Ulu Öndər Heydər Əliyevin yürütdüyü müdrik, uzaqgörən dil siyasətinin məntiqi nəticəsidir”
“Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol açması Ulu Öndər Heydər Əliyevin yürütdüyü müdrik, uzaqgörən dil siyasətinin məntiqi nəticəsidir”
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər birmənalı olaraq Ulu Öndərin Azərbaycan qarşısında olan misilsiz xidmətlərindəndir. Ümummilli lider deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Həqiqətən də Ulu Öndər bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Məhz ümummilli liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı”.
Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi və azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlərə imza atdı. Ulu Öndər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid və bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulayırdı.
Prezident İlham Əliyev də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının dövlətimizin və xalqımızın problemləri ilə yaşamalı olduğunu xüsusi vurğulayır. Prezident problemlərin həlli üçün azərbaycanlıların əlindən gələni etməli olduğunu ayrıca qeyd edir. Bu fikirlərə keçilən yolun zirvəsindən baxdıqda, yeni vəzifələr təsiri bağışlayır.
Bu aspektdən çıxış edərək artıq cəmiyyətimiz dövlət quruculuğu prosesində yeni səviyyədə aktivlik göstərməlidir. Azərbaycan diasporu bu gün bir məslək və əqidə ətrafında yetərincə birləşərək, ölkəmizin mənafeyi istiqamətində ardıcıl iş aparır. Bunu müasir dövrün qoyduğu şərtlər, meydana çıxardığı çağırışlar tələb edir. Əgər dünya azərbaycanlılarının birinci qurultayında ümumi vəzifələr müəyyənləşdirilib diaspor fəaliyyətinin təşkilatlanması və sistemli şəkildə aparılması qərara alındısa, ikinci, üçüncü və dördüncü qurultaylar dünya azərbaycanlıları qarşısında daha konkret problemlərin həlli vəzifəsini qoydu.
“Ulu Öndər Heydər Əliyev Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə nail olub. İlk növbədə məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dili artıq sovet dönəmində dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər respublikalarda fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazırdılar. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, Azərbaycan dilinin nüfuzu bir daha təsdiq edilib. Nəhayət ən əsası, ümummilli liderimiz bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol açması, yüksək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndər Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən dil siyasətinin məntiqi nəticəsidir”,
Əhmədzadə Əfsanə

