Siyasət 

Qurultayda verilən mesajlar diasporun fəaliyyətində yeni yol xəritəsidir – Diaspor nümayəndəsi

Diasporumuzun tarixi Zəfərimizdən sonra ilk böyük görüşü

Həmvətənlərimiz Şuşadan birliyimizi, həmrəyliyimizi bəyan edir, Şanlı Qələbəmizin rəmzi olan “Dəmir yumruğ”un gücümüzün sübutu olduğunu bir daha dünyaya çatdırırlar

Dünya Azərbaycanlılarının V Qurultayının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumu­zun düşmən işğalından azad etdiyi Qarabağın incisi, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi, mənəvi və simvolik əhəmiyyət da­şıyır.

Tədbirdə təxminən 65 ölkədən 400- ə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi qurultayda müvafiq komitənin hesabatı dinlənilməklə bərabər, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qaraba­ğın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələr keçirilir.

Diaspor nümayəndələri qurultayla bağlı təəssüratlarını “İki sahil”lə bölüşdülər:

Qurultay diasporun fəaliyyətinin güclənməsində böyük rol oynayacaq

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva bildirdi ki, bu, son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qara­bağın azad olunmasından sonra ilk böyük görüşüdür: “Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi, üstəlik, bu addımın torpaqla­rımızın işğaldan azad olunduğu dövrdə atılması, eləcə də soydaşlarımızın Ali Məclisinin Şuşada təşkil edilməsi hər birimiz üçün qürurverici faktdır. Qoy dostlarımız da, düşmənlərimiz də görsünlər ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti hər bir soydaşımı­zın istənilən arzusunun reallaşdırılması­nı təmin etmək iqtidarındadır. Hər birimiz böyük fəxr və qürur hissi keçiririk. Mən bir daha azərbaycanlı olmağımla fəxr etdim. Bizə belə möhtəşəm sevinc hissini bəxş edən Müzəffər Ali Baş Komandanımıza, şanlı ordumuza minnətdarıq. Bu torpaqların azadlığı uğrunda şəhid olan Vətən övladlarının ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.”

N. Hacıyeva diqqətə çatdırdı ki, bu qurultay diasporun fəaliyyətinin güclənməsində böyük rol oynayacaq. Çünki biz artıq qalib ölkənin diasporuyuq. Burada verilən qərarlar, panel müzakirələr diasporun fəaliyyətinin yeni yol xəritəsidir. Biz növbəti 5 ildə Zəfər Qurultayının yeni çağırışlarına uyğun aparacağıq.

Müsahibimiz vurğuladı ki, dünya azərbaycanlılarının öncəki qurultaylarında Prezident İlham Əliyev Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirmişdi.Bu günün reallığı göstərir ki, dövlət başçımız öz sözündə, vədində qətidir. Cənab Prezident üzərinə götürdüyü bütün öhdəlikləri, vədlərini həmişə yerinə yetirdiyini əyani şəkildə sübut etdi. Zəfər Qurultayı da bunun bariz nümunəsidir. Cənab Prezident bir daha dünyaya mesaj verdi ki, Azərbaycan təkcə Ermənistanla, dünya erməniliyi ilə müharibə aparmayıb, onun himayədarları ilə müharibə aparıb və  tarixi Zəfər qazanıb. Bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir.

Şuşa Qurultayı postmünaqişə dövrünün reallıqlarının təbliğində diasporumuzun da üzərinə böyük məsuliyyət düşdüyünü bir daha önə çəkdi

“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi Seymur Nəsirov qeyd etdi ki, bu qurultayda iştirak etmək hər birimizin arzusu idi.  Bu hissləri sözlərlə ifadə etmək mümkün deyil. Uzun illər həsrətini çəkdiyimiz bu torpaqları  almaq, işğaldan azad olunmuş ərazilərimizə qalib xalqın nümayəndəsi olaraq ayaq basmaq hər bir azərbaycanlının arzusudur və qürurvericidir. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz həm erməni vəhşiliyinin, həm də Qarabağda geniş­miqyaslı bərpa-quruculuq işlərinin şahidi olurlar.

