Ən çox hansı sahələrə və niyə?
Aqrar sektorda verilən subsidiyalar səmərəlidirmi?
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünlərdə keçirilmiş iclasında rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib ki, növbəti ayda kənd təsərrüfatına ayrılan subsidiyalarla bağlı auditin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda istehsalçılara becərdikləri əkinlərə və çoxillik əkmələrə görə, tədarükçülərə təhvil verdikləri pambığın, tütünün və şəkər çuğundurunun miqdarına, süni mayalanma yolu ilə alınmış hər buzova, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın hər kiloqramına, saxladıqları hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, 2021/2022-ci il üçün ümumilikdə 880 min 92 hektar əkin sahəsi üzrə 277 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 173 milyon 365 min manatdan çoxdur. Digər subsidiyaların məbləği barədə məlumat açıqlanmayıb.
Həmçinin ötən il ərzində verilmiş subsidiyalar barədə də yekun məlumat yoxdur. Ancaq məlum olan budur ki, 2021-ci ildə Azərbaycanda təkcə 262 min fermer payızlıq əkinlərinə subsidiya almaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib ki, bu da 2020-ci illə müqayisədə 1,55 faiz çoxdur. Ötən il əkin bəyanı edilmiş sahələr də əvvəlki ilə nisbətən 3,3 faiz artaraq 874 min hektara çatıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin açıqladığı son hesabat 2020-ci ilə aiddir. Burada vurğulanıb ki, 2020-ci ildə, 2019-cu ilin payızında və 2020-ci ilin yazında aparılan əkinlərə, 2020-ci ildə istehsal edib tədarükçülərə təhvil verdikləri pambığın, tütünün və şəkər çuğundurunun miqdarına, 2020-ci ildə süni mayalanma yolu ilə alınmış hər buzova, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına, saxladıqları hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 277,84 milyon manat məbləğində subsidiya verilib.
Sənədə əsasən, ən çox subsidiya əkinlərə və çoxillik əkmələrə görə verilib. Verilmiş ümumi subsidiyaların 83,8 faizi bu istiqaməti əhatə edib. Sonrakı yerdə 10,2 faizlə pambıqçılıq tutub. Belə ki, pambıq emalı ilə məşğul olan şəxslərə təhvil verdikləri 283,62 min ton xam pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 28,361 milyon manat məbləğində subsidiya verilib. Bundan başqa, tütün istehsalçılarına 228,6 min manat, şəkər çuğunduru istehsalçılarına 749,5 min manat, barama istehsalçılarına 2,158 milyon manat, süni mayalanma yolu ilə alınmış heyvanlara görə 8,389 milyon manat, arı ailələri üçün isə 5,017 milyon manat subsidiya ödənilib.
Lakin ötən il Aqrar Subsidiya Şurası fermerlərə əkin subsidiyasının verilməsi ilə bağlı qərara dəyişikliklər edib. Dəyişikliklərdən biri də 2022-ci ildən pambıq, şəkər çuğunduru və tütünə görə əkin subsidiyasının ləğv edilməsidir. Əkin subsidiyasının əvəzində pambıq üçün məhsul subsidiyası 70 faiz, şəkər çuğunduru üçün 3 dəfə, yaş tütün üçün isə 5,2 dəfə artırılıb.
Qeyd edək ki, subsidiyalar “Fermer kartı”larına köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər. Bu, subsidiyaların verilməsində neqativ halların qarşısını almağa xidmət edir.
Nazirlik bəyan edib ki, hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələrini sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir.
Bu amillər, ümumilikdə subsidiyaların verilməsində neqativ halların aradan qaldırılmasına və şəffaflığın təmin edilməsinə hesablanıb. Lakin burada şəffaflıqla bərabər, səmərəlilik də əsas rol oynamalıdır. Söhbət ondan gedir ki, sözügedən audit bir yana, dünya bazarlarında ərzaq məhsullarının qıtlığının yaranması və bundan irəli gələrək qiymət artımlarının davam etməsi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərinin, o cümlədən kənd təsərrüfatı sahəsinə yönəldilmiş subsidiyaların nə dərəcədə səmərəli olduğuna aydınlıq gətirir.

