın diqqətində olacaq. Müasir dövrün tələblərinə əsaslanan layihələrin hər biri kadr potensialının önəmini də aktuallaşdırır. Kadr islahatların aparılması, yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində dövlətin atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Bu baxımdan Milli Prioritetlərdə əksini tapan əsas hədəflərə və onların icra mexanizmlərinə diqqət yetirək. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Hər bir hədəf, prioritet yeni texnologiyaların tətbiqini bir zərurət kimi ortaya qoyur. «Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı» prioriteti özündə bu çağırışları ehtiva edir ki, perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunmalıdır: XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzi.

Bu mühüm məqam da xüsusi qeyd edilir ki, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır.

Son illərdə ölkəmizdə təhsilin, elmin, yeni texnologiyaların inkişafı istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Xronologiyaya nəzər salaq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənələri Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra da uğurla davam etdirilmiş, bu dövr ərzində insan kapitalının inkişafı ilə bağlı dövlət strategiyaları və Dövlət proqramları reallaşdırılmışdır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilmişdir. Dövlət Proqramının uğurlu icrası nəticəsində gənclərin xaricdə təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə vermişdir. Həmçinin dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Bu fikir daim önə çəkilir ki, bir dövlətin gələcək inkişafını uğurlu təmin etməsində onun bilikli, savadlı, vətənpərvər gəncliyə sahib olması önəmli məsələdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarının, atdığı addımların, imzaladığı Fərman və sərəncamların mahiyyətində də məhz bu məsələ dayanır. Cənab İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərək bu davamlı addımları ilə reallığa çevirdi. Ölkə Prezidentinin Sərəncamı ilə bu il təsdiqlənən «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı» da atılan addımların tərkib hissəsidir. Sənədin əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Qeyd edilənlər fonunda bu ümumiləşdirməni apara bilərik ki, atılan hər bir addım bir məqsədə xidmət edir- Ölkəmiz daha da qüdrətlənsin, güclənsin. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir. Dünyanı bürüyən maliyyə və iqtisadi böhranı dövründə, hal-hazırda koronavirus infeksiyası ilə mübarizənin aparıldığı zamanda Azərbaycan iqtisadiyyatının dayanıqlığının təmin olunması deyilənlərə bariz nümunədir. Uğurlarımız nikbin proqnozlara əsas verir. Belə ki, Prezident İlham Əliyevin uğurlu islahatları nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub. 2021-ci ildə ölkədə ÜDM-in real artımı 5 faizdən çox, o cümlədən qeyri-neft ÜDM-in artımı 7,2 faiz olub, 2022-ci ildə isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2021-ci ildə il 270 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür. 2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz olduğu halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb.

2030-cu ilədək olan dövrü əhatə edən Milli Prioritetlərin uğurlu icrası daha yüksək nəticələrə yol açacaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan müasir çağırışları özündə əks etdirən bərpa-quruculuqdan sonra dünyanın diqqətində olacaq.

Daha çox xəbərlər