S.Nəsirov xatırlatdı ki, cənab Prezident 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında  çıxış edərkən diasporların qarşısında yol xəritəsi qoymuşdur: “Yadıma düşür ki, torpaqlarımızın işğaldan azad olunması üçün nə etməyimizi  qarşımıza  mühüm vəzifə  qoymuşdu. Xüsusən də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması  bizim fəaliyyətimizin prioritet istiqaməti olmuşdu. Dövlət başçımızın bugünkü çıxışında isə artıq müharibədən sonra  diasporların nə edəcəyinin yol xəritəsini çəkdi. Xüsusən də Azərbaycanın təbliğatı istiqamətində yaşadığımız ölkədə hansı  şəkildə təbliğat aparmalı olduğumuzla, Vətənimiz Azərbaycanla yaşadığımız ölkənin əlaqələrinin inkişafında fəaliyyət göstərməyimizi, eləcə də azərbaycançılıq məfkurəsinin çatdırılması ilə bağlı  mühüm vəzifələrdən söz açdı. Azərbaycan dilinin təbliğinin nə qədər önəmli olduğu  bir daha diqqətə çatdırıldı. Eyni zamanda, dövlətimizin  başçısı  bildirdi ki, torpaqları azad etməklə işimiz bitmir. Hər bir azərbaycanlı Vətənizimizin inkişafı üçün bütün güclərinizi səfərbər etməlidir.

Cənab Prezidentimiz Şuşadan dünyaya Azərbaycan xalqının milli birlik və vahid ideologiya ətrafında  birləşdiyinin mesajını verdi

Kiyev Azərbaycanlıları Konqresinin Gənclər sektorunun əməkdaşı  Möminə Xatun Səttarova bildirdi ki, Ümummilli Liderin  23 may 2001-ci il tarixli  Sərəncamına əsasən, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi.   Bundan sonra 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının İkinci, 2011-ci il iyulun 5–6-da Üçüncü, 2016-cı il iyunun 3–4-də Dördüncü Qurultayı baş tutub. Artıq hər 5 ildən bir keçirilən Dünya Azərbaycanlılarının Qurultayları günbəgün güclənən birliyin, həmrəyliyin təqdimatıdır.

Müsahibimiz vurğuladı ki, Dünya Azərbaycanlılarının V Qurultayı həm də onunla əlamətdardır ki, torpaqları­mızın işğaldan azad olun­duğu dövrə təsadüf edir. Tədbirin Şuşada keçirilməsi isə böyük tarixi əhəmiyyət və rəmzi məna daşıyır: “Zəfər Qurultayının mədəniyyət beşiyimiz, Qarabağımızın incisi Şuşada keçirilməsi vahid birliyimizin dünyaya mesajıdır. 44 günlük Vətən  müharibəsi ərəfəsində xaricdə olan  Azərbaycan diasporları sözün əsl mənasında  bütün streotipləri qıraraq  ermənilərin yalan mexanizmi darmadağın etdi. Diaspor fəaliyyəti milli birlik və həmrəylik ideyası ətrafında təşkilatlanmaqdır. Qarşımıza qoyulan məqsəd isə yaşadığımız ölkələrdə milli-mənəvi dəyərlərimizin təbliğini daha artırmaq, Qarabağ- Azərbaycan həqiqətlərinin dünya birliklərinə çatdırılma formasını daha da genişləndirmək, eləcə də erməni vandalizminin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri daha çox dünya ictimai birliklərinin gündəmində tutmağa çalışmaqdır.”

Həmsöhbətimiz qeyd etdi ki, cənab Prezidentimiz İlham Əliyev Şuşadan dünyaya Azərbaycan xalqının milli birlik və vahid ideologiya ətrafında  birləşdiyinin mesajını verdi: “Erməni faşizminin, Azərbaycana  qarşı mənfur fikirlərinin, yalan kampaniyalarının hələ də davam etdiyini diqqətə çatdırdı.  Azərbaycan Ordusunun döyüş qabiliyyətini, milli ruhun, vətənpərvərliyin çox yüksək səviyyədə  olduğunu vurğuladı. Cənab Prezidentimiz diaspor fəaliyyətlərinin yeni mərhələyə addım atdığını qeyd etdi. Azərbaycan diasporunun bundan sonra daha da güclənməsinin, eləcə də Azərbaycanın haqq səsinin dünya birliklərinə çatdırılmasında daha aktiv rol oynamasının önəmindən söz açdı.”

M.Səttarova əlavə etdi ki, biz diaspor nümayəndələri əldə etdi­yimiz uğurlarla kifayətlənməli deyilik, çalışmalıyıq ki, daha mütəşəkkil for­mada fəaliyyət göstərərək, daha aktiv və strateji fəaliyyət quraq ki, səsimiz daha yüksəklərdən eşidilsin.

Daha çox xəbərlər